Məlahət İbrahimqızı: “Vaxtaşırı ictimai nəqliyyatdan da istifadə edirəm” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Məlahət İbrahimqızı: “Vaxtaşırı ictimai nəqliyyatdan da istifadə edirəm” – MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədi Məlahət İbrahimqızının Publika.az-a müsahibəsi


- Məlahət xanım, seçkiyə necə hazırlaşırsınız?


- Seçkiyə ən yüksək səviyyədə hazırlaşırıq. Təbliğat-təşviqat kampaniyası başlayandan bəri qanuna uyğun olaraq seçicilərlə daimi olaraq görüşürük. Lakin seçkilər olduğuna görə digər işlərimizi də bir kənara qoymamışıq. YAP-ın illik planı var və bu planda hər ayın öz təqvimi mövcuddur. Oktyabr ayı üçün təqvimdə 18 oktyabr müstəqilliyimizin bərpası ilə bağlı tədbirlərimiz var idi və işlərimiz hələ də davam edir. Həmçinin, bu ay ərzində 300-dən çox partiya könüllüsü qanvermə aksiyasına iştirak edib.

Rayon ərazisində 20 yanvar küçəsində ağac əkmə kampaniyası keçirmişik, 400-ə qədər həmişəyaşıl ağac əkmişik. Dünən Nəsimi rayon üzrə partiya fəallarımızın müstəqilik günü ilə bağlı futbol turniri başlayıb. Ayın 29-də bu turnir başa çatacaq. Əlillərin sərgisini təşkil etmişik. Bunlar kütləvi tədbirlərdir və belə tədbirlərdə ictimaiyyət nümayəndələri də iştirak edir. Biz də bu cür tədbirlərdə insanlarla daimi təmasda oluruq. Burada qanunvericiliyə zidd əməl yoxdur. Çernobıl, 20 yanvar, Qarabağ əlilləri, şəhid ailələri, həmçinin, təhsil, səhiyyə işçiləri ilə görüşlərimiz olub. Həyətlərdə görüşlər keçirdirik. Qarşıda bir həftə müddət var və bu müddətdə işlərimizi davam etdirəcəyik.


- Namizəd olduğunuz dairədə digər rəqiblərinizin gücünü necə qiymətləndirirsiniz?


- Mənim namizədliyimi partiyamızın sədri, YAP-ın rəhbər heyəti irəli sürüb. YAP-ın rəhbərliyinə, İdarə Heyətinə, Siyasi Şuraya və bütün üzvlərinə mənə 4-cü dəfə etimad göstərdikləri üçün təşəkkür edirəm. Bu böyük etimaddır və mənim üzərimə böyük məsuliyyət qoyur. Bu etimadı doğrultmağa çalışmalıyam. Mən əvvəl Şəmkir rayonundan Milli Məclisə seçilmişdim.

Bu dəfə isə namizədliyim Nəsimi rayonundan irəli sürüb. Bildiyimiz kimi, YAP 600 mindən çox üzvü olan ümumxalq partiyasıdır. Təkcə Nəsimi rayon təşkilatının 27 min üzvü var. Bunun da 35 faizə qədəri Nəsimi rayon ərazisində yaşayır. Yəni, bu, 16 mindən artıq seçici deməkdir. Hər dairəyə də 30 mindən bir qədər artıq seçici düşür. Bu baxımdan, Nəsimi rayonunda hər bir partiya üzvü və onun ətrafı YAP-ın namizədinə səs verirsə, bu mütləq qalibiyyət deməkdir. Mən öz partiyama arxalanıram və uğur qazanacağımıza inanıram. YAP-da çox savadlı, qabiliyyətli gənclər var. Vəkillərimi də məhz bu gənclərdən seçmişəm. Onlar hər görüşdə mənimlə birgə iştirak edir. Partiyamızın təbliğə ehtiyacı yoxdur, lakin vəkillərim “İlhamla İrəli” loqosu olan köynəklər geyinərək təbliğat aparırlar. Bu, həm də rəqiblərimizə mesajdır.

Ümumiyyətlə YAP kimi güclü bir partiyanın üzvü üçün namizədliyini müdafiə etmək və qalib gəlmək asandır. Ona görə də rəqiblərim məni o qədər də maraqlandırmır. Onların hər biri üçün şərait yaradılıb və öz işlərini görürlər. Kimə qismətdirsə, o da olacaq. Lakin YAP iddialıdır və qələbəsinə inanır. İnşallah, bu dəfə də partiyamız qarşıya qoyduğu məqsədinə çatacaq.


- Namizədlər üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?


- Çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, seçkilər azad və şəffaf keçiriləcək. Lakin bir məsələni də qeyd etmək istəyirəm. Namizədlərin təbliği qanunvericiliklə tənzimlənir, sadəcə olaraq, sosial şəbəkələrdə təbliğatla bağlı qanunda müəyyən boşluqlar var. Bundan istifadə edən bir çox namizəd sosial şəbəkələrdə təbliğatlarını aparırlar. Amma YAP-ın hansısa bir namizədi sosial şəbəkələrdə nəsə edəndə rəqib namizədlər bunu əllərində bayraq edirlər. Halbuki, partiyamızın demək olar ki, heç bir namizədi təbliğatı üçün bu vasitədən istifadə etmir. Çünki bizim təbliğata ehtiyacımız yoxdur.

10 ildir YAP-ın Nəsimi rayon təşkilatının sədriyəm. İndiyə qədər heç vaxt mühafizəçi ilə gəzməmişəm, 1997-ci ildən indiyə qədər eyni nömrəni işlədirəm, bütün seçicilərim nömrəmi bilir. Vaxtaşırı ictimai nəqliyyatdan da istifadə edirəm. Qapımız həmişə hər kəsə açıq olub. Respublikanın bütün bölgələrindən mənə müraciətlər olub və hər kəsi qəbul edib dinləmişəm. Gücüm çatan qədər kömək etmişəm, bacarmayanda da bildirmişəm ki, gücüm çatmır. Bu partiyamızın böyüklüyündən, insanlara xidməti əsas şüara çevirməsindən irəli gəlir. Hesab edirəm ki, seçki günü xalq doğru qərar verəcək və hər kəs xalqın iradəsini qəbul edəcək.


- Seçki şüarınız nədir?


- “Yeni hədəflərə doğru” ümumilikdə YAP-ın şüarıdır. Biz yeni hədəflərə doğru gedirik. Mən özüm üçün 2000-ci ildən bu yana qədər olan müddətin analizini aparmışam. Vaxtilə seçici bizdən qaz, işıq, su, məktəb, xəstəxana istəyirdi. Cəmi 10 il ərzində bu problemlərin hamısı həll edildi. Ən ucqar kəndlərə belə qaz verildi, yollar çəkildi, işıq problemi həll edildi, məktəblər, xəstəxanalar tikildi. Misal üçün, Nəsimi rayonunda bütün məktəblər yenidən qurulub. Hazırda cəmi bir məktəb qalıb ki, orada da inşa işləri davam edir. Bölgələrimiz inkişaf edir. Vaxtilə Şəmkir ucqar rayon olaraq bir çox problemlə mübarizə aparırdı. Bu gün hər şey həll edilib. Təsəvvür edin, minlərlə məktəb tikilib deyirik.

Bunu sözdə demək asandır, amma əməldə bu böyük işdir və bütün bu işlər cəmi 10 il ərzində edilib. 10 il tarix baxımından çox az müddətdir. Lakin bu qısa müddətdə Azərbaycan böyük bir inkişaf yolu keçib. Səbəb sadədir, xalqın etimad göstərdiyi insanlar bu xalqa xidmət ediblər. Vaxtilə xalq ümummilli lider Heydər Əliyevə səs verməsəydi, indi Ukraynadan da betər günlər yaşaya bilərdik. Hələ mən Yaxın Şərqi, Suriyanı demirəm. Ona görə də Azərbaycan xalqı qədirbiləndir və xalqımız bu seçkilərdə də öz sözünü deyəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm