• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Amerika nəşri: “Erməni ordusunda itkilərin sayı beş dəfə artıb”

  • Nida.az
  • 24 Oktyabr 2015 20:36
  • 1 373 Baxış
Amerika nəşri: “Erməni ordusunda itkilərin sayı beş dəfə artıb”

“Azərbaycan və Ermənistanın təmas xəttində qurbanların sayı artır. Bu tendensiya Ermənistanın bəzi sakinlərini Rusiya ilə onların ölkəsinin strateji münasibətlərinə yenidən baxmağa məcbur edir”.

Publika.az xəbər verir ki, bu sözlər ABŞ-ın “EurasiaNet” nəşrinin “Moskva təhlükəsizlik sahəsində İrəvana kömək etməyə nə qədər hazırdır?” başlıqlı yazısında yer alıb.

Nəşr qeyd edir ki, 2013-cü ildən Ermənistan ordusunda döyüş itkilərinin sayı beş dəfə artıb. Cari ilin ilk doqquz ayı ərzində 31 erməni əsgərinin öldüyü bildirilir. “Təmas xəttində 2014-cü ildə 28 hərbi qulluqçu həyatını itirib”, - Amerika nəşri erməni tərəfinin hərbi itkilərini qiymətləndirir.

Yazıda bildirilir ki, Ermənistan sakinləri ölkənin şimalında – Gümrü şəhərində hərbi bazası olan Rusiyaya ənənəvi müttəfiq kimi baxsalar da, Dağlıq Qarabağ ətrafında gərginliyin artması fonunda bəzilərində suallar yaranmağa başlayıb: Moskva Ermənistanın maraqlarını müdafiə etməyə hazırdırmı?

“Belə bir təəssürat yaranır ki, Rusiya region ölkələri ilə strateji əməkdaşlığın qaydaya salınması sahəsində öz azadlığını məhdudlaşdırmaq istəmir. Moskva Serj Sarkisyanın administrasiyası və onun tərəfdarlarına çatdırmağa çalışır ki, Rusiyadan çox şey gözləmək lazım deyil”, - “EurasiaNet” nəşri qeyd edir.

2015-ci ilin yanvar ayında Avrasiya İqtisadi İttifaqına daxil olan Ermənistanın bu addımı rəsmi İrəvan tərəfindən bu şəkildə əsaslandırıldı ki, ittifaqa giriş ölkənin təhlükəsizliyini gücləndirəcək. Amma ermənilərin əksəriyyəti özlərini hazırda daha təhlükəli vəziyyətdə hiss edirlər. Bu vəziyyət xüsusilə iqtisadi sahədə özünü göstərir. Məsələn, rəsmi məlumatlara görə, 2015-ci ilin ilk altı ayına Rusiyaya ixrac ötən illə müqayisədə 35, Rusiyadan idxal isə 12 faiz azalıb. Ermənistan büdcəsi üçün həyatı əhəmiyyət daşıyan pul köçürmələri də xeyli azalıb. Avqust ayında olan məlumata görə, ölkəyə pul köçürmələrinin həcmi əvvəlki ayla müqayisədə 49 faiz azalaraq 71,3 milyon dollar təşkil edib. Bunun təxminən 70 faizi Rusiyadan göndərilib.

Respublikanın bəzi sakinləri hesab edirdilər ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə iqtisadi yaxınlaşmadan başqa, bu bloka giriş Ermənistanın təhlükəsizliyinin təmin olunmasına Rusiyanın cəlb olunmasını təmin edəcək. Amma Ermənistanın xarici işlər naziri Şavarş Koçaryan sentyabrda qəti şəkildə bildirdi ki, əhalinin gözləntilərinin heç bir əsası yoxdur.

Bəzi analitiklərin fikrincə, Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqına üzv olmadan əvvəl belə təəssürat yaratmışdı ki, quruma üzvlük Rusiyanın hərbi dəstəyi təmin edəcək. “Hökumət “təhlükəsizlik” terminindən istifadə etdi. Çünki insanlara aydındır ki, müdafiə məsələsi Ermənistan üçün çox əhəmiyyətlidir”, - politoloq Saro Saroyan qeyd edib.

Rusiya məmurları isə “Qarabağ müharibəsində Kreml Ermənistan, yoxsa Azərbaycanın tərəfində olacaq?” sualına cavab verməkdən yayınırlar. Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da dəfələrlə İrəvana siqnallar göndərib ki, qurum Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini müdafiə etməyə hazırdır. Ermənistan tərəfindən işğal olunan Dağlı Qarabağ və ətraf rayonlar isə beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanı müdafiə etmək üçün heç bir qanuni əsasa malik deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR