“Müsavat seçkilərə pul qazanmaq üçün gedirdi” - REAKSİYA
Bizi izləyin

Nida.az

“Müsavat seçkilərə pul qazanmaq üçün gedirdi” - REAKSİYA

Müsavat Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina etdi. Partiyanın əvvəlcə seçki marafonuna qoşulması, namizədlərinin qeydiyyata alınmasından sonra təbliğat-təşviqat kampaniyasına başlaması, daha sonra seçkiyə sayılı günlər qalmış imtina etməsi suallar doğurur.


Müsavat başqanının sabiq müşaviri, ADR hərəkatının sədr müavini Səxavət Əlisoy Publika.az-a açıqlamasında bildirib ki, Müsavat Partiyası əvvəlcədən seçkidə uğur qazanmaq gücündə olmadığını anlayırdı: “Cəmiyyət indiki Müsavatın hansı gücə sahib olduğunu yaxşı bilir. Sadəcə olaraq, onlar düşünürdü ki, Milli Məclisdə bir mandat qazansalar, qanunvericiliyə uyğun olaraq partiya dövlət büdcəsindən maliyyələşəcək. Bunu partiyada gedən söhbətlərdən də anlamaq mümkün idi. Yəni bu adamları düşündürən millət vəkili olmaq, yaxud ölkənin inkişafı üçün qanun layihələri ilə çıxış etmək yox, sadəcə pul qazanmaq idi. Son anda qalib gələ bilməyəcəklərini gördükləri üçün geri çəkildilər”.


S. Əlisoy qeyd edib ki, Müsavat Partiyasının seçkidə iştirakdan geri çəkilmələrinin səbəbi olaraq açıqladığı məqamlar köhnə nağıllardır: “Bu nağılları illərdir danışırlar, indi də ortaya atıblar”.


Müsavat üzvü, “Ağ blok”un təsisçisi Tural Abbaslı da partiyasının bu addımını tənqid edib: “Məqsədi hakimiyyətə gəlmək olan bir siyasi təşkilatın seçkiləri boykot etməsi doğru qərar deyil. Mən həmişə boykotun əleyhinə olmuşam. Boykotun seçkilərə hüquqi baxımdan da təsiri olmayacaq. Çünki parlament seçkilərində yetərsay limiti yoxdur. Digər tərəfdən, Müsavat Divanının bu qərarı regionlardan namizəd olmuş partiya namizədlərini pis vəziyyətdə qoyacaq. Çünki onlar insanlardan imza toplayıb, həmin insanlar qarşısında öhdəlik götürüblər və birdən bu etimada hörmətsizlik göstərilir”.


T. Abbaslı qeyd edib ki, əvvəlcədən iştirak etmək barədə qərar verib sonradan geri çəkilmək partiyadakı qeyri-stabillikdən xəbər verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm