Krım qərarı Rusiyaya nələr vəd edir? - Təhlil
Bizi izləyin

Nida.az

Krım qərarı Rusiyaya nələr vəd edir? - Təhlil

“Pandora qutusu”nu Rusiya öz əli ilə açıb” – Krım qərarı Rusiyaya nələr vəd edir?

“Rusiyanın Ukrayna üzərindəki təsirinin hər keçən gün daha da artdığının şahidi oluruq. Krım Muxtar Respublikasının Ukraynadan ayrılmaq üçün referendum keçirməsi və referendumdan sonra da Rusiya ilə birləşmək üçün müraciət etməsi bölgədəki bütün tarazlıqları alt-üst edəcək bir sıra hadisələri özü ilə gətirməkdədir”.

Publika.Az – ın verdiyi xəbərə görə, bu sözlər Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, millət vəkili Sinan Oğanın Krım hadisələri ilə bağlı yazısında yer alıb.

Ukraynanın Krım tatarlarına görə peşmançılığı

TÜRKSAM rəhbəri hesab edir ki, Krım tatarlarının tarixi ana torpaqlarına dönməsinə çətinliklər yaradan Ukrayna rəhbərliyi son hadisələrdən sonra nə qədər səhv etdiyini anlayıb:

“Ukrayna rəhbərliyi Krım tatarlarının yarımadada artmasının Krımın sığortası anlamına gəldiyini başa düşməli idi. Çünki, Krım tatarlarının Ukraynadan ayrılma kimi bir istəyinin olmadığı kimi, Türkiyənin də Krım tatarlarını özünə birləşdirmək kimi bir arzusu yoxdur. Türkiyə üçün vacib olan Krım tatarlarının tarixi vətənlərinə dönərək normal bir vətəndaş kimi yaşaması və Ukraynaya bağlı olan Krım Muxtar Respublikasının Rusiya, eləcə də başqa ölkələrin təsirinə düşməsinə maneə olmaqdır. Buna görə də lap əvvəldən Krım tatarlarının bölgəyə qayıtmasına maneə olmamaq lazım idi. Amma təəssüf ki, Ukrayna bunu etmədi, əks halda ruslar bu qədər rahat şəkildə Krımda referendum keçirə bilməzdilər”.

BMT-nin ərazi bütövlüyü prinsipi zəiflədi

S.Oğan Kosovanın müstəqilliyini elan etməsi, bundan sonra isə Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ilə BMT-nin ərazi bütövlüyü prinsipinin zəiflədiyini qeyd edir:

“2008-ci ildəki hadisələri qiymətləndirəndə həm Kosovanın müstəqilliyinin Qərb tərəfindən tanınması, həm də Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra BMT-nin ərazi bütövlüyü prinsipinin əhəmiyyətli dərəcədə zəiflədiyini bildirmişdik. Həm də vurğulamışdıq ki, Rusiyanın özü 21 muxtar respublika və bölgəyə, Çeçenistan kimi müstəqil düşüncəli silahlı hərəkata sahibdir və bu halda Rusiyanın özünün ən çox ərazi bütövlüyünə ehtiyacı var. Bu baxımdan 2008-ci ili qiymətləndirəndə bunu söyləmişdik: Rusiyanın qısamüddətdə Krımın və Moldovadakı Dnestryanı ərazinin müstəqilliyini dəstəkləmə arzusu ola bilər. Amma Dağlıq Qarabağ bölgəsinin müstəqilliyininin tanınması və ya dəstəklənməsi mövzusunda isə çox istəkli davranmayacaq. Bununla belə qeyd etmişdik ki, qısamüddətli perspektivdə Rusiyanın bu tanıma qərarından qazanclı çıxdığı görünsə, orta və uzunmüddətli perspektivdə Rusiyanın özünün ərazi bütövlüyünə ehtiyacı olduğundan bu qərardan ən çox özü zərər görə bilər. Gələcəkdə Rusiyanın ərazi bütövlüyü qarşısındakı ən böyük maneənin Krım nümunəsi olacağını unutmamaq lazımdır. Əslində, səhv Kosova, Abxaziya və Osetiya kimi nümunələrdən qaynaqlanıb. Amma unutmaq lazım ki, bu cür qərarların qəbulu zamanı qısamüddətli perspektivi deyil, daha çox orta və uzunmüddətli perspektivi qiymətləndirmək lazımdır. Bundan sonra 21 muxtar respublika və bölgəyə sahib olan Rusiya Federasiyası Tataristanın müstəqilliyini elan etməsi və bunu referenduma aparmasının qarşısını hansı səbəblə alacaq? Rusiya, Cənub Osetiya, Abxaziya və Krım qərarından sonra öz ərazi bütövlüyünü birbaşa risk altına salıb”.

Pekin özünü çətinliyə saldı

TÜRKSAM rəhbəri Krım məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə Çinin sərgilədiyi davranışın da diqqətçəkən olduğunu bildirir. S.Oğan hesab edir ki, Rusiyanın qınanması qərarına Rusiyanın veto qoymasından sonra Çinin bu məsələdə bitərəf qalması da Pekinin əlini gələcəkdə zəiflədəcək. Yazı müəllifinin fikrncə, Rusiya ilə əlaqələrini pozmaq istəməyən Çin Şərqi Türkistan kimi bölgələrlə bağlı özünü çətinliyə salıb:

“Çindən ayrılması danışılan bu bölgələrin taleyi BMT-yə gələndə Çinin davranışı necə olacaq? Yenə də bitərəf qalacaq, yoxsa veto qərarı verəcək? Bütün bunlara baxanda deyə bilərik ki, Krım referendumu Rusiya üçün bir qisas halına gəlib. Nəyin qisası olduğunu çox açıq şəkildə ifadə etmək lazımdır, Krım Kosovanın qisasıdır. Çünki Rusiya həmin vaxt Kosovanın müstəqilliyinin BMT-nin ərazi bütövlüyü prinsipini zəiflədəcəyini söyləmişdi. Görünən odur ki, Rusiya Kosovanın qisası üçün ən uyğun bölgə olaraq Krımı seçib”.

“Pandora qutusu”

Krım yarımadasının Rusiyanın nəzarətinə keçməsinin Rusiyanın Qara dənizdə əhəmiyyətli bir mövqe qazanacağı anlamına gəldiyini vurğulayan türkiyəli millət vəkili dənizdəki iqtisadi sahələrin yenidən bölünməsi məsələsinin gündəmə gələcəyini qeyd edib.

“May ayında keçirilməsi planlaşdırılan Ukrayna prezident seçkiləri üçün Rusiya əlindəki bütün kartlarını öz siyasi planı çərçivəsində bütün manevrləri ilə birgə həyata keçirməkdədir. Amma Rusiya çox təhlükəli bir oyun oynayır və bu təhlükəli oyun nəticəsində Rusiyanın Krım qərarı qarşıdakı müddətdə Şimali Qafqazdan Tatarıstana qədər olan bölgənin Rusiyadan ayrılmasına imkan yaradacaq prosesləri özü ilə gətirə bilər. Eyni zamanda Uzaq Şərqdə də bənzər prosesləri və buna Qərbin dəstək verməsini də gözləmək olar. Krım sanki “Pandora qutusu” halına gəlib. “Pandora qutusu”nu Rusiya öz əli ilə açıb. 21 muxtar bölgəsi olan bir ölkənin başqa bir muxtar bölgənin başqa bir ölkədən ayrılmasını dəstəkləməsi hər halda Putin baxımından həyatının qumarı, yaxud da Putin üçün rus ruleti olduğunu da ifadə etmək lazımdır”, - TÜRKSAM-ın rəhbəri sonda bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm