• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Əli Həsənov: “Seçkinin legitimliyini müəyyən edən Azərbaycan vətəndaşlarıdır” - ÖZƏL

  • Nida.az
  • 1 Noyabr 2015 11:04
  • 344 Baxış
Əli Həsənov: “Seçkinin legitimliyini müəyyən edən Azərbaycan vətəndaşlarıdır”  - ÖZƏL

“Hesab edirəm ki, parlament seçkilərini izləmək üçün kifayət qədər müşahidəçi gəlib”.

Bu fikirləri Publika.az-a eksklüziv açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, hazırda seçkilərdə 500-ə yaxın xarici müşahidəçi, o cümlədən ölkə daxilindəki partiyaların müşahidəçiləri iştirak edir: “Ümumi müşahidəçilər, müşahidə missiyaları hamısı gəlib yerləşiblər. Bu gün axşama qədər müşahidələr aparılacaq. İnşallah, seçkidə ciddi qanun pozuntusu olmayacaq. Əlbəttə, heç bir seçki bu və ya digər neqativ hallardan sığortalanmayıb. Hər bir dövlət və onun seçki institutları çalışır ki, seçkilər maksimum şəffaf, ədalətli, qanunlar və Seçki Məcəlləsinin tələbləri çərçivəsində keçirilsin. Düşünürəm ki, buna da nail olacağıq. Bu il seçiləcək deputatlar bizim parlament ənənələrini davam etdirəcək, indiyədək Azərbaycanda parlamentin tamamlaya bilmədiyi işləri tamamlayacaqlar. Azərbaycan dövləti və dövlətçiliyi getdikcə möhkəmlənəcək, parlament də bu prosesdə öz rolunu oynayacaq”.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiyə gəlməməsi seçkilərin legitimliyini şübhə altına sala bilərmi” sualına cavabında Prezident köməkçisi bildirib ki, hər bir seçkinin əsas ölçü meyarı seçkidə iştirak edən insanların rəyidir: “Bizim üçün seçkinin legitimliyini müəyyən edən Azərbaycan vətəndaşları, seçicilərdir. Əgər Azərbaycan seçiciləri azad və demokratik şəkildə, heç bir kənar təsir olmadan öz seçici iradələrini ifadə edə bilirlərsə və onların ifadə etdiyi iradə mövcud qanunlar çərçivəsində reallaşdırılırsa, Azərbaycan xalqının da inamını qazanırsa, bizim üçün legitimlik ölçüsü budur. O ki qaldı bu və ya digər beynəlxalq təşkilatların Azərbaycanda seçkiyə verdiyi rəyə, əlbəttə, bu da müəyyən əhəmiyyət kəsb edir. Çünki biz beynəlxalq tərəfdaşlarımızla müəyyən məsələlərdə ortaq dəyərlər axtarırıq, istəyirik ki, onlar da seçkiləri müşahidə eləsin. Azərbaycanda lazım olan qədər müşahidəçilər var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyətinə gəlincə, bu Büro neçə illərdir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı həmişə qərəzli mövqedən çıxış edir. Bu dəfə də Azərbaycan hökuməti ilə onlar arasında seçki müşahidəsinin metodologiyası arasında yaranan ayrı-seçkilik ona gətirib çıxardı ki, bu təşkilat öz iddialarından geri çəkilmədi və müşahidə missiyasındann imtina etdi. Özləri bilər. Azərbaycan kimi kiçik dövlətə 600-700 müşahidəçi ilə gəlmək onların qərəzli münasibətindən irəli gəlir. Türkiyə kimi 80 milyonluq əhalisi olan böyük dövlətlərə 100-150 nəfərlə müşahidəçi aparırlar. Amma cəmi 5 milyon seçicisi, 10 milyona yaxın əhalisi olan Azərbaycana bunların 600-700 nəfərlə daxil olması bizim üçün anlaşılmazdır. Əvvəla, bu, kifayət qədər maddi problemlər yaradır. Digər tərəfdən onların yerləşdirilməsi və başqa məsələlər var. Biz düşünürük ki, demokratik seçkini müşahidə etmək üçün heç müşahidəçilərin sayı önəmli rol oynamır. Burada yaradılmış şərait, seçicilərin seçkidən razılığı və seçki monitorinqini aparan qrupların məsələyə münasibəti əsasdır. Odur ki, biz düşünürük ki, bu institutun Azərbaycana gəlməməsinin ölkəmizdə seçkilərin demokratikliyi və ya qeyri-demokratikliyinə heç bir bağlılığı yoxdur. Bunlar sadəcə olaraq öz subyektiv mülahizələri çərçivəsində bu addımı atıblar. Olsun, Azərbaycan beynəlxalq təşkilatlarla əlaqə qurur, onlarla tərəfdaşlıq münasibəti yaradır, ona görə ki, bizim xalqın iradəsini onlar da görsünlər, Azərbaycan xalqının əldə etdiyi dəyərlərə, demokratik seçki nailiyyətlərinə hörmətlə yanaşsınlar. Yanaşmırlar, biz də adekvat münasibət göstərəcəyik”.

Nərgiz Ehlamqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR