Mətbuat Şurası seçki ilə bağlı yekun rəyini açıqladı
Bizi izləyin

Nida.az

Mətbuat Şurası seçki ilə bağlı yekun rəyini açıqladı

Azərbaycan Mətbuat Şurasının (MŞ) 1 noyabr parlament seçkiləri ilə əlaqədar yaratdığı "qaynar xətt" və Şuranın İdarə Heyətinin üzvlərindən, həmçinin quruma üzv kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət monitorinq qrupu fəaliyyətini başa vurub.

MŞ-dan Publika.az-a verilən məlumata görə, saat 08.00-dan 19.00-dək olan müddətdə jurnalistlərin parlament seçkisini işıqlandırmalarına hər hansı maneə faktı qeydə alınmayıb, media mənsubları seçki məntəqələrində sərbəst şəkildə vəzifələrini icra ediblər.

MŞ-nin monitorinq qrupu məntəqələrdə bunun üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeydə alıb. Şuranın “qaynar xətt”inə cəmi bir müraciət daxil olub. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının yaxından köməkliyi ilə “Report” İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq operativ şəkildə aradan qaldırılıb.

Gün ərzində MŞ sədrinin müavinləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 8 saylı Binəqədi I seçki dairəsinin 3, 9,20 və 26, 9 saylı Binəqədi II seçki dairəsinin 11, 12 və 15 saylı məntəqələrində, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 29 Səbail seçki dairəsinin 1, 2, 3, 5, 10, 15, və 19 saylı seçki məntəqələrində, 30 saylı Suraxanı I seçki dairəsinin 13, 14, 18 və 23 saylı məntəqələrində, MŞ İdarə Heyətinin üzvlərindən “Bakı xəbər” qəzetinin baş redaktoru 26 saylı Sabunçu I seçki dairəsinin 5, 9 və 15 saylı məntəqələrində, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 41 saylı Sumqayıt I seçki dairəsinin 5, 20, 21 və 22 saylı seçki məntəqələrində, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət 34 Xətai II seçki dairəsinin əksər məntəqələrində, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 saylı Yasamal I seçki dairəsinin 2, 4, 9, 11 və 16 saylı məntəqələrində, 33 saylı Xətai I, 34 saylı Xətai II, 35 saylı Xətai III, 36 saylı Xətai IV seçki dairələrinin bir çox seçki məntəqələrində, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev 21 saylı Nəsimi I seçki dairəsinin 1, 10, 11, 15, 16 və 24 saylı seçki məntəqələrində, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 11 saylı Qaradağ, 10 saylı Binəqədi III, 16 saylı Yasamal II, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı 28 saylı Sabunçu III, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli 22 saylı Nəsimi II, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 35 saylı Xətai III, 19 saylı Nərimanov I və 20 saylı Nərimanov II, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl 8 saylı Binəqədi I və 9 saylı Binəqədi II seçki dairələrinə daxil olan məntəqələrdə seçkini gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlə tanış olublar.

MŞ “qaynar xətt”inə gün ərzində bəzi deputatlığa namizədlərin seçki qərargahlarından müraciətlər daxil olub. Müraciət müəllifləri mübarizə apardıqları dairədəki digər namizədlərin müxtəlif media vasitələrindən yararlanaraq təbliğat və əks-təbliğat işləri apardıqlarını vurğulayıblar. Bu baxımdan eyni dairə ərazisindəki seçki məntəqələrində bir internet informasiya resursunun çoxsaylı əməkdaşının mövcudluğuna, onların seçicilərlə təmaslarda media mənsubu kimi deyil, namizədin tərəfdarı olaraq davranmalarına dair məqamlar qabardılıb. Müraciətlərdə həmçinin ayrı-ayrı saytların materiallarında yol verildiyi iddia edilən qanun pozuntusunun konkret namizədin (ad çəkilməklə) xeyrinə aparıldığının bildirilməsi də narazılıq doğurub.

MŞ bunları nəzərə alaraq jurnalistləri parlament seçkilərində ədalətli rəqabətə maneçilik törədən fəaliyyətdən uzaq durmağa, tərəfsiz mövqedən çıxış etməyə səsləyib. Qurumun məsələ ilə əlaqədar mövqeyi bundan ibarət olub ki, jurnalistikanın hazırkı işi ölkə ictimaiyyətini seçkinin gedişinə dair obyektiv və qərəzsiz məlumatlandırmaqdan ibarətdir. Mövcud xüsusda diqqət və riayət edilməli başlıca məqam media fəaliyyətinin Azərbaycan Respublikasının seçki qanunvericiliyində, habelə digər rəsmi sənədlərdə əksini tapmış müddəaları və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsipləridir. Şura jurnalistləri qarşıdakı günlərdə də parlament seçkisi ilə bağlı məsələlərə peşə prinsiplərinin tələbləri çərçivəsində münasibət göstərməyə çağırır.

Ümumən Azərbaycan mediası 1 noyabr parlament seçkisini yüksək səviyyədə işıqlandırıb. Ölkə jurnalistləri prosesin əvvəlindən başlayaraq fəallıq nümayiş etdiriblər, mühüm taleyüklü hadisəyə həssas yanaşmaları ilə seçiliblər. Bu cəhət yayımlanmış informasiyaların kəmiyyət və keyfiyyətində əksini tapıb. Materialların mütləq əksəriyyətində peşə prinsiplərinə riayət edilərək tam tərəfsizlik gözlənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm