“Parlament-2015” ikinci hesabatı: Seçkilər yüksək səviyyədə keçirilib
Bizi izləyin

Nida.az

“Parlament-2015” ikinci hesabatı: Seçkilər yüksək səviyyədə keçirilib

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası bu gün noyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin monitorinqinə dair ikinci hesabatını açıqlayıb.

Koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov hesabat barədə məlumat verərəkən bildirib ki, monitorinqi həyata keçirmək üçün 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinin ərazisinə ezam edilib.

Onun sözlərinə görə, seçki prosesinə başlanılandan səsvermə günündən bir neçə gün əvvələ qədər bütün proseslər müşahidə olunub, bununla bağlı Koalisiyanın ilkin hesabatı oktyabrın 29-da geniş ictimaiyyətə açıqlanıb: “İndi isə Koalisiyanın ikinci hesabatı açıqlanır. Ümumilikdə V çağırış Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar koalisiya 3 hesabat hazırlayıb ictimaiyyətə təqdim etməlidir. İndiki hesabat sayca ikincidir və səsvermə günündən 2-gün öncəni, səsvermə gününü, o cümlədən bülletenlərin seçicilərə verilməsi, qeydiyyatın aparılması, səsvermə, səsvermənin yekunu, səslərin sayılması, protokolların hazırlanması və sairi əhatə edir. Sonuncu üçüncü hesabat isə bir neçə gün bundan sonra açıqlanacaq. Ümumilikdə Koalisiya 118 seçki dairəsində 500 nəfər müşahidəçi ilə müşahidələr aparıb. 90 seçki dairəsinin hər birində 4, digərlərində 5 nəfər müşahidəçi seçki prosesini müşahidə edib.

Müşahidəçilərdən ibarət qruplara Koalisiyaya daxil olan QHT sədrləri rəhbərlik ediblər. Bir qədər əvvəl qeyd etdiyim kimi, səsverməyə hazırlıq, səsvermə, bülletenlərin verilməsi, səslərin sayılması, protokolların yazılması və yekunlar müşahidə olunub. Seçki prosesində bu mərhələlərin hər birini müşahidə etmişik”.

R.Qonaqov deyib ki, Azərbaycanda növbəti parlament seçkiləri yüksək səviyyədə keçib. Onun sözlərinə görə, bütünlükdə seçki prosesində ciddi qanun pozuntusu sayılacaq, ümumilikdə səsvermənin ruhuna təsir edə biləcək hər hansı hadisə baş verməyib: “Səsvermə günü bəzi kiçik pozuntular qeydə alınıb ki, bu da normaldır və seçkinin nəticələrinə təsir göstərmir. Mərkəzi Seçki Komissiyası gecə saat 2 radələrində ilkin nəticələri açıqlayıb. Bununla bərabər, seçkilərdə “exit-poll” tədqiqatı keçirən təşkilatlar da öz nəticələrini MSK-dan qabaq açıqlayıblar. Həmin nəticələrin hər biri tərəfimizdən təhlil olunub. Tam əminliklə deyə bilərəm ki, həm “exit-poll”un, həm də MSK-nın açıqladığı nəticələr arasında ciddi fərq yoxdur”.

Mətbuat konfransında Koalisiyaya daxil olan digər təşkilat rəhbərlərindən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov, Tətbiqi Tədqiqatlar Fondunun (TTF) sədri İbrahim Əliyev, Qarabağ Araşdırmalar Mərkəzinin (QAM) sədri, politoloq Elçin Əhmədov, Azərbaycan Tələbələr Birliyinin (ATB) sədri Elvin Aslanov da monitorinqin ayrı-ayrı mərhələləri ilə bağlı nəticələri açıqlayıblar.

Bəxtiyar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm