• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Leonid Slutski: “ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir”

  • Nida.az
  • 2 Noyabr 2015 15:53
  • 341 Baxış
Leonid Slutski: “ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir”

“Bundan öncə Azərbaycanda keçirilən bütün seçkilərin monitorinqi seçki təcrübəsinin təkmilləşdiyini göstərib. Seçkilər seçicilər və seçki komissiyalarının üzvləri üçün rahat keçir. Artıq öncəki seçkidə seçki qutularından tutmuş seçki məntəqəsinin təşkilini əhatə edən seçki texnologiyası prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı bütün beynəlxalq standartlara cavab verib”.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri, MDB Parlament Assambleyasının müşahidə missiyasının koordinatoru Leonid Slutski deyib.

Azərbaycanı ardıcıl inkişaf edən və artım müşahidə olunan iqtisadiyyata malik ölkə kimi xarakterizə edən L. Slutski qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti ölkə rəhbəri İlham Əliyev, onun atası Heydər Əliyevin işini davam etdirərək ardıcıl şəkildə yürütdüyü siyasət ətrafında birləşib. Onun sözlərinə görə, bütün bunları o və Rusiya Dövlət Dumasındakı həmkarları Azərbaycan xalqının rifahına, iqtisadiyyat və sosial sahəsinin inkişafına yönəlik böyük prezident proqramının tərkib hissəsi kimi qəbul edir.

L. Slutski həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə etməmək qərarına toxunub: “Bu qərarı ən azından qəribədir. Halbuki DTİHB vaxtilə ATƏT məkanında müxtəlif səviyyəli seçkilərin demokratikliyini müşahidə etmək üçün yaradılmışdı”.

Qərbin Azərbaycana qarşı münasibətinə gəldikdə isə rusiyalı deputat Azərbaycan dövləti rəhbərinin müstəqil siyasətinin Qərbdə müəyyən dairələri razı salmadığını, həmin dairələrin davranışları ilə özlərini bugünkü Azərbaycanın və Azərbaycan rəhbərliyinin yürütdüyü kursun opponentləri kimi göstərdiyini bildirib: “Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, biz bu xətti qeyri-obyektiv və destruktiv hesab edirik. Çünki bu xətt Azərbaycan rəhbərliyinin Azərbaycanın postsovet məkanında ən inkişaf etmiş ölkə olmasına, Xəzər regionunda və regiondan kənarda ən ciddi tərəfdaşa çevrilməsinə yönəlik addımlarını dəstəkləmək əvəzinə istənilən uğurlarını tənqid və qeyri-obyektiv qətnamələrin qəbulu üçün predmet kimi təqdim olunur”.

L. Slutskinin fikrincə, Milli Məclisə seçkilər Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin prezidentin yürütdüyü kursun, dövlət başçısının ətrafında birləşməsini və şübhəsiz ki, bu gün tətbiq olunan seçki texnologiyalarının müasirliyini nümayiş etdirəcək: “DTİHB-yə isə sadəcə çatmayacaq, çünki o yoxdur. Neqativ yoxdursa, DTİBH-dən olan həmkarlar da güman ki, belə qərara gəldilər ki, Azərbaycana getməyə ehtiyac yoxdur. Çünki çətin olacaq. Hər dəfə barmaqdan neqativ sormaq daha da çətinləşəcək. Əslində bu neqativ mövcud da deyil. Qaranlıq otaqda qara pişik axtarmaq çətindir, xüsusən də o orada yoxdursa”.

Azərbaycanın uğurlarının, xüsusən də seçki təcrübəsinin inkar edilməsini DTİHB-dən olan həmkarlarına yaraşdırmadığını deyən L. Slutski qeyd edib ki, bununla da bugünkü DTİHB Azərbaycanın imicinə, MSK-ya qarşı deyil, özünə qarşı işləyir. “ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir. Bu mövqe DTİHB-ni gözdən salır və deməyə əsas verir ki, bugünkü DTİHB artıq tükənib. DTİHB siyasi sifarişləri yerinə yetirmək əvəzinə obyektiv, qərəzsiz və peşəkar qiymətləndirmə, o cümlədən ATƏT ölkələrində müxtəlif səviyyəli seçkilərin qiymətləndirilməsi üçün işləməlidir”, - deyə o vurğulayıb.

Rusiyalı deputatın sözlərinə görə, bu gün Azərbaycan dövləti və cəmiyyəti o qədər ardıcıl inkişaf edir ki, bunu hansısa yolla inkar etmək cəhdləri Azərbaycana qarşı deyil, bu siyasəti həyata keçirməyə çalışan beynəlxalq təşkilatlara və strukturlara qarşı işləyir. O qeyd edib ki, Milli Məclisə seçkilər Azərbaycan dövlətinin bugünkü uğurlarının, o cümlədən seçki qanunvericiliyi səviyyəsinin və onun demokratik seçkilərin beynəlxalq hüquqi standartlarına uyğunluğunun etiraf edilməsində növbəti mərhələ olacaq.

“Bu gün Azərbaycan dövləti və cəmiyyəti istənilən insinuasiyalardan və gerçəkliyi inkar etmək cəhdlərindən güclüdür. Əminəm ki, bu, demokratik yolla seçilmiş parlament olacaq və Rusiya üçün dost, qardaş ölkədə parlamentarizmin inkişafına xidmət göstərməkdə davam edəcək. İnanıram ki, Azərbaycana qarşı, habelə parlament seçkilərinə qarşı istənilən çirkli və əsassız böhtanlar istənilən beynəlxalq meydançalarda fiaskoya uğrayacaq. Bu cür cəhdlər artıq iflasa uğrayıb”, - deyə o vurğulayıb. (apa)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR