Araz Əlizadə: “Söz verirəm, telefon nömrəmi də dəyişməyəcəm” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Araz Əlizadə: “Söz verirəm, telefon nömrəmi də dəyişməyəcəm” – MÜSAHİBƏ

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə bağlı 5 547 seçki məntəqəsindən daxil olmuş protokol məlumatları əsasında yekun nəticələri açıqladı. Rəsmi məlumatlara əsasən 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 47,3 faizlə irəlidədir.

ASDP sədri Publika.az-a müsahibəsində seçki marafonundan, habelə digər məsələlərdən söhbət açdı:

- İlk öncə mənə dəstək verən hər kəsə, o cümlədən sizlərə təşəkkür edirəm. Bu, təkcə mənim yox, məni unutmayan jurnalistlərin qələbəsidir. Hər birinizə minnətdaram.

- Seçki marafonu necə keçdi?

- Normal, heç kim bizə mane olmadı, namizədlərimiz qeydə alındı. ASDP-nin namizədləri seçkidə iştirak etdilər. Lakin mənim əsas rəqibim İqbal Ağazadə özünü qeyri-adi aparırdı. O, seçiciləri satın almaq istəyirdi. Səlahiyyətli nümayəndəmi qorxutmaq üçün onun evinə iki adam göndərmişdi. Mən bir qadının evinə gedib ona hədə-qorxu gələnləri kişi adlandıra bilmərəm. Polis onları yaxaladıqda məlum oldu ki, bu şəxslər İqbal Ağazadənin qardaşı İlqar Ağazadənin zavodunun işçiləridir. Özləri də etiraf etdilər ki, onlara həmin evin ünvanını verən və ora göndərən İqbal Ağazadədir. Həmin şəxslərin işini polis araşdırır.

Bütün bunlar bir yana, onun səlahiyyətli nümayəndəsi DSK-ya Eynulla Fətullayevin adından saxta məktub təqdim edib. Araşdırdıqda məlum oldu ki, bu, Eynullanın imzası deyil. Axı Eynulla bir zamanlar partiyamızın üzvü olub. Onun imzası bizdə var. Bu səbəbdən hüquq-mühafizə orqanlarına rəsmi müraciət etdik.

- Konkret hara müraciət etmişiniz?

- Xətai rayon prokurorluğuna. Bildirmişik ki, bu şəxs dairə seçki komissiyasına saxta məktub təqdim edib.

- Prokurorluqdan hansı cavab gəlib?

- Onlar bunu polisə göndəriblər. Oradan isə hələ cavab gəlməyib. Amma mən bu məsələlərdə sona qədər gedəcəyəm, hər şeyi araşdıracağam. Seçki bitib. Amma İqbal hər yerdə bağırır, yaxasını cırır ki, qələbə mənimdir, səsləri oğurlayıblar. Bu adam həmin komissiyanın rəhbərliyinin, üzvlərinin iştirakı ilə 3 seçkidə qalib gəlib. Sual olunur, əvvəlki seçkilər necə keçmişdi, demokratik, ya saxta? İnsan qalib gəlməyi, ya da uduzmağı kişi kimi bacarmalıdır.

- Yəqin ki, qələbə münasibətilə sizi ilk təbrik edənlər arasında keçmiş prezident Ayaz Mütəllibov da var.

- Bəli, səhər tezdən zəng edib təbrik etdi. İlk təbrik edənlərdən biri də o idi.

- İlk vədiniz..?

- Seçildiyim dairədə ofis tutacağam. Həmin qərargahın qapısı səhər saat 10-dan axşam saat 18-dək açıq olacaq. Özüm də arabir həmin ofisdə olacağam ki, seçicilərim mənimlə görüşə bilsinlər. Nəzərdə tutduğum proqramları həyata keçirməyə elə ilk gündən başlayacam.

- Milli Məclisdə əsasən hansı məsələləri qaldıracaqsınız?

- Müəllimlərin, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması təklifləri ilə çıxış edəcəyəm. Bu istiqamətdə işlər görməyə, yeni qanunların qəbuluna çalışacağam.

- Bu hallarla çox qarşılaşmışıq – bəzi namizədlər vəd verirlər, deputat seçildikdən sonra isə mobil telefonlarının nömrələrini belə dəyişirlər...

- Xeyr, mən heç vaxt telefonumun nömrəsini dəyişməyəcəm. Eyni nömrədən istifadə edəcəyəm. Söz verirəm, haçan istəsəniz, zəng edib əlaqə saxlaya biləcəksiniz.

- Yeri gəlmişkən, sizinlə “facebook” vasitəsilə də əlaqə yaratmaq mümkün idi.

- İndi həmin profildən oğlum istifadə edir. Mənim barəmdəki materialları sosial şəbəkəyə o yerləşdirir. Suallar olduqda mənə deyir və cavablandırıram. Sosial şəbəkələrlə o qədər də aram yoxdur.

- Əvvəllər kasıb siyasi təşkilat adlandırdığınız partiyanızda hansı dəyişikliklər gözlənilir?

- Yəqin ki, parlamentdə təmsilçilik səbəbindən partiyamızın maddi vəziyyəti əvvəlki ilə müqayisədə qismən yaxşılaşacaq. Təşkilati işlərimizi davam etdirəcəyik. Qurultaya hazırlaşacağıq. Çünki partiyada yeniləşmə olmalı, təşkilata gəncləri cəlb etməliyik. ASDP-də cavanlaşma prosesi getməlidir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm