• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İbtidai araşdırma məlumatları hansı hallarda yayıla bilər - Qanunda dəyişiklik

  • Nida.az
  • 2 Noyabr 2015 17:11
  • 224 Baxış
İbtidai araşdırma məlumatları hansı hallarda yayıla bilər - Qanunda dəyişiklik

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, 147-ci maddəyə aşağıdakı məzmunda 147.4-147.6-cı maddələr əlavə edilir:

“147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
147.5. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir:
147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat;
147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt;
147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti;
147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd.
147.6. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır.”.

156.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:

“Qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir.”.

222.1-222.3-cü maddələr aşağıdakı redaksiyalarda verilir:

“222.1. İbtidai araşdırma məlumatlarının yayılması, bu Məcəllənin 222.2 və 222.6-cı maddələrində nəzərdə tutulmuş hallardan başqa, yolverilməzdir.
222.2. İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
222.3. Terrorçuluq cinayətləri, silahlı mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər üzrə davam edən ibtidai araşdırmanın məlumatlarının yayılmasına, habelə bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına icazə verilmir (cinayət prosesi iştirakçılarının bu Məcəllə ilə müəyyən edilən prosessual hüquqlarının təmin edilməsi ilə bağlı olan hallar istisna olmaqla)”;

222.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
“Belə xəbərdarlıq edilməmişdirsə, yayılması cinayətin açılmasına, cinayət törətmiş şəxsin tutulmasına, ibtidai araşdırmanın normal gedişinə mane ola bilən məlumatların yayılmasına görə cinayət prosesini həyata keçirən şəxs məsuliyyət daşıyır.”;

Aşağıdakı məzmunda 222.6-cı və 222.7-ci maddələr əlavə edilir:

“222.6. İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırma məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya kütləvi informasiya vasitələri ilə açıqlana bilər. Bu zaman açıqlanan məlumat cinayət hadisəsi ilə bağlı əldə edilmiş ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçməməlidir.
222.7. Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.”.

488.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“488.2. Hüquqi yardım göstərilməsinə dair və ekstradisiya haqqında Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə bu Məcəllənin, “Cinayət işlərinə dair hüquqi yardım haqqında" və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir.”

Aşağıdakı məzmunda 489.3-cü və 489.4-cü maddələr əlavə edilir:

“489.3. Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi əməllərə görə xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün verilməsi və tranzit daşıma bu Məcəllənin 493-501-ci maddələri və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilir.
489.4. Xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının rəsmi müraciəti əsasında Azərbaycan Respublikası ərazisində cinayət təqibi bu Məcəllənin 502-504-cü maddələrinə uyğun olaraq həyata keçirilir.”

495.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Həmin şəxsin barəsində həbs qətimkan tədbiri Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən tətbiq edilə bilər”;

495.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“495.2. Verilməsi üçün şəxsin həbsə alınması bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.”

Aşağıdakı məzmunda 495.3-1-ci maddə əlavə edilir:
“495.3-1. Rəsmi müraciət alınanadək şəxsin həbsə alınması barədə xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyәt orqanının vəsatəti olduqda və ya alınmış rəsmi müraciətə həbsə alma haqqında qərarın təsdiq edilmiş surəti əlavə olunmadıqda şəxsin verilməsi üçün həbsə alınması yalnız onun verilməsi üçün kifayət qədər ciddi əsasların mövcudluğunun məlum olduğu hallarda mümkündür”;

Aşağıdakı məzmunda 495.6-cı, 495.7-ci və 495.8-ci maddələr əlavə edilir:

“495.6. Şəxsin cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə verilməsi üçün həbsə alınmasından şikayət verməsi və ona baxılması ilə bağlı məsələlər bu Məcəllənin 452-453-cü maddələrində müəyyən edilmiş qaydada həyata keçirilir.
495.7. Verilməsi üçün tutulmuş və həbs edilmiş şəxs, barəsində prosessual məcburiyyət tədbirləri tətbiq edilən şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarına malikdir.
495.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi üçün şəxsin həbsə alınması müddəti bu Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilir. Bu müddət şəxsin verilməsinə dair rəsmi müraciətə əlavə edilmiş həbsə alma haqqında qərarda nəzərdə tutulan müddətdən çox ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi üçün şəxsin həbsə alınması müddətinin uzadılması bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.”

496.5-ci maddə aşağıdakı redaksiyada verilir:

“496.5. Şəxsin verilməsi xahişi ilə müraciət etmiş xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanı şəxsin verilməsi üçün zəruri məlumatları təqdim etmədikdə, habelə “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hallarda şəxsin verilməsindən imtina edilə bilər.”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR