Rusiyada Qarabağ həqiqətləri ilə bağlı kitab çap olundu
Bizi izləyin

Nida.az

Rusiyada Qarabağ həqiqətləri ilə bağlı kitab çap olundu

Rusiyada Qarabağ həqiqətləri ilə bağlı kitabı çap olundu

Avropa Azərbaycan Cəmiyyəti tərəfindən hazırlanmış “Карабах. История в контексте конфликта» (Qarabağ. Konflikt kontekstində tarix) adlı fundamental məqalələr toplusu Sankt-Peterburqda“Вестник” nəşriyyatında çap olunmuşdur. Qarabağşünaslıq üçün böyük əhəmiyyəti olan bu toplu ön söz, on səkkiz məqalə, müəlliflər haqqında məlumat, coğrafi, siyasi və inzibati adlar göstəricisindən ibarətdir.

Publika.Az xəbər verir ki, AAC sədri və layihənin rəhbəri Tale Heydərovun yazdığı ön sözdə məqalələr toplusunun nəşrini zəruri edən səbəblər hərtərəfli təhlil edilmiş və əhəmiyyəti göstərilib. Ön sözdə qeyd edilir ki, “qloballaşan dünyanın müasir siyasi leksikonunda Azərbaycan Respublikasının Qarabağ bölgəsi, xüsusilə onun bir hissəsini əhatə edən Dağlıq Qarabağ, adı tez- tez çəkilən coğrafi ərazilərdəndir. Ermənistanın Azərbaycanın bu tarixi-coğrafi ərazisinə iddialarının 1980-ci illərin sonlarından başlanan yeni mərhələsi ilə hazırda dünyada mövcud olan konfliktlərdən birinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin əsası qoyuldu. Bu konfliktin genişlənməsilə Ermənistanın Azərbaycana qarşı iri miqyaslı müharibəyə başlaması nəticəsində, həmin konflikt beynəlxalq xarakter aldı”.

Buna baxmayaraq, hələlik, bütövlükdə Qarabağ tarixi, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin tarixi haqqında həm Azərbaycan, həm də bu problem üzrə dünyanın tanınmış alimlərinin baxışlarını bir araya gətirən nəşr yoxdur. AAC bu boşluğu aradan qaldırmaq məqsədi ilə Azərbaycanın tanınmış tarixçiləri və ABŞ, Böyük Britaniya və digər ölkələrin tədqiqatçılarının məqalələrindən ibarət kitab hazırlayıb.

Kitabda nəşr edilən məqalələrdən on üçü Azərbaycan tarixçiləri, beşi isə xarici tarixçi, hüquqşünas, jurnalist və politolaqlar tərəfindən yazılıb.

Toplu professor Süleyman Əliyarlının bütövlükdə tarixi Azərbaycanın, o cümlədən tarixi Azərbaycanın bir hissəsini təşkil edən müasir Azərbaycan Respublikasının ərazi və sərhəd tarixinə dair məqaləsi ilə başlayır. Müəllif Qarabağın siyasi-coğrafi mənsubiyyəti üzərində də dayanır və faktlarla Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edir.

Sonrakı məqalələr hadisələri daha çox xronoloji-problem baxımından tədqiq edir. Akademik İqrar Əliyevin “Qarabağ qədim dövrdə” məqaləsində Qarabağın tarixi ilk insanlardan, xüsusilə ilkin etno-siyasi mənzərənin meydana çıxdığı dövrdən başlayaraq araşdırılır. Qarabağ tarixinin bir sıra fundamental problemləri Albaniya tarixi ilə bağlı olduğuna görə bu məsələ görkəmli albanşünas alim, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın “Qarabağ probleminin alban kökləri” məqaləsində nəzərdən keçirilir. Azərbaycanın tanınmış tarixçisi, akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasından təqdim olunan parça Qarabağ tarixinin ən fundamental məsələlərindən biri , bölgənin dağlıq hissəsində məskunlaşan və etnik cəhətdən alban əhalinin erməni-qriqorian kilsəsinin fəaliyyəti nəticəsində qriqorianlaşdırılması haqqındadır. Bünyadovun konsepsiyası Qarabağ tarixinin obyektiv dərk edilməsi üçün mühüm zəmin təşkil edir. Qeyd etmək lazımdır ki, Qarabağın tədricən qriqorianlaşdırılan əhalisi, xüsusilə 1828- ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə köçürülməsi nəticəsində erməniləşdirilməyə də məruz qalıb.

Azərbaycan tarixçilərinin topluda verilmiş digər məqalələrində Qarabağ tarixinin müasir dövrədək olan mərhələləri ardıcıl şəkildə şərh edilir.

Xarici müəlliflərin məqalələrində daha çox Qarabağ tarixi və konfliktin müasr mərhələsinə dair problemlər nəzərdən keçirilib.

“Qarabağ. Konflikt kontekstində tarix” adlı məqalələr toplusu Qarabağşünaslıq sahəsində mühüm elmi töhvədir. Bu kitabın əhəmiyyəti nəzərə alınaraq onun ingilis dilndə Londonda, türk dillində İstanbulda nəşri nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm