• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Ukraynadakı vəziyyət Qarabağ münaqişəsinin həllinin zəruriliyini sübut edir" - Riçard Morninqstar

  • Nida.az
  • 18 Mart 2014 17:30
  • 400 Baxış
"Ukraynadakı vəziyyət Qarabağ münaqişəsinin həllinin zəruriliyini sübut edir" - Riçard Morninqstar

Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini göstərir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar səfirlikdəki tədbir zamanı deyib.

O qeyd edib: "Hər şeydən əvvəl mən ABŞ Prezidenti Barak Obamanın və dövlət katibi Con Kerrinin Ukrayna və Krımdakı vəziyyətlə bağlı bəyanatlarını xatırlatmaq istərdim. Birləşmiş Ştatlar Krımda keçirilən referendumun nəticələrini tanımır, bunun qanunsuz olduğunu hesab edir və Rusiyaya xəbərdarlıq edir ki, o, Ukraynadakı hərəkətlərinə görə məsuliyyət daşıyır və beynəlxalq sanksiyalarla üzləşəcək".

Səfirin sözlərinə görə, Ukraynada baş verənlər yolverilməzdir və müvafiq ölçü götürülməsini tələb edir: "Əlavə etmək istərdim ki, Ukraynada baş verənlər mənim üçün Azərbaycanla ABŞ, Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri daha əhəmiyyətli edir".

Onun sözlərinə görə, Krımdakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsinin vacibliyini göstərir.R.Morninqstar deyib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda sülhün təmin olunması və regionda qeyri-sabitliyin aradan qaldırılması üçün addımlar atmalıdırlar: "Bu münaqişənin davam etməsi heç kimin xeyrinə deyil".

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR