Deputatlar harınlamış məmurların cəzalandırılmasını alqışlayır
Bizi izləyin

Nida.az

Deputatlar harınlamış məmurların cəzalandırılmasını alqışlayır

Deputatlar harınlamış məmurların cəzalandırılmasını alqışlayır

Prezident İlham Əliyev: «Kiminsə ailə üzvü haradasa xuliqanlıq, nadanlıq edir, özünü apara bilmirsə, o adam həbs ediləcək, atası işdən qovulacaq»

Ötən həftə Bakı şəhərinin Suraxanı rayonunda, Zığ yolu şosesində ağır yol-nəqliyyat hadisəsi hamını şoka saldı. Hava Limanı istiqamətində hərəkətdə olan “Mercedes Galendewagen” markalı minik maşını idarəetmədən çıxaraq Azərbaycanın mahir tar ifaçısı, Xalq artisti Ağasəlim Abdullayev və ailə üzvlərinin də içində olduğu “VAZ 2106” markalı minik maşınına çırpıldı. Qəza nəticəsində “VAZ 2106”-da olan sərnişinlər, Xalq artistinin həyat yoldaşı Brilliant Abdullayeva hadisə yerində, azyaşlı nəvəsi Ağasəlim Abdullayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdilər. Xalq artisti Ağasəlim Abdullayev, oğlu Vüqar Abdullayev və gəlini Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.

Araşdırma aparılarkən məlum olub ki, qəzaya səbəb “Mercedes”in sürücüsü Xalid Mədətovun həddən artıq sərxoş vəziyyətdə sükan arxasına oturması və sürət həddini aşması olub. Həmçinin o da aydın olub ki, qəza törədən Xalid Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin sabiq rəisi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini icra edən Mübariz Mədətovun oğludur.

Cəmiyyətdə əsl ziyalı, əxlaqlı, dəyərli bir insan kimi tanınan sənət adamına hər kəs dərin hüznlə baş sağlığı verərək, Allahdan səbir dilədi. Paralel olaraq, iki nəfərin həyatına son qoyan məmur övladının hüquq müstəvisində cəzalandırılması gündəmə gəldi. Belə bir ərəfədə prezident İlham Əliyev sərəncam imzalayaraq Mübariz İsrafil oğlu Mədətovu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad elədi. Sonradan isə aydın oldu ki, prezident M. Mədətovu məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən azad edib. Əslində bununla dövlət başçısı ötən il fevralında “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi fikirlərin reallaşdırılmasına başladı.

Xatırladaq ki, o zaman konfransda çıxış edən prezident İlham Əliyev ölkənin inkişafı ilə yanaşı, bir sıra sahələrdəki problemlərə diqqət yetirib, vəzifə səlahiyyətlərini aşmağa cəhd edən məmurları sərt tənqid edib. O, bəzi məmurların xalqdan seçilməsini kəskin pisləyib: “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının da rəhbərlərinə aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Məmurlar öz işləri ilə fərqlənməlidirlər. Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır”.

Cari ilin fevralında regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda da prezident İlham Əliyev bir daha məmurlara xəbərdarlıq edib. O bildirib ki, dövlət məmuru öz məsuliyyətini dərk etməli, təmiz işləməli, xalqla bir yerdə olmalı, təvazökarlıq, işgüzarlıq və vətənpərvərlik nümayiş etdirməli, özünü xalqdan üstün tutmamalı, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalı və Vətənə sadiq olmalıdır.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Kaspi”yə açıqlamasında məmur övladının törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində baş verən faciəyə, Prezidentin Sərəncamına geniş şərh verməyə ehtiyac duymadığını bildirib. O, son hadisə ilə bağlı ölkə başçısının əvvəllər də söylədiyi fikirlərə hər zaman dəstək verdiyini, bu gün də həmin mövqeyin üstündə dayandığını dilə gətirib: “İradlardan nəticə çıxarılmayanda daha konkret addımlar atılır. Elə bu baxımdan son hadisələr hər kəs üçün örnək olmalıdır. Bir adam məmur övladıdırsa, onun geniş maddi imkanları varsa, ilk növbədə müəyyənləşməlidir ki, bu imkanları o necə əldə edib, haradan qazanıb. Hər kəsə bəllidir ki, yalnız maaşla, aylıq məvaciblə nəinki 200 minlik yox, heç 10 min manatlıq avtomobil almaq da çətin məsələdir. Müəyyənləşdirmək lazımdır ki, belə bahalı maşınlar sürən şəxslərin valideynləri bu imkanları necə əldə ediblər və dərhal da tədbirlər görülməlidir. Prezident məcbur olub belə bir addım atıb. Söylədiyi fikirlərin ardınca real addım ataraq hər kəsə bir daha ciddi xəbərdarlıq edib. Əgər valideynləri harın övladlarını yığışdırmasa, bir çoxlarının aqibəti yaxşı olmayacaq. Düşünmürəm ki, məsələ hansısa məmurun övladının əməlinə görə sadəcə vəzifəsindən kənarlaşdırılması ilə iş yekunlaşacaq. Yəqin ki, bundan sonra onun barəsində qanun çərçivəsində ölçü götürüləcək. Ümumiyyətlə belə məsələlərdə deputat kimi mənim şərhlərimdən ən önəmlisi ölkə başçısının xəbərdarlığı, cəmiyyəti narahat edən problemlərin Prezidentin dilindən səslənməsidir. Hamı bundan nəticə çıxarmalıdır”.

Digər millət vəkili Çingiz Qənizadə yol-nəqliyyat hadisəsi baş verəndən 1 gün sonra Xalq artisti A.Abdullayevin Binə kəndindəki evində təşkil olunan yas mərasimində iştirak etdiyini söyləyib. Qeyd edib ki, həmin ərəfədə kənd sakinlərində qəzaya səbəb olan məmur övladının sərbəst buraxılması, cəzasız qalması barədə narahatçılıq özünü göstərib. Lakin hüquq-mühafizə orqanlarının rəsmi məlumatı, ölkə başçısının məlum sərəncamı yüz minlərlə insanın sevincinə səbəb olub: “Təbii ki, çox ağır və sarsıntılı hadisədir. Harınlamış məmur övladı içkili vəziyyətdə yol-nəqliyyat hadisəsi törədib və heç bir günahı olmadan bir ailənin iki üzvünün həyatına son qoyub. Binə kəndində yas yerində olarkən bəzi insanlar mənə yaxınlaşıb narahatlıqla dedilər ki, onlara daxil olan məlumata görə, qəza törədən məmur övladının sənədlərini özünə qaytarıb azadlığa buraxıblar. Mən onları sakitləşdirdim və əminliklə dedim ki, belə hal qətiyyən olmaz. İnanmırdım ki, Azərbaycanın sevimli sənətçisinin, Xalq artistinin ailəsinə faciə gətirən bir şəxs asanlıqla buraxılsın. O zaman heç bilmirdim ki, hadisənin səbəbkarının atası tutduğu vəzifədən azad ediləcək. Həmin vaxt kənd sakinlərin yanındaca polis rəisi ilə telefon əlaqəsi saxladım və aydınlaşdırdım ki, qəza törədən şəxs saxlanılıb. Bunun ardınca Bakı şəhər Baş Polis İdarəsinin və Prokurorluğun açıqlamasını da yerli camaatın diqqətinə çatdırıb onların narahatlığına son qoydum. Bundan bir gün sonra ölkə başçısının məlum hadisə ilə əlaqəli sərəncam imzalaması, qəzanı törədən şəxsin atasını tutduğu vəzifədən azad etməsi, övladının davranışına görə, oğlunun bahalı maşınla qayda-qanunları kobud şəkildə pozmasına görə məmur atanı cəzalandırması tək mənim və on minlərlə insanın deyil, bəlkə də 100 minlərlə insanın sevincinə səbəb oldu. Hər bir azərbaycanlı cənab Prezidenti bu addımına görə dəstəkləyir. Bir vətəndaş, parlament üzvü olaraq ölkə başçısının hadisəyə hansısa formada münasibət göstərəcəyini gözləyirdim. Cənab Prezident çox sağ olsun ki, buna dərhal reaksiya verdi. Qəzanı törədənin məsuliyyətə cəlb olunması, harınlamış oğlun atasının vəzifədən azad edilməsi bütün məmurlara bir ismarışdır ki, övladlarınızın tərbiyəsi ilə məşğul olun. Əks halda bu aqibət hər birinizi gözləyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm