• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Krımdan sonra Estoniya da işğal olunacaq - Şok iddia

  • Nida.az
  • 22 Mart 2014 08:46
  • 3 080 Baxış
Krımdan sonra Estoniya da  işğal olunacaq - Şok iddia

NATO rəhbəri Anders Foq Rasmussen xəbərdarlıq edib ki, Krımın işğalı Avropa İttifaqı (Aİ) və NATO üzvü Estoniyaya qarşı gizli təhlükə olan Rusiyanın daha geniş hərbi kampaniyasının başlanğıcı ola bilər. Publika.Az “EUobserver”ə istinadən xəbər verir ki, martın 19-da Vaşinqtondakı “Brukinqs” institutunda o deyib: “Mən Krım hadisəsini Rusiyanın, ya da Rusiya lideri Vladimir Putinin uzunmüddətli strategiyasının bir elementi kimi görürəm. Bizim əsas narahatlığımız onun daha da irəli gedib-getməməsidir. Böhran təkcə Ukrayna ilə bağlı deyil. Bizim gördüklərimizi “21-ci əsrin revizionizmi” adlandırmaq olar: zamanı geri qaytarmaq cəhdləri; xəritədə yeni xətlərin çəkilməsi; bazarların monopoliyası; əhalinin yerdəyişməsi”.

Rasmussen NATO üzvlərini müdafiə xərclərini artırmağa çağırıb. O, NATO müttəfiqlərini arxayın etmək üçün növbəti addımların atılacağını və Ukraynaya kömək göstəriləcəyini bildirib. Martın 20-də Brüsseldə yığışan Aİ liderləri Rusiyaya iqtisadi sanksiya tətbiq olunmasında razılığa gələ bilməyiblər. Rasmussen Qərbin Rusiyaya cavab vermək üçün mübarizə apardığını etiraf edib.

“Qlobal xuliqanlığa qarşı mübarizə aparmağın tez və asan yolu yoxdur. Çünki bizim demokratik dövlətlər qərar qəbul etməzdən əvvəl variantları gözdən keçirir, məsləhətləşir və müzakirə edirlər. Biz şəffaflığı qiymətləndirir və seçimlərimizin qanuni olmasına çalışırıq. Çünki güc tətbiq olunması bizim üçün son vasitədir”, - Rasmussen deyib.

ABŞ prezidenti Barak Obama öz növbəsində televiziya çıxışında hərbi üsullara ehtiyac olmadığını bildirib. “Daha yaxşı yollar var, məncə, ukraynalılar da başa düşər ki, bizim Rusiyaya qarşı hərbi üsullara əl atmağımız münasib deyil. Bu, Ukrayna üçün də yaxşı olmaz”, - Obama “NBC” telekanalına bildirib.

Əsas narahatlıq Ukrayna ilə sərhədboyu böyük hərbi qüvvələri olan Rusiyanın başqa əraziləri də işğal etməsidir.Bununla yanaşı, martın 19-da Cenevrədə BMT-nin İnsan Haqları Şurasındakı Rusiya diplomatının sözlərində Rusiyanın irəli getməsi ilə bağlı üstüörtülü çağırışlar var idi.

Xatırladaq ki, Rusiya Ukraynadakı etnik rusları müdafiə etmək bəhanəsi ilə Krımı işğal edib özünə birləşdirdi.Rusiya çoxdandır ki, Estoniya və Latviyada da ruslara pis rəftar edilməsindən şikayətlənirdi. Martın 19-da Rusiya diplomatı Baltik ölkələrindəki bu vəziyyəti Rusiyanın Ukraynada etdikləri ilə əlaqələndirdi.

Rusiya diplomatı bildirib ki, “Dildən qrupları ayırmaq və təcrid etmək üçün istifadə olunmamalıdır. Moskva bu məqsədlə Estoniyada, eləcə də Ukraynada atılan addımlardan narahatdır”, - “Reuters” agentliyi görüşün protokollarına əsasən bu xəbəri yayıb.Rusiya diplomatı Krımdakı azlıqların hüququnun tapdalandığını inkar edib. Lakin Aİ diplomatları başqa cür danışırlar.

Aİ-nin Kiyevdəki səfiri Yan Tombinski bazar günü cəsədi tapılan 39 yaşlı krım tatarı fəalı Reşat Ametovun “biabırçı” qətlinin araşdırılmasını tələb edib.

Qeyd edək ki, Ametov Rusiya yönümlü yarımhərbi qruplar tərəfindən bir Ukrayna əsgərinin də güllələnərək öldürüldüyünü bildirib. O həmçinin 10 Ukrayna fəalının və Ukrayna ordusunun Krımda saxlanmış bir neçə hərbi qulluqçusunun azad olunmasını tələb edib.Putin rusların 95 faizinin onun hərəkətlərini dəstəklədiyini iddia edir. O, hökumət tənqidçilərinə qarşı təzyiqləri artırıb. Müxalifət lideri Aleksey Navalniy ev dustağı kimi saxlanmış və işğaldan az sonra internetlə də əlaqəsi kəsilmişdir.

Navalnını öz evindən gizli olaraq yaydığı və çərşənbə günü “The New York Times” qəzetində dərc olunan məlumata görə, Putinin hərbi sərgüzəştlərinə qarşı Moskvada ötən həftə 50 min nəfər etiraz edib.

Navalni bəzi Rusiya rəsmiləri və parlamentarilərinə qarşı Aİ və ABŞ-ın viza qadağalarına Rusiyanın istehza ilə yanaşdığını və bunun Putin və əhatəsini daha da ürəkləndirdiyini bildirib.O, Qərbi öz qara siyahısına Putinin oliqarx müttəfiqlərini əlavə etməyə çağırıb. “Kreml mafiyası” adlandırdığı qrupda 8 adamın adını çəkib: Qennadi Timçenko, Arkadi və Boris Rotenberqlər, Yuri Kovalçuk, Vladimir Yakunin, Roma Abramoviç, Alişer Usmanov, İqor Seçin və Aleksey Miller.

Navalnı maliyyəçi Kovalçuku “cənab Putinin bankiri” adlandırıb. O, bildirib ki, Aİ və ABŞ çirkli pulların yuyulması ilə bağlı istintaq aparmalıdırlar. Öz “Korrupsiya əleyhinə Fond” QHT-sinin onlarla rüşvətxorluq hallarını üzə çıxardığını bildirib.“Bu halların 90 faizində Rusiya çirkli pullarının əksəriyyəti Qərbə ötürülüb. Təəssüf ki, Avropa İttifaqı və Britaniya hüquq mühafizə agentlikləri bu cinayəti araşdırmaq cəhdlərimizdə bizi çətin vəziyyətdə qoyublar”, - Navalnı deyib.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR