Azərbaycanlı milyarder Jirinovskini danışdıran qüvvəni ifşa etdi
Bizi izləyin

Nida.az

Azərbaycanlı milyarder Jirinovskini danışdıran qüvvəni ifşa etdi

Rusiyada yaşayan azərbaycanlı milyarder, Rusiya Federasiyası Senatının sabiq üzvü Fərhad Əhmədov Kremlin dilmancı olan Vladimir Jirinovskinin çıxışından hiddətlənib.

Rusiyada yaşayan azərbaycanlı milyarder, Rusiya Federasiyası Senatının sabiq üzvü Fərhad Əhmədov Kremlin dilmancı olan Vladimir Jirinovskinin çıxışından hiddətlənib.

F.Əhmədov Kremlin postsovet ölkələrinə, ilk növbədə Azərbaycana münasibətdə yürütdüyü siyasəti kəskin tənqid edib. O, həmin məqaləsini eksklüziv olaraq virtualaz.org saytının redaksiyasına göndərib.

Virtualaz.org saytı öncə F.Əhmədov barədə qısa bioqrafik arayışı, ardınca isə iş adamının həmin məqaləsini olduğu kimi təqdim edir:

* * *

Fərhad Teymur oğlu Əhmədov Rusiyada yaşayan Azərbaycan əsilli sahibkar, “Aznar” QSC-nin Direktorlar Şurasının sədridir. 1994-2001-ci illərdə “Nortqaz” QSC Direktorlar Şurasının sədri olub. 2004-2007-ci illərdə Krasnodar diyarının Rusiya Federasiya Şurasındakı nümayəndəsi olub. 2007-2009-cu illərdə Nenes muxtar dairəsini Federasiya Şurasında təmsil edib.

“Forbes” jurnalının məlumatına görə, F.Əhmədovun şəxsi sərvətinin həcmi 2013-cü ildə 1,4 milyard dollar təşkil edib. O, Rusiyanın zəngin biznesmenləri siyahısında 70-ci yerdədir.

* * *

Görünür, dünyada artıq elə bir millət, xalq qalmayıb ki, rusiyalı siyasətçi Vladimir Jirinovski onu heç olmasa bir dəfə təhqir etməmiş olsun. Elə görünə bilər ki, biz azərbaycanlılar onun sözlərinə artıq heç bir əhəmiyyət verməməliyik.

Doğrudur, Jirinovskinin sonuncu “azərbaycanlı milləti yoxdur” bəyanatı öz absurdluğuna, heyrətamiz həyasızlığına və adicə biliklərdən məhrum olmasına görə bu fonda bütün hədləri aşır. Lakin mən,- təəssüf ki, bu tez-tez olur,- hamıya yaxşı tanış olan və son onilliklərdə hamını boğaza yığan Vladimir Volfoviçin bu sözlərini ictimaiyyətin diqqətini özünə cəlb eləmək, bununla da öz siyasi varlığına diqqət və marağı artırmaq istəklərinin ayağına yazdım. Məsələn, düşündüm ki, Rusiya prezidenti Ukraynadakı hadisələrlə bağlı bütün dünyanın ondan danışmasına nail oldu. Prezidentliyə bu əbədi namizəd isə yenə də kor atı minib köndələn çapır, sağa-sola təhqir və küftlər yağdırır. Yeri gəlmişkən, həmişə olduğu kimi bu dəfə də cəzasız qalır. Hətta sanksiya və qadağalar da ona tətbiq olunmur.

Elə bu vaxt LDPR lideri ilə bağlı daha bir xəbər gəlir. O, Polşa, Rumıniya və Macarıstan liderlərinə məktubla müraciət edərək təklif edir ki, onlar Ukraynanın həmsərhəd bölgələrində sonuncuların həmin ölkələrə birləşdirilməsi məqsədilə referendum keçirilməsinə nail olsunlar. Bunu artıq heç cür ağızdan səhvən söz qaçırmaq kimi qiymətləndirmək olmaz. Bu, artıq xarici siyasət yürütmək cəhdidir. Diplomatik dildə buna zondaj deyirlər.

Bu isə artıq başqa məsələdir. Yada salaq, bu və ya digər ideyaları ictimai rəy dövriyyəsinə atmaq üçün Jirinovskidən son illərdə dəfələrlə istifadə olunub. Həmin ideyaların bir çoxu sonralar Rusiya rəhbərliyi tərəfindən həyata keçirilib. Məsələn, yadımıza düşür ki, qubernator seçkiilərini ləğv edib onların Kreml tərəfindən təyin olunması ideyasını ilk dəfə Jirinovskinin dili ilə səsləndirmişdilər. Ukraynanın II Yekaterina dövründə Polşanın bölünməsi modeli əsasında bölünməsi ideyasına gəlincə isə onun Kremldə tərəfdarları var.

Demək istəyirəm ki, “azərbaycanlıların millət olmaması” barədəki bəyanat bütün bunların fonunda tamam başqa, özü də heç də komik olmayan çalar almağa, fərqli məna kəsb etməyə başlayır. Bunu xüsusilə xatırlamaq və xatırlatmaq lazımdır ki, Jirinovski tərəfindən bircə dəfə də təhqir olunmayan bəlkə də yeganə xalq ermənilərdir. O, Ermənistanı da Rusiyaya birləşdirməyi təklif edirdi. Özü də Azərbaycanla birgə. Jirinovskinin Ermənistanı təhqir edib aşağılamağına gəlincə isə mən belə bir şeyi xatırlamıram.

Görünür, Jirinovski bizim millət olmadığımızı deyib xalqımızı təhqir etməklə hər şeydən əvvəl pul qazanır. Axı bir çox ermənilər Jirinovskinin türklər və azərbaycanlılar əleyhinə olan çıxışlarına görə ona pul verirlər. Yeri gəlmişkən, o, özü bunu ciddi-cəhdlə gizlədir.

Bəs niyə indi? Bu təhqirlər niyə Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar səsləndi? Azərbaycan Ukrayna ətrafındakı son hadisələrdən hansı dərsləri aldı?

Birincisi, bütün müharibədən sonrakı dövrün millətlərarası və dövlətlərarası münasibətlər sisteminin məntiqinin Rusiyanın Ukraynada gözümüz önündə atdığı addımlar, ilk növbədə isə Krımın birləşdirilməsi hesabına belə kobud və kəskin şəkildə əyilib sındırılmasının əsaslı və dərin təhlilini verməyin indi nə yeri, nə də hələ vaxtı deyil. İndi yalnız onu qeyd etmək vacibdir ki, Rusiyanın son hərəkətləri onun daxili siyasəti çərçivəsində, xarici siyasətində isə Ukraynadan daha çox ABŞ-la və bütün Qərblə münasibətlərinin məntiqi kontekstində nəzərdən keçirilməlidir. Ortada Rusiya ilə Qərb arasında “soyuq müharibə”dən sonra yaranmış qarşılıqlı münasibətlər modelinin bir anda qətiyyətli şəkildə nəzərdən keçirilməsi cəhdi var. MDB-nin problemləri və MDB ölkələri liderlərinin reaksiyası Moskvanı heç bir halda maraqlandırmayıb.

İkincisi, Rusiya rəhbərliyinin hamını özünün beynəlxalq məsələlərdəki təzə rolu ilə barışmağa məcbur etmək cəhdləri hələ başa çatmayıb. ABŞ-ın və Avropa İttifaqının Putini təslim olmağa məcbur edib-etməyəcəyini hələ heç kim əminliklə deyə bilməz. Əgər məcbur etməsələr, o, Krımda, Ukraynada dayanacaqmı? Məncə, Qazaxıstanın Krımın Rusiyaya birləşdirilməsinə Putin üçün arzuedilən olan reaksiyası Astananın ənənəvi olaraq rusların sıx məskunlaşdığı Şimali Qazaxıstan qorxusunun nəticəsi idi.

Üçüncüsü və ən əsası odur ki, hadisələr çox sürətlə inkişaf edir. Azərbaycanın reaksiyası da elə bu qədər sürətli olmalıdır. “Biz problemin dinc yolla həll olunmasına tərəfdarıq və hamı ilə dostuq” ruhundakı birinci reaksiya doğru idi. Amma bir qədər də irəli getmək lazımdır. Rusiyadan belə bir maksimal dəqiq və maksimal açıq-aşkar vəd almağa nail olmaq lazımdır ki, Moskvanın xarici siyasətindəki “Krım presedenti”nin Dağlıq Qarabağ ətrafındakı vəziyyətə heç bir bağlılığı yoxdur və Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi barədə indiyə qədər dəfələtlə verdiyi bəyanatlara sadiqdir, onları bir daha təsdiqləyir. Bəli, belə vədlər verilib, öhdəliklər götürülüb. İndi onları yenidən təkrarlatdırmaq lazımdır. Heç olmasa Jirinovskinin növbəti çıxışlarına məhəl qoymamaq üçün...

Nəhayət, ən başlıcası. Krımın Ukraynadan ayrılması və onun qonşu dövlətə birləşdirilməsi nəyə görə mümkün oldu? Çünki Ukraynanın rəhbərləri SSRİ-dən qalan mirasın onlara çatan hissəsini sağa-sola, boş-boş işlərə səpdilər, Ukraynanın sərvətlərini oğurladılar, xalqı işıqlı gələcəkdən məhrum etdilər, sonda da qonşularına öz ölkələrini qarşıdurma meydanına çevirmək imkanı verdilər.

Buradan çıxan nəticə odur ki, belə aqibətlə üzləşməmək üçün xalqın birliyi lazımdır, xalq sənin daxili və xarici siyasətini anlamalı və bəyənməlidir, gerçək iqtisadi inkişaf modelinin olması lazımdır. Yadda saxlamaq lazımdır ki, həm də qüdrətli müdafiə qabiliyyətin olmalıdır. Bu deyilənlər istənilən ölkəyə, o cümlədən Azərbaycana da aiddir. Unutmaq olmaz ki, Allah bizə sərvət və çiçəklənmə imkanları, lakin heç də asan olmayan qonşular verib. Qonşularımızın heç biri asan deyil...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm