• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Azərbaycan Rusiyadan tələb etməlidir” - Aydın Mirzəzadə

  • Nida.az
  • 27 Mart 2014 11:31
  • 1 053 Baxış
“Azərbaycan Rusiyadan tələb etməlidir” - Aydın Mirzəzadə


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadənin Publika.Az -a müsahibəsi

- Ukrayna hadisələri, xüsusilə Krımın işğalı Dağlı Qarabağ məsələni bir daha aktuallaşdırdı. ABŞ-ın Azərbaycandakı səfiri də bildirdi ki, Ukrayna hadisələri Qarabağ münaqişəsinin tezliklə həllini vacibləşdirib. Bunu necə şərh edərsiniz?

- Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi istənilən vaxt vurğulanıb. Bunun həlli heç bir hadisə ilə bağlanmadan vacibdir. Amma bu gecikir. Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın Azərbaycandakı səfirinin bu mövqeyi alqışlanandır. Lakin bu münaqişənin həlli üçün bir yol var. BMT qətnamələri tətbiq edilməli və Azərbaycanın işğal edilmiş əraziləri azad olunmalıdır.

- Krım hadisələri Qarabağla eyniləşdirilir və eyni təhlükənin Azərbaycan üçün gözlənildiyi qeyd edilir.

- Dağlıq Qarabağ məsələsində hansısa məsələ ilə paralellik aparmaq olmaz. Çünki ora və ətraf zona işğal edilib. Ortada Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı var. Krıma gəldikdə bu dünyada çox ciddi problem kimi ortaya çıxdı. Ukraynanın ərazi bütövlüyü pozuldu, Krım vilayətində nə beynəlxalq hüquq normaları, nə də Konstitusiya ilə nəzərdə tutulmayan bir referendum keçirərək Rusiya oranı öz tərkibinə daxil etdi. Təəssüf ki, Rusiya burda beynəlxalq hüquq əməl etmədən qonşu ölkənin ərazini işğal etdi. Bu da beynəlxalq hüquq normalarının qorunmasının vacibliyini bir daha sübut edir. Əlbəttə dünya bu böhranlı vəziyyətdən nə qədər tez çıxarsa sabitliyin qorunmasına bir o qədər xeyri olar.

Amma Krım və Dağlıq Qarabağı eyniləşdirmək olmaz. Qarabağ və ətraf zona işğal edilib, ora erməni silahlı birləşmələri nəzarət edir. Orda Ermənistanın pul vahidi, qanunları işləyir, İrəvan oranı maliyyələşdirir. Ermənistan oranı işğal etdikdən sonra özünə birləşdirmək istədi. Lakin 20 ərzində bunun nə praktiki, nə də hüquqi yolunu tapa bilmir. Bu mümkün də deyil. Əslində Ermənistan Dağlıq Qarabağ probleminin əsirinə çevrilib.

- Krım hadisələri gündəmdə ikən Dağlıq Qarabağ məsələsi də aktuallaşdı və belə bir fonda Rusiyada Jirinoviski Qarabağın Rusiyaya birləşdirilməsi iddiası ilə çıxış etdi. Bu təsadüfdürmü?

- Jirinoviskinin bu çıxışı böyük bir provokasiyadır. Onun Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan xalqı ilə bağlı verdiyi bəyanatlar əslində Rusiya-Azərbaycan münasibətlərini korlamağa, yeni gərginlik ocağı yaratmağa yönəlib. Hansı ki, bu nə Rusiyaya, nə də Azərbaycana qətiyyən lazım deyil. Bu insanın vaxtaşırı Rusiya ilə qonşu dövlətlərə qarşı verdiyi bəyanatlar bir qayda olaraq Rusiyanın əleyhinə işləyir. Bir müddət əvvəl onun Şimali Qafqazla bağlı verdiyi bəyanata hətta Rusiya prezidenti Vladimir Putin də qarışdı və onu belə bəyanatlar verməkdən çəkinməyə çağırdı. Görünür, bununla bağlı ciddi reaksiya verməyin vaxtı gəlib çatıb. Azərbaycan dövlət səviyyəsində Jirinoviskinin bəyanatlarına Rusiyanın özündə siyasi qiymət verilməsini tələb etməlidir. Bunun vaxtıdır.

- Rusiyada Azərbaycan diasporunun öndə gedənlərinin buna reaksiya verməməsi də diqqət çəkir?

- Rusiyada yaşayan və özünü Azərbaycan diasporunun önündə olan şəxsləri sayan müəyyən insanlar Jirinoviskinin bəyanatlarına heç bir reaksiya vermirlər. Baxmayaraq ki, Rusiya vətəndaşı kimi bu məsələyə öz mövqelərini bildirə və Jirinoviskidən bu cür bəyanatlardan çəkinməyi tələb edə bilərlər. Bunun özü heç də təqdirəlayiq halı deyil. Lakin Azərbaycanın özündə bu məsələyə ciddi reaksiya verildi və Jirinoviskinin cavabı verildi. Bu reaksiyalar onu bundan sonra öz çərçivəsindən kənara çıxmamağa sövq edəcək.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR