Xarici təhlükə olsa, kimlər iqtidarla danışığa gedəcək?
Bizi izləyin

Nida.az

Xarici təhlükə olsa, kimlər iqtidarla danışığa gedəcək?

Xarici təhlükə qarşısında kimlər iqtidarla danışığa gedəcək?


Ukrayna hadisələri və Krımın işğalı Rusiya təhlükəsini yenidən gündəmə gətirdi. Cənubi Qafqazın başı üzərində “Domokl qılıncı” kimi həmişə asılı olan Kreml yumruğunun növbəti hədəfində isə Azərbaycan olduğunu demək mümkündür. Ukrayna və bölgədəki son proseslər bu ehtimalı gücləndirir. Siyasi ekspertlərin Azərbaycanın hazır olması haqda dedikləri, medianın “Rusiya təhlükəsi” deyə manşetlər atması da təsadüfi deyil və baş verənlər, gözləntilər ölkədə birliyin vacibliyini ortaya çıxardır. Son olaraq Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Partiyalararası əməkdaşlığı daha da gücləndirmək lazımdır” açıqlaması vəziyyətin ciddiliyini bir daha ortaya qoydu: “Bu, beynəlxalq münasibətlərin inkişafına və normal səviyyəyə çatmasına da öz töhfəsini vermiş olar. Bu gün dünyada və Ukraynada baş verən proseslərə nəzər salsaq kifayətdir ki, partiyalararası münasibətlər gücləndirilməsi hansı əhəmiyyət kəsb edir”.
Bununla iqtidar öz mesajını vermiş oldu və dolayısı ilə Azərbaycan üçün təhlükənin hardan gəldiyini göstərdi. Yəni belə bir təhlükə mövcuddur, bunun qarşısında ən böyük qüvvə isə yalnız birlikdir.
Bir sıra siyasi partiya bu məsələ ilə bağlı mövqeyini Publika.Az -a açıqladı.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu belə bir əməkdaşlığın vacibliyini qeyd edib. Bildirib ki, belə əməkdaşlıqlar yalnız təhlükə yarananda deyil, həmişə olmalıdır: “Əgər bir ölkədə müxalifət varsa, bu əməkdaşlıq da hər zaman vacibdir. Təbii ki, bu cür ekstremal vəziyyətlərdə əməkdaşlıq daha sıx olmalı, intensivləşməlidir. Keyfiyyətcə yeni mərhələyə qalxmalı, milli və dövlət maraqları baxımından daha əhatəli olmalıdır. Ona görə də iqtidar-müxalifət dialoqunun, əlaqələrinin yaradılması ilə bağlı deyilən fikirləri alqışlayıram. Belə hesab edirəm ki, bu yalnız geopolitik gərginliklər zamanı deyil, sürəkli olaraq olmalıdır”.
S. Cəlaloğlu hesab edir ki, belə əməkdaşlıq cəmiyyəti kataklizmlərdən qorumaq üçün siyasi metod kimi daim işlənməlidir.

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə Azərbaycanı sevən qüvvələrlə birgə əməkdaşlıq etməyə həmişə hazır olduqlarını açıqlayıb. Lakin o əsl təhlükənin təkcə Rusiya deyil, ABŞ və NATO-dan da gəldiyini deyib: “BMT yaranandan sonra dünya beynəlxalq hüquq əsasında yaşayırdı. Lakin ABŞ İraqı işğal etdi, Yuqoslaviyanı parçaladı, qeyri-qanuni olaraq Kosovanı tanıdı. Bu gün Krımda baş verənlər bunun davamıdır”.A. Əlizadə qeyd edib ki, bu gün dünyada hüquq əsas deyil, güc əsasdır.

“Xalq arzusu” hərəkatının təsisçisi Asəf Quliyev hesab edir ki, Rusiyanın Ukraynanın müstəqilliyinə təcavüzü, Krımı işğal etməsi, rus şovinizminin baş qaldırması hər birimizi narahat etməlidir: “Bu gün Ukrayna, sabahsa biz ola bilərik. Bu gün Ukraynada baş verən hadisələr Rusiyanin yeni işğallara başlayacağından xəbər verir. Bu gün dünyanın, bizim susmamız nasizmin yeni işğallarına rəvac verməkdir. Ona görə bir olmalıyıq”.
A. Quliyev qeyd edib ki, bu gün sosial şəbəkələrdə fərdi, qrup maraqlarımızı təbliğ etməkdənsə, gələcəyimizi təhlükə altına qalan buna qarşı mübarizə aparmalıyıq.

“El” hərəkatının rəhbəri Eldar Namazov isə Publika.Az-a müsahibəsində (http://publika.az/p/10432) Rusiya təhlükəsinə qarşı hərəkətə keçməyin vacib olduğunu deyib. O, həmçinin maraqlı fikirlər irəli sürüb.
“Bunun Azərbaycan üçün kifayət qədər ciddi təhlükələri var. Hesab edirəm ki, duruma yenidən baxmalıyıq. Bu məsələdə iqtidar-müxalifət məsələsi yoxdur. Hamımız, iqtidarlı müxalifətli bütün cəmiyyət ölkənin təhlükəsizlik və Qarabağ məsələsində eyni mövqedən çıxış edək. Bu mənada biz yaranmış duruma Krım hadisələri fonunda bir daha baxmalıyıq.

Buna paralel olaraq da Rusiyanın beynəlxalq hüquq normalarına, ATƏT və BMT prinsiplərinə görə, Ermənistana hərbi dəstək verməsi mümkün deyil. Amma Krım ətrafında gedən proseslərdən görürük ki, Rusiyanın BMT-nin də, ATƏT-in də prinsiplərinə münasibəti necədir. Nəzərə almalıyıq ki, Krımın Rusiya ilə heç bir hərbi müqaviləsi yox idi, amma Ermənistanın var. Azərbaycan hətta neftdən əldə etdiyi gəlirlərin 90 faizini də orduya yönəltsə, Rusiya pulsuz olaraq Ermənistanı həm silahlandırmağa, həm də oradakı öz hərbi bazalarını gücləndirməyə çalışacaq ki, regionda güc balansının Azərbaycanın xeyrinə dəyişməyə imkan verməsin. Rusiya bunu gizlətmir. Həmçinin, bununla bağlı əvvəldən də ciddi faktlar var idi. Bir neçə dəfə milyardlarla dollar həcmində silahların Ermənistana ötürülməsini ortaya çıxartmışıq, faktlarla sübut etmişdik. Ancaq Krım hadisəsindən sonra artıq bir daha aydın olur ki, beynəlxalq hüquq normalarına istinad o qədər də etibarlı deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda bir neçə dəfə separatçı hərəkatlar yaratmağa cəhdlər olub. Düzdür, dövlət bu məsələdə müəyyən işlər görür. Ancaq həm Şimaldan, həm Cənubdan separat təhlükələri bu gün də mövcuddur”-deyə o bildirib.

E. Namazov bir məqama da diqqət çəkib. Bildirib ki, Ukraynaya, Krıma görə həm Avropa, həm ABŞ-la üz-üzə qaldığı dövrdə Rusiyanın müxtəlif dairələri diqqəti Krımdan, Ukraynadan yayındırmaq üçün başqa bir bölgədə analoji prosesin başlanmasında maraqlı ola bilərlər: “Burda əsas təhlükə Moldovada Dnestryanı və Qarabağa konfliktidir. Mən bu günlərdə Rusiya kanallarının birində rusiyalı icmalçının “əgər Krım belə həll olunursa, o zaman Qarabağ məsələsi necə həll olunmalıdır” sualını dinlədim. Yəni bu təhlükələrin hamısını qiymətləndirmək lazımdır. Burda Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə açıq-aşkar ciddi təhlükələr meydana çıxıb. Bunların hamısını obyektiv qiymətləndirməliyik. Dövlətimiz də, cəmiyyətimiz də bu təhlükələri dəf etməyə hazır olmalıdır”.

Lakin Milli Şura sədri Cəmil Həsənli hazırda Azərbaycan üçün Rusiya tərəfindən təhlükə olmadığını düşünür (http://publika.az/p/11279).O, “Hazırda Rusiya tərəfindən Azərbaycana qarşı təhlükə yoxdur” deyir və iqtidarı əməkdaşlıq məsələsində səmimi olmamaqda ittiham edir.

“Dəfələrlə əməkdaşlıq istiqamətində anons verilib. Amma bu əməkdaşlıq özünü doğrultmayıb. Çünki hakimiyyət əməkdaşlığa hazır deyil və müxalifət partiyaları ilə əməkdaşlıq etmək fikrində deyil”-deyə C. Həsənli bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm