Neftlə zəngin ölkələr , yoxsa rusdilli əhalinin çox olduğu dövlətlər - Krımdan sonra harda təhlükə var
Bizi izləyin

Nida.az

Neftlə zəngin ölkələr , yoxsa rusdilli əhalinin çox olduğu dövlətlər - Krımdan sonra harda təhlükə var

Neftlə zəngin Azərbaycan, əhalinin yarısı rusca danışan Baltiya - Krımdan sonra harda təhlükə var

Rusiyanın təcavüzkar siyasətini müşahidə edirKrım böhranı: Putinin qarşısında əsən qonşular kimlərdir?

Krımın Rusiyaya birləşməsindən sonra bütün dünyanın diqqəti Moskvanın bundan sonra postsovet məkanında sərgiləyəcəyi davranışlara yönəlib. Nüfuzlu analitik mərkəzlər, ekspertlər Rusiyanın Ukraynaya qarşı hərbi hərəkətlərinin cavabsız qalacağı halda, postsovet məkanını heç də xoş olmayan sürprizlərin gözlədiyini bildirir.

“Krımı zəbt edən Rusiya prezidenti Vladimir Putin faktiki olaraq Avropa təhlükəsizlik arxitekturasını dağıtdı. Rusiyanın qonşuları hazırda fala baxmağa məcburdur: Ukraynadan sonra onlardan kimə Putinin ambisiyaları toxuna bilər”.

Publika.Az – ın verdiyi xəbərə görə, bu sözlər Almaniyanın “WirtschaftsWoche Heute” qəzetində yer alıb.

“Krım böhranı: Rusiyanın qonşuları Putin qarşısında əsirlər” başlıqlı yazını oxuculara təqdim edirik.

Avropa gücsüzdür

Avropada sülhü və təhlükəsizliyi təmin edən təhlükəsizlik arxitekturası dağılır. Bununla da Almaniya böyük risklərlə üz-üzədir, çünki o Rusiya ilə iqtisadi zəncirlərlə çox sıx bağlıdır və uzunmüddətli perspektivdə Moskva ilə qarşıdurma siyasətinə yol vermək istəmir. Ancaq Rusiyanın ekspansiyası qarşısında ən böyük qorxunu onun qonşuları hiss edirlər. Məsələn, Qazaxıstanda böyük rusdilli diaspora yaşayır və Baltikyanı ölkələr tamamilə Rusiya qazından asılıdır. Avropa görünür, gücsüzdür. Almaniyanın xarici işlər naziri Frank - Valter Ştaynmayer çox yorulmuş insan təəssüratı yaradır. O, keçən həftə keçirdiyi mətbuat konfransında “soyuq müharibə” dövrünün ağır böhranından danışırdı. O, növbəti gün Brüsseldə sanksiyaların bir qədər kəskinləşməsinə səs verdi, amma Rusiya ilə iqtisadi müharibənin başlanmasının əleyhinə olduğunu bildirdi.

Baltikyanı ölkələr

Bu günlərdə Latviyada narahatlıq artıb. “Dienas Bizness” iqtisadiyyat qəzetinin jurnalisti Didzis Melkis narahatlığı bu cür izah edir:“Putin Latviyaya da “Krım ssenarisi”ni keçirə bilər. Latviyada rusdilli əhalinin sayı 35 faizə çatır. Hətta Riqanın bir çox rayonlarında latış dili ilə müqayisədə rus dilini daha çox eşitmək olar. Belarus sərhədi yaxınlığında yerləşən və ölkənin ikinci böyük şəhəri olan Dauqavpilsdə etnik latışlar əhalinin son siyahıyaalınmasına əsasən 20 faizdən də azdır”.

Etnik ruslar “loyal” Latviya vətəndaşları olsa da onların əksəriyyəti Krım böhranı zamanı Putini dəstəklədilər. Latviyanın Rusiyadan iqtisadi asılılığı çox böyük deyil. Amma energetika asılılığı Latviyanın “axilles dabanı”dır. Latviya, Litva və Estoniya qazı bütünlüklə Rusiyadan alır. Finlandiya, Estoniya və Latviya Brüsselin maliyyə yardımı ilə ümumi liman tikməyə hazırlaşır. Bu liman isə xaricdən gətirilən mayeləşdirilmiş təbii qazı qəbul etməyə imkan verməlidir. Layihənin reallaşması uzun müddət idi ki, ləngiyirdi. Adıçəkilən ölkələrdən hər biri limanın məhz onun ərazisində inşasını təkid edirdi. Liman isə böyük ehtimalla Estoniya sahillərində inşa olunacaq.

Belarus

Belarusun “əbədi” prezidenti Aleksandr Lukaşenko Ukrayna hadisələrinə laqeydliklə reaksiya verir. Rusiyanın Belarusa da mümkün hücum təhlükəsi barədə danışan Qərb jurnalistlərə cavab olaraq Lukaşenko “Biz ruslarla bir xalqıq. Biz slavyanlar, həmişə birlikdə dayanacağıq” söylədi.

Amma bu, həmişə belə olmayıb. Avropanın son diktatoru “qardaş” Rusiya ilə dəfələrlə dalaşıb. Əksər hallarda isə neft və ya təbii qazın qiymətlərinə görə. Sovet dövründən qalan iqtisadiyyatın həyat qabiliyyətinin saxlanılması üçün Belarusun ucuz qaza ehtiyacı var. Lukaşenko 2007-ci ildə “Dostluq” kəmərindən təbii qazın “müsadirə edilməsi” barədə göstəriş verdi. Amma üç il sonra borcu qaytarmaqdan imtina etdi. Rusiya qazın çatdırmasını dayandırdı və bu Avropada təşvişə səbəb oldu.

Hazırda Belarusun infrastrukturu tamamilə Rusiyanın əlindədir. Kremlin nəzarət etdiyi “Transneft” şirkəti Belarus qaz nəqliyyat sisteminin çox hissəsini əlində saxlayır. Litvalı politoloq Vitis Yurkovis deyir ki, Rusiya faktiki olaraq Belarusu artıq işğal edib.Belarusda problemlər Minskdə hakimiyyət dəyişikliyindən sonra yarana bilər. 2010-cu ilin dekabrında keçirilən prezident seçkilərinin kütləvi saxtalaşdırmasından sonra kütləvi etiraz aksiyaları başladı. Lakin hakimiyyət aksiyaları amansızlıqla yatırdı. Bununla belə ekspertlər Ukrayna hadisələrinin Belarusda təkrarlanacağını istisna etmirlər. Hərçənd Putin qonşu ölkəyə belə bir ssenarini buraxacaqmı? Çətin…

Moldova

Sovet İttifaqının dağılmasından və millətçi əhval-ruhiyyənin güclənməsindən sonra moldavanlar rumın dilində danışmaq istəyərək rus dilinin rəsmi statusunu ləğv etdilər. Bu Dnestryanı sakinlərini 1990-cı ildə öz müstəqilliyi elan etməyə itələdi. Faktiki olaraq Dnestryanı ərazi postsovet məkanında birinci suveren dövlət oldu. Moldova və Ukrayna arasında olan bu ərazidə hazırda Rusiya qoşunları yerləşdirilib. Hələ 2006-cı ildə tanınmamış respublika sakinləri Rusiyaya birləşmək üçün referendumda səs verdilər. Yaxın günlərdə isə Dnestryanı rəhbərliyi birləşmək üçün Rusiya Dövlət Dumasına müraciət etdi.

Dnestryanı tamamilə Kremldən asılıdır, Moldova isə üzünü Avropaya tutub. Rumıniya ilə sıx bağlı olan bu kiçik ölkə Avropa İttifaqı standartlarının tətbiqində böyük addımlar atıb. Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin yayda imzalanması planlaşdırılıb. Amma Moldovanın Avropa Şurasındakı deputatı Stanislav Sekrieru Rusiyanın sərhəd ərazilərində Moldovaya təzyiqi gücləndirə biləcəyindən ehtiyat edir. Bundan başqa isə ölkədə noyabr ayında parlament seçkiləri keçiriləcək. Ölkəni idarə edən koalisyon hökumət avrointeqrasiyanın tərəfdarı olmasına baxmayaraq, ölkə əhalisinin 70 faizindən çoxu hökumətin siyasətindən narazıdır. Avropa İttifaqı standartlarının qəbulu özü ilə xoşagəlməz iqtisadi nəticələri gətirdi. Moskva ölkə hakimiyyətinə təzyiqi gücləndirilmək məqsədi ilə tezliklə miqrantlarla bağlı sərt viza rejimini tətbiq edə bilər.

Gürcüstan

2008-ci il 8 Avqust gecəsi qəzəbli Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiya ərazisinə qoşun yeritdi. Rusiya beş gün davam edən müharibədə qələbə qazandı, iki həftə sonra isə Kreml Cənubi Osetiya və Abxaziyanı suveren dövlət kimi tanıdı.

Bu müharibə Gürcüstanda dərin böhran yaratdı. Hadisələrdən daha çox həyəcanlanan Saakaşvili televiziya müsahibəsi zamanı qalstukunu çeynəməyə başladı. Onun ölkəsi Rusiyanın iqtisadi embarqolarından sonra daha pis vəziyyətə düşdü. Gürcüstan şərab və mineral suların satıldığı ən böyük satış bazarını itirdi. Ancaq gürcülər zaman içində bu şokun öhdəsindən gəldilər. Yerli müəssisələr üzünü Avropaya yönəltməyə başladılar. Həmçinin idarəçilik sistemində pozitiv irəliləyiş müşahidə olunur. Korrupsiyaya qalib gəlmək praktik olaraq mümkün olub. Bütün bunlar ölkəni Qərb investisiyaları üçün daha cazibədar edib. Düzdür, Gürcüstanda əvvəlki kimi işsizliyin dərəcəsi yüksəkdir. Ancaq Ümumdünya Bankının məruzəsinə əsasən “Biznesin idarə edilməsi” kateqoriyası üzrə Gürcüstan 189 ölkənin yer aldığı siyahıda səkkizinci yerdədir və bu siyahıda 21-inci yerdə qərarlaşan Almaniyanı əhəmiyyətli dərəcədə qabaqlayır. Beləliklə, Gürcüstan postsovet məkanında investisiyalar üçün ən əlverişli ölkədir. Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin bu yayda imzalanması nəzərdə tutulub.

Azərbaycan

Neftlə zəngin olan Azərbaycan Rusiyanın təcavüzkar siyasətini müşahidə edir. Qərb Azərbaycana enerjidaşıyışılarının alternativ təchizatçısı kimi baxır. TAP və TANAP enerji marşrutları artıq bir neçə il sonra Avropaya yanacaq çatdıra bilər və bu “köhnə qitə”nin Rusiya enerji enerjidaşıyıcısılarından asılılığının azaldılmasına imkan yarada biləcək.

Lakin Rusiya heç vaxt Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaratmır. Ölkədə təxminən yüz min etnik rus yaşayır və Moskva öz qonşusuna təsir etmək imkanlarını əldən vermir. Dağlıq Qarabağ münaqişəsi Bakıda təzyiqin bir başqa alətidir. Azərbaycan indiyə qədər hərbi vəziyyətdədir, Rusiya isə xristian Ermənistanının tərəfindədir.

Bakı Rusiya və Avropa arasında manevr edir, amma bu gələcəkdə inamsızlıq yarada bilər. Azərbaycanlı politoloq Vəfa Quluzadə xəbərdarlıq edir: “Biz kiçik ölkəyik, Rusiya Ukrayna hadisələrdən sonra yenidən superdövlət olub. Putin beynəlxalq hüquq normalarını pozdu, ABŞ nə edir? O özünü bir qədər təhqir edilmiş hiss edirlər, amma vaxt keçəcək və əlini ruslara yenidən uzadacaqlar”.

Qazaxıstan

Zəngin təbii resurslarla 1990-cı ildən ölkəni idarə edən Nursultan Nazarbayev tarazlaşdırılmış prezidentdir. O, çıxışlarına adətən qazax dilində başlayır və sonradan əhalinin bütün kateqoriyalarının maraqlarını nəzərə alaraq rus dilinə keçir. O, müxtəlif qruplaşmaların konfliktlərindən məharətlə qazanc əldə edir. Nazarbayevin Putinlə münasibətləri konstruktiv hesab edilir və “ata” Nazarbayev Ukraynaya vasitəçi kimi xidmətini təklif edir. Dövlət aparatı Nazarbayevdən o qədər asılıdır ki, onun gedişi “vakuum” vəziyyət yarada bilər.

Rusdilli əhali Qazaxıstanda böyük say tərkibinə malikdir. Bu, Kreml üçün müdaxiləni yaxınlaşdıran səbəb ola bilər. Bundan başqa Qazaxıstanın şərqində sink, uran və titanın böyük ehtiyatları var. Keçmiş Sovet İttifaqının bir hissəsi olan Qazaxıstanın birləşdirilməsi bu baxımdan Rusiya üçün çox sərfəli olardı. İqtisadi planda Qazaxıstanın udulmasına Kreml çox yaxındır. Qazaxıstan Rusiyanın təşəbbüskarı olduğu Gömrük Şurasının üzvüdür. Qazax istehsalçıları Rusiya bazarına böyük ümid bəsləsələr də qazax malları Rusiyada rəqabətə davamlı deyil. Qazaxıstan Gömrük Şurasından indiyə kimi praktik olaraq heç bir xeyir götürməyib.

Çin

Çin Rusiya ilə ittifaqı dəstəkləyir. Təsadüfi deyil ki, Çinin yeni dövlət başçısı ilk xarici səfərini məhz Moskvaya edib. Krım böhranı kontekstində Çin qəzetləri “Qərbin lovğalığı” və “Rusiyanın təhlükəsizliyinin əsaslandırılmış maraqları” haqqında yazırdı. Çünki, Moskva və Pekin regionda inqilab təhlükəsi və ABŞ-ın artan təsiri mövzularında həmfikirdirlər.

Çin və Rusiya bir-biri üçün əhəmiyyətli iqtisadi partnyorlardır. Bu il iki ölkə arasında ticarət dövriyyəsi yüz milyard dollarla ifadə olunacaq. “Krım münaqişəsi Rusiya və Çinin xeyirxah münasibətlərində heç nəyi dəyişdirməyəcək”, - Şərqi Çin Pedaqoji Universitetinin politologiya fakültəsinin professoru Fenya Şaoley deyir. Ancaq Ukraynada vəziyyət Pekinin tam olaraq xoşuna gəlmir. Çünki, Pekin Krım nümunəsindən ölkədəki “separatçılar”ın, ilk növbədə tibetlilər və uyğurların yoluxa biləcəyindən narahatdır. Buna görə də rəsmi Pekin Çin ərazisindəki münaqişələrin dövlət KİV-lərində istənilən müqayisəsini qadağan edib. Bundan başqa, Putinin davranışı Tayvan tərəfindən müstəqilliyin elanı üçün motiv kimi qəbul edilə bilər. İki od arasında qalan Çin Rusiyadan uzaqlaşmaq da istəmir. Pekində yaxşı anlayırlar ki, Putinin və Qərb arasında münaqişənin kəskinləşməsi Rusiya enerjidaşıyıcılarını münasibə qiymətə almaq üçün Cinin əlinə yaxşı fürsət verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm