• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“AKP məğlub olsa, bunun əsas səbəblərindən biri də...” – Müsahibə

  • Nida.az
  • 29 Mart 2014 14:15
  • 762 Baxış
“AKP məğlub olsa, bunun əsas səbəblərindən biri də...” – Müsahibə

Türkiyədə sabah bələdiyyə seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) qələbəsinə əmindir, müxalifət isə donüş anının yaxınlaşdığını bildirir.

Publika.Az – a müsahibəsində politoloq Qabil Hüseynli seçkiöncəsi vəziyyəti, siyasi qüvvələrin qələbə şansları və seçkilərdən sonrakı gözlənilən siyasi proseslərlə bağlı sualları cavablandırıb.

- AKP qələbəsinə əmindir, ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının (CXP) İstanbul üzrə namizədi Mustafa Sarıgül isə bildirib ki, onlar addım-addım qələbəyə yaxınlaşır. Əslində vəziyyət necədir, qələbəyə kim daha yaxındır?

- Hadisələr normal cərəyan etsə, seçki prosesində hər hansı bir təzyiqlər, pulla ələ alınmalar, saxtalaşdırma halları olmasa AKP 30 faizdən çox səs toplaya bilməyəcək. AKP seçkiləri qazanmaq üçün hazırda müxtəlif variantlar üzərində işləyir. Suriyaya müdaxilə ilə bağlı aparılan müzakirələrin internetdə yayılması göstərir ki, AKP qələbə qazanmaq üçün bütün variantlardan istifadə edəcək, hətta lazım gələrsə türklərlə kürdlər arasında, seçki məntəqələrində qarşıdurma belə yaratmağa çalışacaq. Ümumiyyətlə, bu seçkilər Türkiyə üçün hədsiz dərəcədə təhlükəli ictimai-siyasi sferada cərəyan edir. Rüşvət hadisələri, səs qeydləri, seçkiqabağı demokratik mühitin aradan qaldırılması, “Youtub” və “Tvitter” sosial şəbəkələrin başlanılmasından sonra AKP-nin özü də görür ki, insanların əhval-ruhiyyəsi ona qarşıdır. İki həftədən çoxdur ki, rəy sorğularının keçirilməsi qadağan edilib. Çünki, rəy sorğularının hamısı AKP-nin 30-32 faiz səs topladığı üzə çıxır.

Bunun əvəzində isə CXP-nin, eyni zamanda Millətçi Hərəkat Partiyasının (MHP) səslərinin artdığı görünür. Bu iki partiya səslərin 50 faizindən çoxunu götürə bilər. Mən bunu ölkənin bir sıra politoloqlarının, ölkədə hökm sürən ictimai-siyasi vəziyyəti analiz edən təhlilçilərin fikirlərinə əsaslanaraq deyirəm. İqtidarın özünün təşviş içərisində olması da bunu deməyə əsas verir. Amma seçkilər süni gərginlik yaradılmaqla keçirilə bilər. Buna görə də CXP və MHP tərəfdarlarını qarşıdurmalardan uzaq durmağa, həm də seçki qutularındakı səsləri qorumağa çağırır. Bütün bunlar vəziyyətin mürəkkəb olduğunu göstərir. Hətta seçkilərdən sonrakı vəziyyətlə bağlı təhlükəli proqnozlar verənlər də var. Seçkilər saxtalaşdırıla, bu isə ciddi qarşıdurmalara gətirib çıxara bilər. Nəticə etibarilə bu vəziyyətdən kürd seperatçıları, onların silahlı qanadı PKK və siyasi qanadı BDP yararlana bilər. Ərdoğan və ətrafı heç bir halda məğlubiyyəti yaxına buraxmaq istəmirlər və buna görə də ciddi təşviş keçirirlər. Seçkilər normal keçirilərsə, CXP və MHP böyük şəhərlərdə, o cümlədən İstanbulda qələbə qazana bilərlər. İndiki halda onların şansı kifayət qədər yüksəkdir. AKP-nin əsas dayağı olan Gülən tərəfdarları da artıq ona səs verməyəcəklər.

- Gülən tərəfdarlarının seçkilərində əsas dəstəyini CXP-yə göstərəcəyi gözlənilirdi və AKP rəsmilərinin açıqlamaları da bu yöndə idi. Amma bir neçə gün bundan əvvəl açıqlanan siyahıdan göründü ki, Gülən camaatı 27 vilayətdə CXP, 37 vilayətdə isə MHP-nin namizədini dəstəkləyəcək. Niyə məhz MHP-yə üstünlük verilib?

- MHP-nin daha çox dəstəklənməsi onunla bağlı ola bilər ki, Gülən camaatı millətçilərə Türkiyə dövlətini əsl milli və dünyəvi dəyərlər üzərində inkişaf etdirə biləcək qüvvə kimi baxırlar. Düzdür, Gülən camaatı CXP-ni də müdafiə edir. Bu cür siyahılar bəzən saxta da ola bilər. Amma istənilən halda Cülən camaatı AKP-dən böyük miqdarda səs qoparacaq. AKP məğlub olsa, bunun əsas səbəblərindən biri də onun Gülən camaatı ilə bir yerdə olmaması olacaq. AKP-nin yol verdiyi nöqsanları da nəzərə alaraq demək olar ki, CXP və MHP-nin seçki təbliğatı kifayət qədər uğurla aparıldı, ictimai rəyi öz xeyrinə çevirə bildilər. Məsələn, İstanbulda Mustafa Sarıgülün təbliğatı AKP-nin namizədi Kadir Topbaşın təbliğatını dəfələrlə üstələdi. Açığını deyək, 12 il hakimiyyətdə olan qüvvə özünü demokratik sayılan bir ölkədə mütləq yeni qüvvə ilə əvəzlənməlidir. Məncə, əhalinin böyük əksəriyyəti də bunu başa düşür.

- Yeni qüvvənin gəlməli olduğunu deyirsiniz. Sizcə, bu CXP, yoxsa MHP olmalıdır?

- Tək qüvvənin ölkəni bir qayda olaraq avtoritarizmə sürüklədiyi bəllidir. Bu seçkilərdə CXP və MHP ikisi birlikdə səslərin 50 faizindən çoxunu toplaya bilər. Bu isə o deməkdir ki, parlament seçkilərində də eyni ssenari təkrar oluna və koalisyon hökumət yaradıla bilər. Qarşıdakı dövr bir partiyanın hökmranlığına son qoya biləcək bir dövr olmalıdır. Türkiyənin koalisiyalarda idarə olunmaq praktikasına yenidən qayıtması mümkündür. Bu seçicilərə manevr etmək və hökuməti seçki qutuları vasitəsilə cəzalandırmaq imkanı yaradır.

-Seçkilərin nəticələrindən asılı olaraq Türkiyə-Azərbaycan münasibətlərində yeni bir dövr başlaya bilərmi. Çünki, əksər fikirlər bu yöndədir ki, münasibətlərin inkişafı üçün mövcud potensialdan lazımı şəkildə istifadə olunmur...

-Zənnimcə, MHP bələdiyyə seçkilərində uğur qazansa və parlament seçkilərində də CXP ilə koalisyon hökuməti yaradılsa, Azərbaycan-Türkiyə münasibətləri yeni bir mərhələyə qalxa bilər. Çünki, hakimiyyətdə olan adamların həm milli mənsubiyyəti ilə bağlı müəyyən şübhələr var, həm də onların yürütdükləri siyasət milli siyasətdən uzaqdır. Güman edirəm ki, dəyişikliyin baş verməsi istənilən halda Azərbaycanın xeyrinə olacaq.

- Hesab etmək olarmı ki, AKP seçkilərdə qalib gəlsə belə, xarici siyasətdə müəyyən korrektələr etməli olacaq? Çünki, hazırkı xarici siyasət ölkə üçün xeyli problemlər yaradıb...

-AKP hazırda ölkədə antiamerikanizm, antiavropa əhval-ruhiyyəsini gücləndirib, azlıq olan kürdləri ciddi şəkildə müdafiə edir. Türklərin maraqları olan yerlərdə isə səsini azaldır. Məsələn, İraq və Suriyadakı türkmənlərlə maraqlanmır. Bu gün Türkiyədə ən çox təzyiqlərə məruz qalanlar məhz türk etnosuna məxsus olanlardır. Ordudan kənarlaşdırılanlar da, həbsxanaya atılanlar da. Bunun nəticəsidir ki, Fəthullah Gülən millətçiləri müdafiə edir. Türkiyə qütbləşmə güclənir və bu onun gücünü azaldan amillərdəndir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR