• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“İkili standart bu cür hərəkətlərə rəvac verir”- Oqtay Əsədovdan mesaj

  • Nida.az
  • 2 Aprel 2014 07:28
  • 617 Baxış
“İkili standart bu cür hərəkətlərə rəvac verir”- Oqtay Əsədovdan mesaj

Aprelin 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Avstriya Milli Şurasının sədr müavini Karlheinz Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə,spiker qonağı səmimi salamlayaraq ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Bildirib ki, dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasındakı imzalanmış sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıbdır: “Siyasi müstəvidə əldə edilən nailiyyətlər həyatın digər sahələrinə də öz təsirini göstərməkdədir. Fərəhli haldır ki, son 10 ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 85 faiz artmışdır. Bu sahədəki potensial münasibətlərimizin daha da dərinləşməsinə yaxşı zəmin yaradır. Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın mənafeyinə xidmət edir. Tanınmış Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini biz təqdirəlayiq hesab edirik. Bakıda Xalça muzeyində, Qız qalasının bərpasında, ölkənin Şimalında Qış Xizək Kompleksinin ərsəyə gəlməsində bu şirkətlərin fəaliyyətini müsbət dəyərləndiririk”.

O. Əsədov qeyd edib ki, parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsi dövlətlərarası əməkdaşlığın genişlənməsinə öz təsirini göstərir: “Parlament nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri, mötəbər beynəlxalq təşkilatlarda birgə iştirakı, bu baxımdan çox önəmlidir. Azərbaycan parlamentində dünyanın 75 ölkəsinin qanunverici orqanı, o cümlədən Avstriya parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir. Biz Avstriya parlamentində də Milli Məclislə əlaqələr üzrə ayrıca belə bir qrupun yaradılmasını arzu edirik”.

Spiker Azərbaycanın Avropaya inteqrasiya yolunda addımladığını diqqətə çatdıraraq, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəyini bir daha vurğulayıb. Bildirib ki, bu prosesə böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsi aradan qaldırıldıqdan sonra əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qalxması haqqında düşünmək olar.

“Çox təəssüf ki, dünya birliyi münaqişənin əvvəlində separatizmə öz kəskin etirazını bildirmədiyi səbəbindən problem bu həddə gəlib çatmışdır. BMT-nin 4 qətnaməsinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Bugünkü beynəlxalq hüquqda mövcud olan ikili standart bu cür hərəkətlərə rəvac verir. Biz bu sahədə beynəlxalq birliyin prinsipiallıq nümayiş etdirməyinin tərəfdarıyıq”-deyə spiker əlavə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq ölkələrimiz arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. Bildirib ki, bu gün müxtəlif səviyyələrdə olan əlaqələrimizin daha da dərinləşməsi ümumi mənafelərə xidmət edir. Bu baxımdan parlamentlərarası münasibətlərin genişlənməsi çox önəmlidir.

Avstriya parlamentinin sədr müavini Karlheinz Kopf ölkəsinin Milli Şurasının tərkibi və fəaliyyəti haqqında spikerə məlumat verərək Azərbaycanla əlaqələr üzrə ayrıca dostluq qrupunun yaradılması barədə məsələnin öz parlamentində qaldıracağını söyləyib.

Qəbulda parlamentlər səviyyəsində, siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərimizin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Cavid Qurbanov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Avstriyanın Azərbaycandakı səfiri xanım SilviaMeyer-Kaybiç və digər rəsmi şəxslər iştirak ediblər.

Daha sonra Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov Qərblə Şərq arasında körpü olan Azərbaycanın özəlliklərindən, tarixi nailiyyətlərindən bəhs edib. Ölkələrimiz arasındakı münasibətlərin əsasının hələ orta əsrlərdə qoyulduğunu nəzərə çatdıraraq qeyd edib ki, Azərbaycanın müstəqilliyi dövründə dövlətlərarası əlaqələrimiz xeyli genişlənib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Avstriya kansleri və digər rəsmiləri ilə görüşləri, qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edib.
Cavid Qurbanov Azərbaycanın müstəqilliyi dövründə keçdiyimiz yoldan, Avropaya inteqrasiyadan, demokratik dövlət quruculuğu istiqamətində atılan addımlardan və qazanılan uğurlardan söz açıb. Bildirib ki, biz Avstriyanı özümüzə dost ölkə bilir və Avstriya xalqına çox ehtiramla yanaşırıq. Azərbaycanın qapıları Avstriyanın biznesmenləri və iş adamları üçün həmişə açıqdır.

Görüşdə nümayəndə heyətinin rəhbəri, Avstriya Milli Şurasının ikinci Prezidenti Karlheinz Kopf Şərqi və Mərkəzi Avropa dövlətləri ilə əməkdaşlığı daha da genişlənmdirmək niyyətində olduqlarını bəyan edərək Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiklərini deyib. Azərbaycanda müstəqilliyin 23 ili ərzində çox böyük işlər görüldüyünü məmnunluqla vurğulayıb. Qanunvericilik sahəsində Avropa standartlarına üstünlük verilməsini, eyni zamanda Azərbaycanın öz tarixi keçmişinə və ənənələrinə sadiqliyini yüksək qiymətləndirib. Qonaq qeyd edib ki,parlamentlərarasıəlaqələrimizin daha da inkişafına diqqət yetirməklə yanaşı çalışacağıq ki, Avstriyadan çoxlu iş adamları Azərbaycana gəlsin və əməkdaşlıq əlaqələrimiz genişlənsin.

Sonra Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən Milli Məclisin komitə sədri Eldar İbrahimov və deputat Gülçöhrə Məmmədova fikirlərini bölüşərək Azərbaycan-Avstriya münasibətlərinin inkişafında hər iki ölkənin bu görüşdə də iştirak edən səfirləri Qalib İsrafilov və xanım Silviya Meyer-Kaybiçin xidmətlərini yüksək qiymətləndiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR