• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

"Gülənə rəğbətimi heç vaxt gizlətmirəm"

  • Nida.az
  • 17 Yanvar 2014 12:06
  • 700 Baxış
"Gülənə rəğbətimi heç vaxt gizlətmirəm"

Fətullah Gülənlə görüşmüş daha bir azərbaycanlı jurnalist aşkarlandı. Modern.az türk vaizlə görüşmüş, ondan müsahibə almış tanınmış telejurnalist Qulu Məhərrəmlinin təəssüratlarını oxuculara çatdırır.

– Fətullah Gülənlə iki dəfə görüşmüşəm. İlk dəfə 1998-ci ildə Türkiyədə, ikinci dəfə isə 2011-ci ildə ABŞ-da. Amma bunlardan əvvəl 1992-ci ildə də belə bir görüş imkanı yaranmışdı. O vaxt “Zaman” qəzetinin təşkilatçılığı ilə 20-yə yaxın jurnalist Türkiyəyə səfərə getmişdi. Nəzərdə tutulduğuna görə qrup İzmirdə Gülənlə də görüşməli idi, lakin səfər proqramı bir az uzun çəkdiyinə görə AzTV-də çalışan bir həmkarımla qrupdan ayrılıb İstanbula getdik, oradan isə Naxçıvana qayıtdıq. Amma görünür, bu mübarək insanla görüşmək qismətimizdə var imiş.

Fətullah Gülənlə ilk görüşünüzün təəssüratı necə oldu? O, həqiqətənmi sizə bir övliyya təsiri bağışladı?

– Təbii ki, görüşənə qədər Gülənlə bağlı müəyyən təsəvvürüm var idi. Onun obrazı yaddaşıma daha çox Bakıda 20 yanvar qırğınlarına üsyan edən bir din adamı kimi həkk olunmuşdu. Lakin 1998-ci ilin mayında İstanbuldakı görüşümüzdə mən qarşımda dünyanı fərqli duyan, zəngin bir fikir adamını gördüm. Mənə kifayət qədər sadə, səmimi, istiqanlı, dərin zəkaya malik, təvazökar və harizmatik insan təsiri bağışladı. Nitqi aydın, fikirləri dupduru idi. Bir də xoşuma gələn o oldu ki, əvvəlcədən razılaşdırılmış suallardan kənara çıxmağa etiraz etmədi. “Xalq qəzeti”ndən dostum Tahir Aydınoğlu ilə birlikdə verdiyimiz bütün sualları çox həvəslə cavablandırdı. Mən Xoca əfəndinin simasında bir az Osmanlı imperiyasının xiffətini çəkən, amma düşüncə etibarı ilə müasir olan bir türkçünü və böyük İslam təəssübkeşini gördüm. 2011-ci ilin martında ABŞ-da səfərdə olarkən də fürsət yarandı və Gülənlə yenidən görüşdüm. Düzdür, bir az yaşlanmışdı, xəstəhal idi, amma bu qlobal düşüncənin sahibinin ağlının itiliyi, hadisələrə həssas yanaşması nəzərimdən qaçmadı. Bu görüşümüzdə onun Füzulinin yaradıcılığını dərindən təhlil etməsinə, Yunus Əmrə ilə paralellər aparmasına heyran oldum. Azərbaycanın çətinliklərini dilə gətirməsi, uğurlarına sevinməsi, “hər cür sıxıntılardan keçəcəksiniz” deməsi məni çox duyğulandırdı. Bir daha hiss etdim ki, Gülən Azərbaycanın böyük dostudur.

Qulu Məhərrəmlinin düşüncəsində Fətullah Gülən kimdir?

– Xoca əfəndi mənim üçün, ilk növbədə bir mütəfəkkir, maarifçi filosof, barış və dialoq adamıdır. Onun fəlsəfi düşüncələri minilliklər ərzində formalaşmış Şərq fəlsəfəsindən qaynaqlanır. Mən Güləndə Qəzzalinin, Mövlanənin, Fərabinin ruhunu duyuram. Xarici mətbuatda onun “Anadolunun Mahatma Qandisi” adlandırılması da təsadüfi deyil. Gülənin ideyaları və gerçəkləşdirdiyi hərəkat üç istiqamət üzərində dayanır: insanları maarifləndirməklə cahilliyin qarşısını almaq, güzəranlarını yaxşılaşdırmaqla yoxsulluğu və fəqirliyi ləğv etmək, dialoq və xoşgörü ilə münaqişə və nifaqlara son qoymaq. Görün, bu ideyalar cahillikdən, fəqirlikdən və çox vaxt nadanlıqdan doğan münaqişələrdən əziyyət çəkən İslam dünyası üçün nə qədər vacibdir? Vaxtilə Turqut Özalın da dəstək verdiyi bu ideyalar, əslində bizlər üçün yeni deyil. Ötən əsrin əvvəllərində görkəmli Azərbaycan mütəfəkkirləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağoğlu, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli bu barədə dönə-dönə danışıblar. Ona görə də F.Gülənin könüllülər hərəkatına, onun ideyalarına bir az geniş nəzərlərlə baxmaq lazımdır.

Gülən elmlə əxlaqın sintezini yaratmaq istəyən şəxslərdəndir. Bu gün ona qarşı getmək elmə və mənəviyyata zərbə kimi düşünülə bilərmi?

– Məsələ bir az dolaşıq qoyulur. Əslində hər şeydə, o cümlədən elmdə də əxlaq olmalıdır, yəni bu sintez labüddür. Cəmiyyətdəki yaramazlıqların çoxu Allahı və əxlaqı unutmaqdan qaynaqlanır. Mən Gülən təliminə dərindən bələd deyiləm, amma duyduğum budur ki, onun düşüncəsində kamil, imanlı və əxlaqlı insan problemi ən öndə dayanır. Bilirsiniz, dünya o ideyaları qəbul edir ki, həyatda gerçəkləşir və insanlara fayda verir. Bu mənada böyük imperiya tarixi olan, Şərqin fəlsəfi fikrinə təsir edə bilən Türkiyədə Gülən kimi bir mütəfəkkirin yetişməsi tarixi hadisədir. Onun həyatı, ictimai düşüncəsi və davranışları çox mənalarda nümunədir. Necə ola bilər ki, heç bir formal vəzifəsi olmayan bir adam dünyanın onlarca ölkəsində məktəblər, universitetlər, dialoq mərkəzləri açılmasını təşviq edir. Nədən elm, siyasət, dövlət və biznes adamları ona inanır, onunla məsləhətləşir, parlaq təşəbbüslərinə dəstək verirlər? Deməli, onun ideyaları bütün dünya üçün, bəşəriyyət üçün çox cazibədardır.

Mümkünsə, onunla bağlı hazırladığınız proqramla bağlı məlumat verərdiniz.

– Jurnalistika fəaliyyətim dövründə çox məşhur adamlardan müsahibə almışam, çox tanınmış siyasətçilərə suallar vermişəm, o cümlədən Tetçer, Bhutto, Rabin, Yeltsin, Dəmirəl, Şevardnadze və başqa görkəmli siyasətçilərlə böyüklü-kiçikli müsahibələrim olub. Eləcə də, çoxlu elm və fikir adamları ilə görüşmüşəm. Gülənlə müsahibə bu baxımdan mənim yaddaşımda çox parlaq iz qoyub. “Gerçəklik” adlanan həmin verilişim, səhv etmirəmsə Gülənə aid saytlarda yerləşdirilib. Mən dar gündə Azərbaycana əl uzadan, onun dərdlərini dünyaya çatdıran, sülh və barış carçısı olan bir hərəkata və onun mənəvi liderinə rəğbətimi heç vaxt gizlətmirəm.

Sizcə, Fətullah Gülən ilahi eşqin ziyasında formalaşan bir filosof, yoxsa kütlənin təbirincə desək, adi bir siyasi fiqurdur?

– Kim ona hansı gözlə baxırsa, onu elə də görür. Mənim düşüncəmə görə, Gülən, ilk növbədə bir filosof, fikir adamı və mütəfəkkirdir. İçində Tanrı sevgisi olan işıqlı bir şəxsiyyət və milyonların sevdiyi mənəvi liderdir. Təbii ki, onun dəstəklədiyi hərəkat bu və ya başqa formada siyasətin də yan-yörəsindən keçir, amma o, heç bir halda siyasətçi deyildir, sadəcə belə bir iddiası yoxdur. Lakin siyasətçilərin bu cür güclü dəstəyə, nüfuza və şöhrətə malik insanlardan, şəraitdən asılı olaraq çəkinməsini, onlara dost və ya düşmən olmasını da danmaq olmaz.

– Onun bir çox əsərləri Qərb rasionalizmi ilə Şərq irrasionalizminin sintezini yaratmaq yolunda bir addım sayılır. Amma bu gün Qərb və Şərq düşüncəsinin tən ortasında yerləşən Türkiyə ondan imtina edərsə, nə itirəcək?

– Güləni Şərqdə, müsəlman dünyasında ona görə sevirlər ki, o, İslam ənənəsi və dəyərlərinin parlaq daşıyıcısıdır. Din və onun Peyğəmbəri haqqında dəyərli əsərlər müəllifidir. Qərbdə isə ona görə qiymətləndirirlər ki, qüdrətli islam dininin müasir simasıdır. Türkiyə onu heç vaxt itirməz, sadəcə itirə bilməz. Siz korrupsiya olayından qeyzlənmiş və impulsiv bəyanatlar verən hakimiyyət rəsmilərinə baxmayın. Türk cəmiyyəti və xalqın böyük əksəriyyəti Gülənə ehtiramla yanaşır, çünki o, çoxdan insanların könüllərində özünə mənəvi abidə ucaldıb.

– Bəs əgər biz Türkiyə kimi hərəkət etsək nə itirəcəyik?

İnsan bilmədiyi şeyin düşmənidir. Bəzən nadanlıq qaranlıqdan işığı da görməyə mane olur. Çox zaman bilgisizlikdən, eləcə də coşub daşan “vətənpərvərlik” və “dövlətçilik sevgisindən” biz çox şeyləri inkar etməyə çalışırıq. Halbuki Qərbdə çoxdan insanları gözəl danışıqlarına görə yox, gözəl əməllərinə görə qiymətləndirirlər. Bu mənada hər şey cəmiyyətin və konkret fərdlərin əxlaqından, dəyərlərə münasibətindən və şəxsiyyətlərə yanaşmasından asılıdır. Kimsə bu ölkədə keyfiyyətli təhsilə töhfələr verirsə, kimsə insanların qəlbinə Tanrı işığı salırsa buna yalnız sevinmək lazımdır. Mən görkəmli rus şərqşünası, akademik Rıbakovun “Dialoq Avrasiya” platformasının toplantılarının birində dediyi bu sözləri heç unutmuram: “Bugünkü dünyada yüksəlişin yolu bilikdən, maariflənməkdən, sülh və əmin-amanlığa xidmət edən dialoqdan keçir. Biz bu ideyaları var gücü ilə dünyaya təlqin edən Fətullah Gülənə minnətdar olmalıyıq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR