• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Köçkünlər millət vəkilinin mandatının ləğvini tələb edir

  • Nida.az
  • 2 Aprel 2014 18:26
  • 742 Baxış
Köçkünlər millət vəkilinin mandatının ləğvini tələb edir

Millət vəkilinin üzr istəməsi və mandatından məhrum edilməsi tələb olunur; Məcburi köçkünlər aksiya keçirəcəklərinin anonsunu verdilər.

Millət vəkili Etibar Hüseynovun ANS telekanalında məcburi köçkünlər barədə səsləndirdiyi fikirlər ətrafında yaranan narazılıqlar böyüməkdədir. Sosial şəbəkələrdə etirazlar daha kəskin xarakter alıb. Etirazçılar millət vəkilinin üzr istəməsini tələb edirlər. Hətta millət vəkili üzr istəməsə, bununla bağlı etiraz aksiyası keçirəcəklərini bildirirlər.

"Musavat.com"a müraciət edən Laçından olan bir qrup məcburi köçkünün etirazı daha ciddi xarakterdədir. Onlar millət vəkilinin mandatının alınmasını və Qarabağ məcburi köçkünlərindən üzr istəməsini tələb edirlər.

“Qaçqın və Məcburi Köçkünlərin Müdafiəsi” İctimai Birliyinin sədri Əhməd Cəlaloğlu Azərbaycan hakimiyyətini millət vəkili ilə bağlı təcili tədbirlər görməyə çağırıb: “11 il Azərbaycan ordusunda qulluq etmişəm. 1992-ci ildən Sumqayıt ərazisində məskunlaşmışıq. Öz doğma yurdlarından didərgin düşən insanlar haqqında bir deputatın bu cür insanları aşağılaması rüsvayçılıqdır. O, bir millət vəkilinə uyğun olmayan ifadələrlə bütün qarabağlıları təhqir edib və hissiyatımıza toxunub. Bu deputat üzr istəməli və onun mandatı ləğv olunmalıdır. Əks halda, qarabağlıların qəzəbindən qurtula bilməyəcək. Əhatəmizdə olan köçkünlər çox qəzəblidir. Artıq bu barədə dövlət tədbir görməsə, biz əlavə tədbirlər planlaşdırmağı düşünürük”.

Laçın məcburi köçkünü Xəyyam Qəhrəmanov da deputatı məhkəməyə verəcəklərini bildirib: “Bu çıxış ətrafımızdakı insanları hiddətləndirib. Onsuz da problemlərimiz aşıb-daşır. Səslənən belə fikirləri ifadə etməyə insan söz tapa bilmir. Etibar Hüseynovu “Lider” kanalından tanıyırıq. O insan gedib, öz törətdiyi əməlləri ört-basdır etməklə məşğul olsun. Biz qanunvericiliyin tələblərinə uyğun olaraq, sona qədər haqlarımız uğurunda mübarizə aparacağıq. Qısa zamanda tədbirlər görülməsə, aksiya təşkil edəcəyik”.

Məcburi köçkün Sarvan Pircahanlı Etibar Hüseynovun çıxış etdiyi ANS telekanalı vasitəsilə Azərbaycan xalqından üzr istəməsini tələb edib: “Bu fikirləri səsləndirən deputat yaxşı olar ki, Azərbaycan kanallarında xalqımızın mentalitetini korlayan, övladlarımızın tərbiyəsini korlayan verilişlərin yayımlanmasına etiraz etsin. Bunlara etiraz etməyə cəsarəti çatmaz. Çünki özü bu cür hallara şərait yaradan insanlardandır. Mətbuatda bir o qədər də bu məsələyə önəm verilmədi. Bütün mətbuatdan xahişim budur ki, bu barədə tədbirlər görülməyənə qədər mətbuat bu xəbəri işıqlandırsın. O deputatın isə çıxış etdiyi kanal vasitəsilə üzr istəməsini tələb edirik”.

Digər məcburi köçkün Elşən Cəbiyev isə daha sərt danışdı: “Yaxşı olar ki, Etibar Hüseynov gedib, taladıqları dövlətimizi düzəltməklə məşğul olsun. Onun bizim yaşadığımız çətinlikləri yaşamasını arzu edirik. Onda bizi bəlkə anlaya bilər. Onu da güman etmirəm. Çünki insanlıqdan kənar birisi nə qədər çalışsa da, insan olmağı bacara bilməz. Biz bu təhqiri yerdə qoymayacağıq. Deyir ki, guya ki biz TV və radionu Bakıya gələnə qədər görməmişik. Elə insanları kanallarda görməməyimiz daha yaxşıdır. O insanları verilişə çıxardanlar da elə onun səviyyəsindədir ”.

Onu da qeyd edək ki, bu etirazlar kiçik bir dairə ilə məhdudlaşmır. İşğal edilmiş bütün ərazilərimizdən məcburi köçkün olan insanlar buna öz etirazlarını açıq şəkildə bildirirlər.

Qubadlı rayonundan olan məcburi köçkün Könül Əliyeva hesab edir ki, heç bir insan belə fikirləri təkbaşına səsləndirə bilməz: “Bu insanların məqsədi tamam başqadır. Xalq arasına nifaq toxumu səpmək istəyirlər. Güman etmirəm ki, bu fikirlər onun şəxsi fikri olsun. Bu işin arxasında onu müdafiə edən havadarları var. Bunlar unutmurlar ki, Azərbaycan tarixinin inciləri qaçqınların ata-babaları olub. Belə fikirlər iyrənc bir siyasətdən doğur. İstəmirlər ki, qaçqın adı səslənsin. Çünki belə olduqda ilk yada düşən Qarabağ olur. Bunlar xalqa bu adı unutdurmaq istəyirlər. Onun fikirlərini bəyənən insanlar bizim xalqdan deyil. Belə insanlar xalqa üz qarasıdır. Mən bir qarabağlı kimi tələb edirəm ki, Etibar Hüseynov bütün Qarabağ məcburi köçkünlərindən üzr istəsin. Əks halda böyük fəlakətlər gözlənilir”.

Ölkəmizin tanınmış siyasətçiləri də millət vəkilinin səsləndirdiyi fikirlərə münasibət bildiriblər.


Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub sosial şəbəkələrdə bu barədə yazılan statusların birində bunları deyib: “Bu adam ağzının sözünü bilməyən birisidir. İllərdir ki, TV ekranlarından, deputat kürsüsündən insanlarımızı təhqir edir. Amma onun kimilərinin fitfasına uyub, bəzi dostlarımız bölgələrimizi üz-üzə qoymasınlar. Söhbət deputat adını daşıyan bir məxluqa cavab verməkdən getməlidir”.

Millət vəkili Etibar Hüseynov səsləndirdiyi fikirlər və onun haqqında yazılanlara münasibətini açıqlayıb. Azxeber.com-a müsahibəsində deputat bunları deyib: “Əgər mən səhv etsəydim, mən xalqımdan bir ayaqüstündə dayanıb, üzr istəyərəm. Əgər mən indi üzr istəsəm, o zaman dediyimin səhv olduğunu qəbul etmiş olaram. Ona görə də heç kim məndən inciməsin. Mən qarabağlıların heç birindən üzr istəməyəcəm. Birincisi deyirlər ki, guya ki, mən qarabağlıları təhqir eləmişəm. Halbuki qulağında və gözündə problemi olmayanlar görür ki, danışığımda konkret olaraq, heç bir bölgənin adını çəkmirəm. İkincisi, qaçqın və məcburi köçgünlərə "gələnlərin içində elələri var ki, yaşadığı məkanda nəinki TV, heç radio səsi belə eşitməyib. İnsanlar qəflətən paytaxt yerində yaşamaq məcburiyyətində qaldılar" ifadəsidir. Burada səhv və ya təhqiramiz nə var ki? Axı hamınız çox gözəl bilirsiniz ki, nəinki uzaq 80-ci illərdə, bu gün də Azərbaycanımızın onlarla kəndi, qəsəbəsi var ki, nəinki TV və radio heç adi mobil rabitəsi belə yoxdur. Üçüncüsü, hiddət doğuran ifadələrimdən biri də "o vaxt əksəriyyəti ayaqyalın, başıaçıq, ac-yalavac, doğma və yaxınlarını itirmiş və buna görə də əsəbi və aqressiv olan kəslərin birdən-birə şəhər mühitinə adaptasiyası çətin oldu. Sanki bir anda yağla su bir-birinə qatışdırıldı" deməyimdir. Burada yalan nə var ki?”

Sonda onu qeyd edək ki, məcburi köçkünlər deputat barədə ölkə prezidentinə müraciət edəcəklərini bildiriblər (Musavat.com).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR