Deputat: “Prezident bir daha xalqın yanında olduğunu nümayiş etdirdi”
Bizi izləyin

Nida.az

Deputat: “Prezident bir daha xalqın yanında olduğunu nümayiş etdirdi”

“Azərbaycan Prezidenti hər zaman olduğu kimi, ötən gün də düşənin 100 metrliyində yerləşən cəbhə xəttinə səfər edərək, öz xalqının yanında olduğunu bir daha göstərib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı işlər ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır: “Son günlər erməni separatçılarının işğalçı siyasəti davam etdirərək, cəbhə xəttində mülki əhaliyə atəş açması hadisələrinə Cənab Prezident sərt şəkildə öz mövqeyini bildirib. Prezident İlham Əliyev Ali baş komandan kimi bütün bu proseslərin ən önündə gedərək, Azərbaycan xalqının yanında oldu. Cənab Prezidentin təmas xəttinə gedərək, erməni vəhşiliyindən əziyyət çəkən əhalinin yanında olması hər bir azərbaycanlı üçün böyük qürur və fəxrdir”.

Deputat qeyd edib ki, belə bir gündə düşmənlə təmas xəttinə getmək çox vacib əhəmiyyət daşıyır: “Prezident İlham Əliyev Ali baş komandan kimi cəbhə hərbçilərimizin və qəhrəman xalqımızın yanındadır. Təbii ki, bütün bunlar bizə böyük qürur və iftixar hisləri yaşadır. Prezident İlham Əliyev bu addımı ilə bir daha lider olduğunu nümayiş etdirib”.

R.Rzayev Azərbaycanın müxalifət partiyası rəhbərlərinə də iradını bildirib: “Çox təəssüf ki, Azərbaycan müxalifəti ötən sərin 90-cı illərinin əvvəllərində olduğu kimi, bu gün də anti-milli fəaliyyətlərini davam etdirirlər. Çox təəssüf edirəm ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə iqtidarda olmaq onlara nəsib olub. Çünki onların səriştəsiz rəhbərliyi nəticəsində Azərbaycan əraziləri işğal edildi və bu gün də bu işğal davam edir. Hazırda ermənilərlə aparılan bu mübarizə meydanı Azərbaycan müxalifətinin döyüşə biləcəyi meydan deyil. Onlar sağ olsun ki, bu gün müxalifət kimi mövcuddurlar. Onlara tövsiyəm odur ki, gedib sağlam müxalifətçiliklərini etsinlər və işğalçı ölkəyə qarşı aparılan mübarizəyə müdaxilə etməsinlər. Müxalifət rəhbərləri Azərbaycan vətəndaşı kimi öz təkliflərini verə bilərlər. Ancaq yaxşı olar ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində kömək olmadıqları kimi, müdaxilə də etməsinlər. Azərbaycanın bu günü, gələcəyi, işğal altındakı torpaqlarımızın azad edilməsi və ölkəmizin inkişafı müxalifətin düşüncəsi ilə reallaşan işlər deyil. Azərbaycan müxalifəti bu düşüncə ilə heç bir iş görə bilməz. Onların siyasi şüuru və dünya görüşü Azərbaycana heç bir xoş vəd verə bilməz. İstər Əli Kərimli, istər İsa Qəmbər, istərsə də digərləri olsun. Bu meydan onların meydanı deyil. Azərbaycanda ulu öndər Heydər Əliyevin qurub yaratdığı uğurlu dövlət siyasəti yaşayır. Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasətlə bundan sonra da yaşayacaq. İnşallah düşmən tapdağında olan torpaqlarımız cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində geri qaytarılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm