Pakistan səfiri açıqladı: “Azərbaycan hər an ən yüksək səviyyədə hərbi dəstək ala bilər” – ÖZƏL
Bizi izləyin

Nida.az

Pakistan səfiri açıqladı: “Azərbaycan hər an ən yüksək səviyyədə hərbi dəstək ala bilər” – ÖZƏL

Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser işğalçı Ermənistanın bu ilin aprel ayından başlayaraq cəbhə xəttində Azərbaycanın mülkü əhalisinə qarşı həyata keçirdiyi silahlı təxribatlara münasibət bildirib.

Səfir Publika.az-a açıqlamasında Pakistan hökumətinin mövqeyini bir daha təkrarlayaraq, Ermənistanın işğalçı və təxribatçı ölkə olduğunu, ümumiyyətlə, Ermənistanı dövlət kimi tanımadıqlarını söyləyib: “Bilirsiniz ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən biridir. Eyni zamanda Pakistan dünyada yeganə dövlətdir ki, Ermənistanı ölkə kimi tanımır. Biz hər zaman bəyan etmişik ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və Ermənistan tərəfindən işğal olunub. Biz bu münaqişədə hər zaman Azərbaycanı dəstəkləmişik və bu gün də bu mövqeyə sahibik”.

Xalid Usman Qayser deyib ki, Pakistan Azərbaycanla hərbi əməkdaşlıq edir:

“Azərbaycan istədiyi zaman Pakistandan ən yüksək səviyyədə hərbi dəstəyi ala bilər. Bizim əməkdaşlığımız təmənnasız və daimidir. Biz zaman-zaman Azərbaycanla hərbi sahədə əməkdaşlıq edirik, hərbi kadrların hazırlanması və silahlarla bağlı əməkdaşlığımız mövcuddur. Şübhəsiz ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək”.

Hazırda Azərbaycan-Pakistan münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayan səfir qeyd edib ki, rəsmi İslamabad Azərbaycana bundan sonra da dəstəyini əsirgəməyəcək: “İki dost ölkə arasında müxtəlif sahələr üzrə münasibətlər uğurla inkişaf edir. Bu inkişafda həm Azərbaycan, həm də Pakistan maraqlıdır. Azərbaycan və Pakistan arasında möhkəm əlaqələrin əsası Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bir səfir kimi mən də bu dostluq müstəvisində təməli qoyulan münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm