Bakıda “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib
Bizi izləyin

Nida.az

Bakıda “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, konfransdan əvvəl YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Konfransda ilk olaraq çıxış edən baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Azərbaycanın cəmiyyətinin yüz illər boyu tolerant bir dövlət olduğunu və burada müxtəlif dinlərin və etnik dini icmaların birgə dinc və dostluq şəraitində yaşadığını bildirib. Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda bu gün mövcud multikultural dəyərlər dünyaya bir nümunə kimi təqdim olunur.

Baş nazirin müavini ümumilli lider Heydər Əliyevin də məhz bu siyasətə önəm verdiyini xatırladıb: “Bu siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz sivilizasiyalararası diaqloqun mərkəzinə çevrilib”.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla və digərləri Heydər Əliyevin Azərbaycanda tolerantlığın və multikultural dəyərlərin oturuşmasından, eləcə də bunun dünyaya təbliğ olunmasından söz açıblar.

Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, parlament sədrinin müavini Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar, Bakı rayonlarının icra hakimiyyətlərinin başçıları, YAP-ın rayon təşkilatlarının sədrləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm