Nida.az
Putini Bakıya gətirən strateji səbəb: Qarabağ üçün “son nöqtə”?
Üç illik fasilədən sonra Rusiya prezidenti Vladimir
Putin Bakıya gəlir. Kremlə yaxın mənbələrin verdiyi xəbərə görə,
onun təyyarəsi mayın sonlarında Azərbaycana doğru istiqamətlənəcək.
Nəzərə alsaq ki, sonuncu dəfə 2013-cü ilin avqustunda Bakıda olan
Vladimir Putin rus donanmasının müşayiəti ilə Xəzər sularının
üzərindən gəlmişdi, o zaman bu dəfə də onun seçəcəyi marşrut
gözlənilməz ola bilər. Amma burada əsas olan onun Bakıya
gəlib-gəlməməsidir. İnformasiyanı mediaya sızdıran mənbə həqiqəti
söyləyirsə, “dördgünlük müharibə”dən sonra bu səfər Cənubi Qafqaz
regionu üçün bir çox siyasi aspektdən
dəyərləndirilməlidir.
Putinin Kreml divarları arxasından çıxışı adətən, ən xüsusi
hallarda baş verir və onun post-sovet məkanına istənilən səfəri
diplomatlarının tədricən yetişdirərək hazırladığı prosesə “son
nöqtəni” qoymaq xarakteri daşıyır. Bu baxımdan, onun Kremli tərk
etməsinin arxasında iki mühüm istiqamət nəzərdən qaçmır.
1. Putinin Bakıya gəlişi hər şeydən öncə Rusiyanın Cənubi
Qafqazı heç kimə, xüsusilə Türkiyəyə güzəştə getmək niyyətində
olmadığını göstərir. Suriyada rus təyyarəsinin vurulmasından sonra
gərgin müstəviyə keçən Ankara-Moskva münasibətləri sözün əsl
mənasında “soyuq müharibə” dönəmini xatırladır. İki regional gücün
tarix boyu bölüşə bilmədiyi Cənubi Qafqaz regionu yeni gərginlik
mərhələsində II Dünya müharibəsinin Kasablankasını
xatırladır.
Qarabağda aprel müharibəsinə qədər baş verənlər rəsmilərin
dilindən səslənməsə belə, Bakının Türkiyə-Rusiya qarşıdurmasında öz
yönünü Ankaraya doğru seçdiyi aydın görünürdü. Prezident İlham
Əliyevin bu ilin martında Ankaraya səfəri və orada verilən mesajlar
da bunu açıq şəkildə göstərdi (http://publika.az/p/129516).
“Dördgünlük müharibə” və Ankaranın tutduğu mövqedən sonra
regionda daha qabarıq görünən Türkiyə-Azərbaycan gücünü Rusiya özü
üçün yaxşı heç nə vəd etməyən perspektiv hesab edir. Və belə bir
məqamda Putinin Kremldəki kabinetini tərk etməsi təsadüf deyil:
- Türkiyənin Azərbaycan üzərindən regionun içərilərinə
doğru irəliləməsi.
- Bakının Ankara ilə daha sıx şəkildə bütövləşməsinin doğurduğu
təhlükə.
- Gürcüstandan sonra Azərbaycanı da bütövlükdə itirmək
qorxusu.
Bu səbəblər Kreml sahibinin hərəkətə keçməsini şərtləndirir.
Xüsusilə NATO-nun Gürcüstanda ayaq açaraq yeriməsindən sonra daha
bir Şimal Alyansına üzv ölkənin – Türkiyənin regionda sürətlə
güclənməsi Putin Rusiyasının strategiyasına ziddir. Türkiyənin
Cənubi Qafqaza doğru açılımı Rusiyanın ürəyi adlandıra biləcəyimiz
Orta Asiyaya da çıxışı deməkdir.
Ümumiyyətlə, Bakı Ankara və Moskvanı həm ayıran, həm də
birləşdirən amildir. Əhməd Davudoğlunun Baş nazir postundan vaz
keçmək istəyində Rusiya amilinin olması ilə bağlı iddia Bakının
birləşdirici rolunda diqqət mərkəzinə düşür. İddiaya görə,
Davudoğlu Rusiya ilə gərginliyin yaranmasının əsas
memarlarındandır. Çox az ehtimal edilən olsa da, bu iddiaya istinad
etsək, Davudoğlunun postundan getməsi fonunda Türkiyə-Rusiya
münasibətlərində dəyişikliyi görə bilərik. O zaman yenə də Bakının
üzərində müəyyən iş düşür.
Amma ümumi mənzərədə Ankara və Moskvanın regionda, xüsusilə
Azərbaycan üzərindən strateji maraq mübarizəsi Putinin mümkün
səfərinin əsas cizgilərindəndir. Görünür, Rusiya regionu itirmək
təhlükəsi ilə üzləşdiyi üçün Putin hərəkətə keçib və onun Bakıda
nail olmaq istədiklərini belə sıralamaq olar: Azərbaycanı
Avrasiyaya inteqrasiya yoluna dəvət etmək; Türkiyə-Azərbaycan
ittifaqını qırmaq, yaxud regionda mövcud gücünü qorumaq üçün
Bakının dəstəyini əldə etmək.
Putin yaxşı anlayır ki, Türkiyə-Azərbaycan ittifaqı Gürcüstanın
da bu ox üzrə hərəkət etməsinə, beləliklə, regionda üçlüyün Rusiya
maraqları qarşısında əngələ çevrilməsinə səbəb ola bilər. Həm də o
anlayır ki, Bakı-Ankara birliyini pozmaq çətin məsələdir. Bu
situasiyada ən yaxşı versiya tərəflərdən birinin dəstəyini əldə
etmək olar. Hansı ki, Kreml rəhbəri burada iki perspektivi
hesablayır: birincisi, mümkün üçlük ittifaqının Rusiya
maraqları ilə uzlaşdırılması, ikincisi, Rusiyanın bu ittifaqla
yaxınlığı. Təbii ki, bu prosesdə Azərbaycan yardım edə
bilər. Yalnız o şərtlə ki, qarşılıqlı dividend əldə
olunsun.
Rusların Cənubi Qafqazı itirmək qorxusu, region və çevrəsində
baş verənlər Putinin Bakıya səfərinin ikinci istiqamətini ortaya
çıxarır. Bu, həmçinin, Azərbaycanın Rusiyaya yardım etmək
qarşılığında istəyinə dair də təsəvvürləri aydınlaşdırır.
2. “Dördgünlük müharibə”: Rusiya cənub
sərhədlərindəki uzunillik Qarabağ münaqişəsinin alovlanmasını
istəmir. Rus diplomatların regiona sıx səfər qrafiki də bunu
göstərdi. Eyni zamanda, Moskva münaqişədə təşəbbüsü əldən verməmək
üçün aktivləşmişdi. Proseslərin gedişində Qarabağla bağlı Rusiyanın
planının olduğu gündəmə gəldi. Rusiya xarici işlər naziri Sergey
Lavrovun Bakıya, daha sonra İrəvana səfəri onun çantasında “Qarabağ
planı”nı daşıdığını deməyə əsas verirdi. Xüsusilə Ermənistanda Serj
Sarkisyana qarşı “Qarabağı güzəştə gedir” kimi etirazlar,
Xankəndində keçirilən qapalı Qarabağ toplantısı, Lavrovun aprelin
21-22-də İrəvana gedişi, aprelin 23-də qarşı tərəfin danışıqlar
prosesindən imtina edərək, cəbhəboyu ərazilərdə yaşayan mülki
azərbaycanlıları hədəfə alması rusların yeni planına dair
təsəvvürləri aydınlaşdırdı. Mediaya sızan məlumatlara görə, planda
Qarabağ ətrafındakı yeddi rayondan beşinin Azərbaycana
qaytarılması, rus sülhməramlılarının regiona yerləşdirilməsi,
bölgənin statusunun sonrakı mərhələdə həlli kimi məsələlər
var.
Rusiya regionda münaqişənin qalmasına maraqlı olsa da, təşəbbüsü
əldən verməmək üçün nəsə etməyin vacib olduğunu anlayır. Hesab
etmək olar ki, Moskva hansısa prosesi başladıb, lakin bunun davam
etməsinə əngəllər var. Putinin Kreml divarlarını tərk etməsi də
ehtimal etməyə əsas verir ki, o, Qarabağ planında “son nöqtəni”
qoymağa gəlir. Bu nöqtə iki aspekti özündə birləşdirə bilər.
a) Qarabağ planında ilkin mərhələ olaraq 5 rayonun
qaytarılması məsələsi Sarkisyanın siyasi intiharı kimi qələmə
verilir. Ermənistan cəmiyyətindəki narazılıq da bunu göstərir.
Halbuki, bu etirazların məhz hökumət tərəfindən təşkil edildiyi
ehtimalı da mövcuddur. Amma Ermənistanda ciddi anti-Rusiya
əhval-ruhiyyəsinin formalaşdığı şübhəsizdir. Sarkisyan hökumətinin
öz ağasına – Rusiyaya qarşı çıxması, xüsusilə Putinin şəxsi
nəzarətə götürdüyü məsələdən imtina etməsi isə görünür Moskvanı
razı salmır. Putinin Bakıya gəlişini bu fonda İrəvanın
cəzalandırılması olaraq qəbul etmək olar. Yəni, həqiqətən Putin
Bakıya səfərində Qarabağ ətrafı rayonların qaytarılması prosesinin
“son nöqtəsini” qoya bilər(?).
b) Digər tərəfdən, Putinin səfəri Bakının razı
salınması ehtimalını da gündəmə gətirir. Hesab etmək olar ki,
Qarabağ planında Bakı rus sülhməramlılarının regiona
yerləşdirilməsi məsələsinə qarşı çıxır. Vladimir Putin də məsələni
yerində həll etmək üçün yola çıxır.
***
Amma Qarabağ ətrafında baş verən son proseslərdə Bakı və Moskvanın
məsələyə dair ortaq nöqtəsini də meydana çıxardı: “Atəşkəsə
nəzarət mexanizmi”.
Lavrovun çantasında apardığı plandan imtina edən Sarkisyan onu
Moskvaya yola salan kimi cəbhə bölgəsində mülki əhalini bombalamağa
başladı. Ardınca münaqişəyə dair danışıqlarda irəli sürdüyü üç
şərtdən birinin “insidentlərin araşdırılmasına dair
mexanizmlərin tətbiq olunması” məsələsi Sarkisyanın
Rusiyaya qarşı oyun oynadığını göstərdi.
Söhbət okeanın o tayında təklif olunan ideyanın gerçəkləşməsindən
gedir. Bu mexanizmi həm Bakı, həm də Moskva qarşıdır. Azərbaycan
anlayır ki, atəşkəsə nəzarət mexanizminin tətbiqi üçün münaqişə
bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması işğalçıya
işğalı davam etdirmək şəraiti yaradacaq. (http://publika.az/p/134493).
Rusiya da anlayır ki, bu ideyanın gerçəkləşdirilməsi onun
bölgəyə sülhməramlılar yerləşdirmək planına qarşıdır. Həmçinin,
Qərbin Qarabağ münaqişəsi üzərində təsir imkanlarını artıra və
Rusiyanın regionda əsas açarının əlindən alınması ilə nəticələnə
bilər.
Məhz bu ortaq nöqtə Rusiya və Azərbaycanı yaxınlaşdırır. Ehtimal
ki, Putinin gözlənilən Bakı səfərində əsas müzakirə mövzularından
biri bu olacaq. Lakin bu, Bakının rus əsgərlərinin Qarabağa
yerləşdirilməsinə razılığı demək anlamına gəlmir. Sadəcə olaraq,
Moskvaya kələk gəlmək istəyən İrəvanın oyununu pozmaq üçün yeni
manevr imkanları yaranıb.
Ümumilikdə Putinin Bakı səfərində Qarabağ münaqişəsinin, həmçinin,
Cənubi Qafqaz regionun gələcək taleyində ciddi dönüş ola bilər,
əgər o həqiqətən gələrsə...
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO