Qarabağla bağlı petisiyanın nail olduğu hədəflər – TƏHLİL
Bizi izləyin

Nida.az

Qarabağla bağlı petisiyanın nail olduğu hədəflər – TƏHLİL

“Ədalətin bərqərar olunması və böyük fəlakətlərin qarşısının alınması naminə”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) aprelin 6-da Ağ Ev Administrasiyasının internet resursunda qurumun prezidenti, deputat Elxan Süleymanovun imzası ilə bu adda açdığı petisiya 400 minə yaxın imza ilə rekordlar sırasında qərarlaşdı. Söhbət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad olnmasından gedir, hansı ki, müasir dünyada informasiya cəbhəsindəki mübarizə baxımından əvəzsiz önəmə sahibdir.


Dağlıq Qarabağla bağlı açılan petisiya konkret sənədə - Avropa Şurası Parlament Assambleyasının işğal altında qalan Sərsəng su anbarı ilə bağlı bu il qəbul etdiyi “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” qətnaməsinə söykənir. Yəni ortada hansısa iddia yox, məhz beynəlxalq təşkilatın qətnaməsi var.

Müraciətdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Eyni zamanda Ağ ev administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir.

Xatırladaq ki, məhz AVCİYA-nın başlatdığı kampaniya nəticəsində Sərsəng su anbarı ilə bağlı məsələ beynəlxalq ictimaiyyətin diqqətinə düşdü. Ardınca AVCİYA prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təşəbbüsü ilə məsələ qurumun gündəminə gəldi və Ermənistanın işğalçılığına qarşı ən böyük qətnamələrdən biri qəbul edildi. Qətnamədə “Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması” tələbinin irəli sürülməsi də faktiki olaraq erməni işğalçılığının beynəlxalq səviyyədə bir daha təsdiqi idi. Bu uğurun ardınca AVCİYA tərəfindən Ağ Evin saytında açılan petisiya isə Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşası işinin davamlılığı olaraq böyük əhəmiyyətə malikdir.

Petisiyanın əhəmiyyəti

Petisiya (Petition) – Müraciət: ali hakimiyyət orqanlarına ünvanlanan kollektiv xahiş, müraciət və ya etiraz məktubu. Ağ Evin rəsmi internet saytında yaradılan bu müraciət formasından indiyə qədər yüzlərlə problemin həlli üçün istifadə edilib.

Nümunələr

2015-ci ilin 10 martında britaniyalı bloqçu Qvido Foks (əsl adı Pavel Stainesdir) verilişlərinin BBC-də bərpa olunması tələbi ilə petisiya yaradıb. BBC bloqçunun verilişdə qalmaqal yaratdığını iddia edərək, onun yayımını dayandırmışdı. Petisiya 24 saat ərzində 500 minə qədər səs toplayıb. Sonradan BBC-nin bunu nəzərə alaraq, verilişləri bərpa etməsi məlum olmasa da, britaniyalı bloqçu öz səsini dünyaya çatdıra bilmişdi.

2014-cü ilin avqustunda Kanadada Erika Perrinin “De Haaqa Centerplate” qurumuna qarşı başlatdığı petisiya 190 min səs toplayaraq, qurumun baş direktorunun vəzifəsindən kənarlaşdırılması ilə nəticələndi.

Ağ Evin saytında başladılan petisiyalardan ciddi nəticəyə səbəb olanlar arasında 2012-ci ildə Filippində həbs olunan Meri Ceyn Velosa adlı məhkumun azadlığa buraxılması da var.

Bu cür nümunələrin sayı kifayət qədərdir. Bu baxımdan, AVCİYA-nın Dağlıq Qarabağla bağlı başlatdığı petisiyanın öz bəhrəsini verəcəyini deyə bilərik.

Bu petisiyanın hazırda doğurduğu nəticələr və perspektivdə nail olacağı hədəflər aydın görünür.

Petisiya nəyə nail oldu?

Vaxtın doğru seçimi: Artıq səsvermə başa çatıb və yarım milyon insan dünyadan Qarabağa ədalət tələb edir. Hər şeydən öncə bu petisiyanın açılması vaxtının düzgün seçildiyi qeyd olunmalıdır. 2-5 aprel tarixlərində Azərbaycan Ordusu işğalçı Ermənistan tərəfinin növbəti təxribatının qarşısını alarkən müəyyən əraziləri azad etməklə 24 ildən sonra böyük ilkə imza atdı. Münaqişə zonasında baş verənlər beynəlxalq ictimaiyyətin ciddi diqqətini cəlb etdi. Bunun fonunda Ağ Evin rəsmi saytında açılan petisiya Azərbaycanın haqq səsinin eşidilməsinə daha çox diqqətin cəlb edilməsi baxımından mühüm məqam idi. Çünki petisiyanın başqa bir vaxt açılması eyni effekti verməyə bilərdi. Məhz vaxtın düzgün seçilməsi ciddi effektə səbəb oldu.

İctimai tələb: Petisiyanın effekti iki aspektdən diqqət çəkir. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ictimai tələbdir. Mövcud dünya reallığında ictimai tələb ən önəmli amillərdəndir və yarım milyon səsin tələb etdiyi məsələ bütün hallarda diqqətdən kənarda qala bilməz. İkincisi, beynəlxalq aləmə Azərbaycan xalqının 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, əzəli torpağı olan Dağlıq Qarabağı unutmadığını və onun uğrunda mübarizə aparacağının nümayiş olunmasıdır. Bu amil dünya siyasətini dizayn edən qlobal güclərə ciddi mesaj oldu.

İnformasiya cəbhəsi: Son 20 ildə Azərbaycan ərazilərinin işğalının davamı ilə bağlı ədalətsizliyin səbəblərindən biri də məhz informasiya müharibəsidir. Bir çox obyektiv və subyektiv səbəblərdən bu müharibədə erməni tərəfi indiyə qədər daha öndə olub. Lakin indi situasiya dəyişməkdədir. Bu dəfə erməni yalanlarına qarşı nəinki tələb olunan 100 min, yarım milyon səslə ciddi alternativ yarada bildik. Bu petisiyanın başladılması faktiki olaraq Azərbaycanın informasiya cəbhəsindəki uğuru idi. Eyni zamanda, petisiyanın məhz aprelin 6-da açılması informasiya müharibəsinin elementləri baxımından da əhəmiyyətli oldu. Çünki adətən nə qədər haqlı olursansa, ol, dünyanın reallığı daha çox informasiyalara söykənir və biz indiyə qədər zaman-zaman bunun acı nəticəsi ilə qarşılaşmışıq. 2-5 aprel döyüşlərindən sonrakı dövr, yəni, hadisələrin üçüncü mərhələsində bu petisiya öz əhəmiyyətini sübut etdi.
Beynəlxalq təcrübə bu cür münaqişələrin inkişafını və sonuncu nəticəsini üç mərhələdə qiymətləndirir.

1. Münaqişənin əsaslandırılması, bununla bağlı doğru ictimai rəyin yaradılması. “Dördgünlük müharibə”də ölkə ictimaiyyətinin Azərbaycan Ordusu ətrafında sıx birləşməsi ilə bunun müsbət nümunəsini gördük.

2. Bu münaqişənin aktiv fazasında atılacaq addımlardır. Belə ki, qarşı tərəfin ictimaiyyətinə və hərbi-siyasi qurumlarına psixoloji təsirin göstərilməsi, həmçinin, qarşı tərəfin hakimiyyət qurumlarının yaratdığı yanlış ictimai rəyin dağıdılması. Aprel döyüşlərindən sonra erməni ictimaiyyətindəki çaşqınlıq, “bizim olmayan torpaq uğrunda ölmək istəmirik” kimi çağırışlar, yaxud erməni hərbiçilərinin “biz hakim dairələrə öz mülklərini qorumaq üçün lazımıq” kimi sözlər bu mərhələdə də uğur qazandığımızı göstərdi. Xüsusilə Dağlıq Qarabağ yerləşdirilmiş ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsi da bunu sübut edir.

3. Bu mərhələ daha çox beynəlxalq aləmə hesablanmış mübarizədir. Həqiqəti olduğu kimi çatdıra bilmək, haqsızlığın ön plana çıxmasına imkan verməmək və qlobal informasiya savaşında qalib gəlmək. Azərbaycan bu mərhələni də uğurla adlaya bildi. AVCİYA-nın təşəbbüsü ilə başladılan petisiya isə bu prosesdə ciddi əsas yaratdı. AŞPA-nın qəbul etdiyi qətnamə ilk olaraq petisiyanın açıldığı “change.org” saytında qeydiyyatdan keçən 50 milyon istifadəçinin, daha sonra beynəlxalq ictimaiyyətin diqqətinə geniş spektrdə çatdırıldı. Bununla yanaşı, yarım milyona qədər imza ilə irəli sürülən Qarabağ tələbi ermənilərin yalan təbliğatının qarşısını almaqda mühüm rol oynadı. Nəticə etibarilə, dünya ictimaiyyətinə Azərbaycan Ordusunun öz torpaqlarında anti-terror əməliyyatı keçirdiyi sübut edildi. Beynəlxalq ictimaiyyətin reaksiyasında bunun şahidi olduq. Misal üçün, AŞPA sədri Pedro Aqramuntun “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarından qoşunlarını çıxarmalıdır” çağırışı bunun əyani sübutudur.

Beləliklə, Azərbaycan informasiya cəbhəsində illərin “yalan hasarını” yarmağı bacardı və bu mübarizədə Qarabağla petisiyanın rolu danılmazdır.

Burada ölkə daxilində AVCİYA-nın petisiya ilə bağlı apardığı təbliğat da xüsusi qeyd olunmalıdır. Qurumun səsvermənin davam etdiyi bir ay ərzində respublikanın müxtəlif bölgələrində keçirdiyi maarifləndirici tədbirlər ölkə ictimaiyyətinin informasiya müharibəsində necə mübarizə aparmaq haqda bilgiləndirilməsi baxımından vacib idi.

Perspektivdə nail olunacaq hədəflər və gözləntilər

Təcrübə göstərir ki, Ağ Evin saytında açılan petisiya başa çatdıqdan sonrakı dövrdə də ciddi nəticələrə səbəb olur. Bu baxımdan, “Ədalətin bərqərar olunması və böyük fəlakətlərin qarşısının alınması naminə” müraciətindən gözləntilər böyükdür.

a) Əminliklə deyə bilərik ki, Ağ Ev bundan sonra Qarabağ münaqişəsinə yanaşmasında yarım milyon səsi nəzərə almadan keçə bilməyəcək. Hətta dünyanın ədalətsiz prinsiplərinə rəğmən, bu petisiyanın bəhrəsi özünü göstərəcək.

b) Azərbaycan diplomatiyası beynəlxalq qurumlarda dünyanın müxtəlif yerlərindən səs verilən bu petisiyanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ictimai tələb olaraq fakt kimi təqdim edə bilər.

c) Okeanın o tayında daim ciddi maneələr yaradan, Dağlıq Qarabağ münaqişəsində Ermənistana ciddi dəstək olan erməni lobbisinə qarşı da ciddi müqavimət hərəkatı yaradıldı. Gözləntilərə əsasən, ABŞ rəsmiləri bu petsiyadan erməni lobbisinin birtərəfli təbliğatına alternativ mənbə kimi istifadə edə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm