Bakıda İƏT-in toplantısı keçirildi
Bizi izləyin

Nida.az

Bakıda İƏT-in toplantısı keçirildi

Dünən “Park İnn” otelində İslam Konfransı Gənclər Forumunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin dəstəyi ilə altıncı ildir ki, davam edən “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Model-Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları nümayəndələri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki proqramın məzunları olan 200-ə yaxın tələbə iştirak edib. Öncə “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycandakı bu ilki gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, layihənin həyata keçirilməyə başladığı müddətdəki uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqaləri, bu proqramda Azərbaycanın mühüm rolu haqqında danışmışdır. E.Əsgərovun dediyinə görə keçən 6 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 18 mindən artıq tələbə iştitak edib, bunların 800-dən çoxu və ən aktivləri məhz Azərbaycan gəncləri olub.

Tədbirdə digər təşkilatçılar adından Gənclər və İdman nazirliyinin nümayəndəsi Fuad Babayev artıq 6 ildir tərəfdaş olduqları bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rolu olduğuna, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyinə inandıqlarını bildirib.

Tədbirin bağlınış mərasimində o cümlədən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Fələstinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək, bu layihənin İƏT arealında gənc liderlərin formalaşmasında və əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi vurğulayıblar.

Qeyd edək ki, “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilmişdir. Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.

Bu ilki “İƏT Model-Azərbaycan” mərhələsində BDU, ADA, DİA, Dillər, Slavyan və s. universitet və ali məktəblərdən 200-ə yaxın tələbə iştirak edib, 7 həftə ərzində onlar İslam Əməkdaşlığı Təşkilatı arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş seriya mühazirələr dinləyib, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olublar.

Proqramın əsas hissəsi olan yekun tədbirdə, proqram iştirakçıları İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən “İƏT XİN Sammiti”ndə, İƏT-ə üzv ölkələlər üzrə işçi qruplara bölünərək İƏT məkanında mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, Yaxın Şərq münaqişələri həlli, İƏT ölkələrinin inkişafı üzrə təşəbbüslər öz əksini tapıb.

Qapanış mərasimində isə proqramda xüsusi istedadı və bacarığı, “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə xüsüsi hədiyyələr və diplomlarla ilə təltif olunmuş və onlardan ən yaxşıları hər il İƏT-ə üzv ölkələrin birində keçirilən “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm