• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Nurçular nurçu olduqlarını niyə danır? – Tanınmış teoloqun izahı

  • Nida.az
  • 4 Aprel 2014 10:53
  • 2 532 Baxış
Nurçular nurçu olduqlarını niyə danır? – Tanınmış teoloqun izahı

Dinşünas alim, Quranın azərbaycancaya tərcüməçisi Nəriman Qasımoğlu: “Nurçuluq insanı zombiləşdirir”

Hələ uzun müddət nurçuluqla bağlı müzakirələr davam edəcək. Amma bu sahədə peşəkarların danışmasına zərurət var. Bəs, bu cərəyanın əsas məqsədi nədir? Dinşünas alim Nəriman Qasımoğlunun "Məkan” qəzetinin 2001 -ci il 24 iyun tarixli sayında dərc olunmuş müsahibəsi yaranmış suallara aydınlıq gətirilməsi baxımından son dərəcə maraqlıdır.

Publika.Az alimin icazəsi ilə həmin müsahibəni kiçik ixtisarla təqdim edir.

Söhbətə islam dininin düzgün təbliğ edilmədiyindən başlayan N.Qasımoğlu bunları söyləyir:

- Ümumiyyətlə, hansısa təriqətə qarşı çıxış edərkən Quran məntiqinə söykənib geniş imkanlar qazanırıq ki, həmin təriqətə qarşı müəyyən tənqidi fikirlər söyləyək. O cümlədən, nurçuluq təriqətinə. Ancaq mən həmişə təəssüflənirəm ki, dinimiz öz mahiyyətinə uyğun təbliğ edilmir. Bu səbəbdən bəzi insanlar öz dini tələbatlarını digər təriqətlərdə ödəməyə məcbur olurlar.

- Nurçuluğun mahiyyəti nədən ibarətdir?

- Nurçuluq cərəyanı Səid Nursinin əsərlərinin nəzəri müddəaları əsasında formalaşmış cərəyan olaraq heç də Quran məntiqinin irəli sürdüyü tələblərlə uyuşmur. Quran məntiqində ibadət məsələləri kifayət qədər qəlibsizdirsə, nurçuluqda qəlibə salınıb. İnsanların fikir azadlığına Quran geniş meydan verdiyi halda, nurçuluq bundan xalidir. Bu təriqət insanların qapalı mühitdə din tələbatını ödəməyə üstünlük verir. Cəmiyyətə açıq deyillər. Ümumən cəmiyyətdən təcridolunma təriqətlərə xas xüsusiyyətdir. Onlar fəaliyyətlərində cəmiyyətdən təcrid olunmanı həmişə prioritet götürürlər. Digər tərəfdən, nurçuluqda insanın hərbi intizam məsələsinə önəm verilir ki, bu da insanı zombiləşdirir. Burda sırf din baxımından əlavə şübhəsiz ki, müəyyən dairələrində marağı olmamış deyil. Onlar bu cərəyanın Azərbaycanda yayılmasında maraqlıdır. Xüsusən də din cərəyanlarının hər birində tarixi-siyasi dövrün məhsulu olaraq, siyasi çalar olmamış deyil. Fikrimcə, Azərbaycanda belə təriqətlərin geniş qol-qanad açmasına cəmiyyətin daxili müqaviməti olmalıdır. Təəssüf ki, din maarifçiliyi olmayan yerdə belə təriqətlərin meydana çıxmasına geniş imkanlar açılır.

- Nurçuluqdakı qapalılıq özündə nələri ehtiva edir?

- Əgər bu cərəyanın içində olan insanları dini müzakirələrə dəvət etsək, onların rəhbərləri gəlməyəcəklər. Onlar mütləq yayınacaqlar. Əgər gəlsələr də, bazarlarını həmişə qəflətdə saxlamağı üstün tuturlar.

- Səbəb nədir?

- Bu təriqətlərin hamısına xas xüsusiyyətdir. Onlar müəyyən kütləni öz təsiri altına alıb və bu kütləni daim nəzarətdə saxlamaq üçün qapalılığa üstünlük verirlər.

- Təriqətlərdə siyasi çalar olduğunu söylədiniz. Bəlkə geniş izahat verəsiniz. Ümumiyyətlə, təriqət daşıyıcılarını azad etmək mümkündürmü?

- Bütün təriqətlərdə, o cümlədən nurçuluqda siyasi çalar var. Onun da müəyyən istiqamətləri mövcuddur. Sadəcə, müəyyənləşdirmək lazımdır ki, bu siyasi çalar bizi hara aparır. İstənilən təriqətə tənqidi münasibət bildirmək olar. Məhz, "Qurani-Kərim”ə istinad edib insanları işıqlı gələcəyə aparmaq, imanlarını kamilləşdirmək mümkündür. Hər hansı təriqət mənsublarının imanını kamilləşdirmək, həmin insanları təriqətlərin mənfi təsirindən qurtarmaq mümkündür.

- Ayrı-ayrı təriqət daşıyıcıları, o cümlədən nurçular özlərinin hansısa təriqətin daşıyıcısı olmasını danırlar...

- Maraqlı sualdır. Əgər doğru yoldasansa, daşıdığın dəyərlərin haqq olduğu qənaətindəsənsə, sən onu açıqca bildirməli, təbliğilə məşğul olmalısan ki, bütün cəmiyyət qəbul etsin. Əgər bunu etmirlərsə, hətta adlarını açıqlamaqdan çəkinirlərsə, şübhəsiz, bu, qaranlıq mətləblərdən xəbər verir.

- Siz bu sahənin mütəxəssisi kimi necə bilirsiniz, onlar ölkəmizdə istədiklərinə nail ola biliblərmi? Ümumiyyətlə, təcrübədə təriqətlərin son məqsədə çatdığı ölkələr varmı?

- Şübhəsiz, müəyyən məqsədlərinə çatırlar. Onlar əhalinin müəyyən hissəsini öz nəzarətində saxlayırlarsa, deməli, müəyyən ölçüdə məqsədlərinə çatırlar. İslama aid olmayan başqa təriqətlər də Azərbaycanda yayılır. Bütün təriqətlər müəyyən siyasi mənafelərin ifadəçisi kimi çıxış edir. Ümumiyyətlə, təriqətçilik bəlası tarixin islama gətirilmiş məsələsidir. Fürsətdən istifadə edib "Qurani-Kərim”dən sitat gətirmək istəyirəm. O kəslər ki, dinlərində bölünüb firqələrə ayrılıblar, onların sənə (peyğəmbər nəzərdə tutulur) heç bir dəxli yoxdur. Bütün islam adına yaranan qurumların din təmsilçiliyinə iddia etmələri geniş mənada ilahi kitaba heç bir aidiyyəti yoxdur. Bu, tarixin meydana gətirdiyi məsələdir. Din isə tarixdən ucada dayanır.

- Nurçuluğun müxtəlif liseylərdə də təbliğ edildiyi bildirilir...

- Əgər kiçik yaşlı uşaqları dini istiqamətlərdə maarifləndirməkdən söhbət gedirsə, bu mütləq Quran ayələrinin işığında, ruhunda olmalıdır. Hansısa risalə müəllifinin ideyaları işığında yox. Mən bu cür maarifləndirmənin əleyhinəyəm. Bu yolverilməzdir.

- Dini mövzularda vaxtaşırı tədbirlər keçirirsiniz, həmin müzakirələrə təriqət nümayəndələrini dəvət edirsinizmi?

- Maarifləndirmə istiqamətində müəyyən seminarlar, tədbirlər keçirmişik. Bu tədbirlər açıq keçirildiyindən biz hamını dəvət edirik. Ancaq bir qayda olaraq, təriqət sahibləri belə tədbirlərdən yayınırlar. Ən yaxşı halda, ayrı-ayrı təriqətlərin rəhbərləri gəlib müzakirə olunan məsələlərə münasibətini bildirirlər. Ancaq bayaq dediyim kimi, heç vaxt sosial bazalar tədbirlərdə iştirak etmir.

- Quranda dinini dəyişənlərə münasibət necədir?

- Quranda başqa din mənsublarına da yumşaq münasibət var. Quranın əsas savaş açdığı cəbhə bütpərəstlikdir. Ancaq islamda olub ikiüzlülük edənləri Quran kəskin tənqid atəşinə tutur. Amma mən hesab edirəm ki, islamda olub dini dəyişənlər heç vaxt islamda olmayıb ki, bu addımı atıb. Həmin kəslər formal olaraq islamda olub. Çünki Quran elə bir cazibəyə malikdir ki, o cazibədən qurtulmaq mümkün deyil.

- Çox da böyük olmayan Azərbaycanda bölüçülük geniş vüsət alıb. Siyasətçilər, regionçular azmış kimi təriqətlər də bir yandan. Çıxış yolunu nədə görürsünüz?

- Prezidentin bu barədə xüsusi fərmanı var. Həmin fərmana görə, əcnəbi vətəndaşların Azərbaycanda dini təbliğat aparmalarına icazə verilmir. Amma görünür, qanunlar və görülən işlər kifayət etmir. Odur ki, cəmiyyətin mənəvi qüvvəsini bu işə səfərbər etmək lazımdır. Bunun üçün dinin cəmiyyətdə yeri müəyyənləşməlidir. Dindən siyasətdə istifadə edilməsinə qadağalar güclənməlidir. Yaranan hər yeni qurum dindən məqsədləri naminə istifadə edirsə, Azərbaycan siyasi səhnəsinə buraxılmamalıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR