ŞOK PROQNOZ: “III Dünya müharibəsi Qarabağdan başlayacaq”
Bizi izləyin

Nida.az

ŞOK PROQNOZ: “III Dünya müharibəsi Qarabağdan başlayacaq”

“Dağlıq Qarabağda baş verənlər təkcə Cənubi Qafqazla yekunlaşmır. Biz müşahidə edirik ki, bu növbəti kəskinləşmə deyil, bunun daha dərin və ciddi səbəbləri var. Proseslər uzağa gedib çıxan nəticələrə, hətta yeni dünya müharibəsinin başlanğıcı ola bilər”.

Publika.az xəbər verir ki, bu barədə İsrail politoloqu Avraam Şmuleviç deyir.

“Vaxt Azərbaycanın əleyhinə işləyir, buna görə də...”

Onun sözlərinə görə, Qarabağda baş verənlər I Dünya müharibəsi öncəsi Balkanlarda baş verən hadisələri xatırladır: “Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətə baxaq: Orada hansı maraqlar uzlaşır, yaxud toqquşur?! Ermənistanın hədəfi status-kvonu saxlamaqdır. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal etdi, oradakı azərbaycanlıları qovdular. Aydındır ki, yeni işğallar onlara lazım deyil. Onlar həm də anlayırlar ki, zaman Azərbaycanın əleyhinə işləyir. Qarabağ münaqişəsindən 20 ildən artıq vaxt keçir. Daha 15 il keçəcək və dünya ictimaiyyəti “bu nədir, bu nə vaxt baş verib?” deyə suallar verəcəklər. Bu halda Azərbaycan əla anlayır ki, nəsə etməlidir. Bakı Qarabağa geniş muxtariyyət verməyə, bütün erməni vətəndaşlarının hüquqlarını və təhlükəsizliyini qorumağa hazırdır. Onlar deyir ki, gəlin Qarabağ ətrafındakı rayonları qaytarın, ondan sonra status məsələsi müzakirə olunsun. Azərbaycanda görürlər ki, beynəlxalq ictimaiyyət sözdə Ermənistanı ittiham edir, bu ərazilərin işğal olunduğu faktını tanıyır, amma işdə torpaqların qaytarılması üçün heç nə etmir. Misal üçün, Krımın ilhaqına verilən reaksiyaları Qarabağ məsələsinə verilən reaksiyalarla heç cür müqayisə etmək olmaz. Ona görə də Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsi istiqamətində addımlar atır”.

“Ermənilər düşünürdü ki, “türklər” vuruşa bilmir”

“Dördgünlük müharibə”yə diqqət çəkən İsrail politoloqu Ermənistanın indiyə qədər səhv düşündüyünü qeyd edir.

“Ermənilər deyir ki, Azərbaycan hücum etsə, onları darmadağın edəcəklər, hətta Bakını belə tutacaqlar. Yəni onlarda üstünlük hissi hakimdir. Azərbaycan son 20 il ərzində öz ordusunu gücləndirə bilib. Ən müasir silahlar alıb, bütün zabitlər Türkiyədə təlimlər keçib. Amma ermənilər bütün bunları ciddiyə almadan deyirdilər ki, “türklər” vuruşa bilmir. Son hadisələr bu deyilənləri tamamilə alt-üst etdi. Azərbaycan göstərdi ki, o, hərb yolu ilə erməni müdafiəsini yarmaq və əraziləri azad etmək gücündədir. Azərbaycanlılar nümayiş etdirdilər ki, real ordu var, bu ordu döyüşməyi bacarır və I Qarabağ müharibəsində olduğundan xeyli fərqlənir. Yəni ermənilərin indiyə qədər qurduqları mif dağıdıldı”, - deyə politoloq qeyd edib.

“Azərbaycan ermənilərin iki böyük mifini alt-üst etdi”

A.Şmuleviç bildirir ki, aprel döyüşləri ermənilərin ikinci mifini də alt-üst etdi: “Ermənilər həmişə Rusiyanın köməyinə bel bağlayırdı. Amma məlum oldu ki, ruslar ermənilərə yardım etmək arzusu ilə alışıb yanmır. Ermənistan birdən aşkar etdi ki, o çətin vəziyyətdə tamamilə təkdir. Bununla yanaşı, aprel döyüşləri iki ölkənin gücünü də müqayisə etdi. Azərbaycan aviasiya, yaylım atəş sistemləri və artilleriya da daxil olmaqla Ermənistanı bütünlüklə üstələyir. Lakin Bakı hələ tam gücünü göstərmədi və bir çox silahını işə salmadı”.

“Bakı ruslarla uzlaşacaqsa, 5+2 formatı üzrə ərazilər boşaldılacaq”

Politoloq prosesdə Rusiya faktoruna da diqqət çəkir. Bildirir ki, Moskvanın Ermənistanda, həmçinin, Cənubi Osetiya və Abxaziyada hərbi bazaları var: “Ruslar Dağlıq Qarabağa öz sülhməramlılarını yerləşdirmək arzusunu gizlətmilər, hansı ki, bura Azərbaycanın suveren ərazisidir. Əgər bu baş verərsə, Rusiya regionun nəbzini əlində saxlayacaq, Azərbaycanın neft kəmərlərinə də nəzarət edə biləcək. Əgər Azərbaycan Rusiya sülhməramlılarının regiona yerləşməsi ilə razılaşacaqsa, bu Cənubi Qafqaz və Yaxın Şərq ərazisində geosiyasi balansın tamamilə dəyişməsi deməkdir. ATƏT-in bəyanatlarından belə görünür ki, Avropa bununla razılaşa bilər. Amerika ilə vəziyyət isə daha mürəkkəbdir. Amma əgər Rusiya Azərbaycanın şərtlərini qəbul edərək, razılaşacaqsa, onda Obamaya heç nə qalmayacaq. Bakı ruslarla uzlaşmaya gedərsə, o zaman, 5+2 formatı üzrə işğal altındakı ərazilər boşaldılacaq. Bu isə Ermənistan hakimiyyəti üçün daxili qəza deməkdir”.

“Yeni dünya müharibəsinin tətiyi Dağlıq Qarabağdadır”

Şmuleviçə görə, Qarabağ ətrafında həm regional, həm də qlobal güclər toqquşur.

“Misal üçün, İran amili olduqca əhəmiyyətlidir. Rusiya və İran Suriyada bir-birini dəstəklədi. Moskva-Tehran birliyi dünyada çoxlarını, o cümlədən, İsrail və Səudiyyə Ərəbistanını narahat etməyə başladı. İndi necə olacağı maraqlıdır. Çünki İranda milyonlarla azərbaycanlı yaşayır. I Qarabağ müharibəsində İran azərbaycanlı faktoruna əhəmiyyət vermədən Ermənistanı dəstəklədi. Onda ayətullahların hakimiyyəti monolit idi. İndi isə vəziyyət fərqlidir. Tehran azərbaycanlı faktorunu ikinci plana keçirə bilməz. Xüsusilə oradakı azərbaycanlıların bir nəfər kimi “Qarabağ bizimdir” şüarları səsləndirməsi fonunda Tehran bunu qulaqardına vura bilməyəcək. İran Azərbaycanı dəstəkləyərsə, o zaman Rusiya da Ermənistanı dəstəkləyəcək. Belə olanda Suriyadakı ittifaq pozulur. Bunda Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı kimi regional güclər, eləcə də Qərb maraqlıdır. Yəni regionda ciddi maraqlar və toqquşma potensialı yetişməkdir. Qarabağ münaqişəsi böyük güclərin qarşıdurması üçün yaxşı alətdir. 1914-cü ildə hersoq Fedinandın qətli I Dünya müharibəsinin tətiyi oldu. Yeni dünya müharibəsinin başlanması üçün eyni tətik bu gün Dağlıq Qarabağdadır. Münaqişə bölgəsində istənilən qarşıdurma, xüsusilə mülki əhali arasında itkilərə yol açacaq toqquşma müharibəni başladacaq və üçüncü tərəflərin qarışması qaçılmaz olacaq. Hər şeydən əvvəl Rusiya və Türkiyə müdaxilə edəcək. Daha sonra regional və qlobal güclər bu və ya digər formada müharibədə yer alacaqlar”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm