İstanbul zirvəsi: Əliyev-Ərdoğan görüşü və yeni siyasi manevrlər - TƏHLİL
Bizi izləyin

Nida.az

İstanbul zirvəsi: Əliyev-Ərdoğan görüşü və yeni siyasi manevrlər - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə işgüzar səfərdədir. Dövlət başçısı 23-24 may tarixlərində İstanbulda keçirilən Ümumdünya Humanitar Sammitində iştirak edir. BMT Baş katibi Pan Gi Mun və bir çox dünya liderlərinin də qatıldığı sammitdə Azərbaycanın da yer alması ölkənin beynəlxalq münasibətlər sistemindəki yeri baxımından əhəmiyyətlidir.

Azərbaycanın bu sammitdə yer alması iki mühüm amildən irəli gəlir.

Birinci: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dünyanın ən böyük humanitar problemini yaşayan ölkədir. Hazırda 1 milyondan artıq qaçqın və məcburi köçkün öz evlərindən didərgin düşüb.

İkinci: Humanitar problemdən əziyyət çəkən ölkə olaraq Azərbaycan bu gün dünyanın bir çox yerində baş verən humanitar fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fəal rol oynayır. Prezident İlham Əliyevin sonuncu dəfə Suriya problemi ilə bağlı Londonda keçirilən humanitar zirvəyə qatılması, dünya liderləri ilə birlikdə yardım əlini uzatması da bunu göstərdi.

125 ölkədən dövlət və hökumət rəhbərlərinin, həmçinin yüksək vəzifəli şəxslərin iştirak etdiyi zirvədə yer almağın Azərbaycana bir çox divident gətirəcəyi də şübhəsizdir.

Nüfuz: 125 ölkə ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatların yer aldığı sammitdə iştirak hər şeydən öncə Azərbaycanın nüfuzundan xəbər verir. Həmçinin, bu nüfuz sammitdə iştirakla daha da artacaq. Ermənistanın sammitdə iştirak etməməsi də diqqətdən qaçmır. Çünki bu ölkə həm humanitar fəlakətin yaşanmasına səbəb olub, həm də indiyə qədər heç bir humanitar problemin həllində yer almayıb. Digər tərəfdən, sammitin məhz İstanbulda keçirilməsi erməniləri bu imkandan məhrum edir.

Dünya ictimaiyyəti: Azərbaycan sammitdə Ermənistanın təcavüzü nəticəsində yaşadığı humanitar problemi bir daha gündəmə gətirmək imkanı qazanır. I Qarabağ müharibəsi zamanı baş verənlər, həmçinin, “dördgünlük müharibə”də məğlub olan Ermənistanın 23 apreldən başlayaraq, cəbhəboyu kəndlərdə yaşayan mülki əhaliyə qarşı hücumları və bunun nəticələri İstanbulda toplaşacaq dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq. Bu, ermənilərin dezinformasiya siyasətini ifşa etmək üçün Azərbaycana önəmli platforma verir.

İkitərəfli münasibətlər: Azərbaycan liderinin İstanbula gələn müxtəlif ölkələrin rəhbərləri ilə birbaşa təmas quracağı qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək.

***

Azərbaycan liderinin Türkiyəyə səfəri sözügedən sammit çərçivəsində olsa da, onun Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla ikitərəfli görüşü də gözləniləndir. Son siyasi proseslər, xüsusilə Dağlıq Qarabağ məsələsi ətrafında baş verənlər fonunda iki türk liderin konsultasiyalarına ehtiyac var.

1. Vyana görüşündən sonra təmas xəttində sakitlikdir. Ehtimallar var ki, görüşdən sonra ilk növbədə atəşkəs rejiminin möhkəmləndirilməsi, daha sonra münaqişənin həlli prosesi üçün real danışıqların bərpası haqda razılıq olub. Ermənistan prezidenti aprel eskalasiyasından sonra bildirdi ki, yalnız atəşkəsə nəzarət mexanizmlərinin qurulmasından sonra danışıqlara dönə bilər. Görünür, rəsmi Bakı Sarkisyanın dilindən tutub. Vyanada nəzarət mexanizminə razılıq verməklə, qarşıdakı yaxın dövrdə münaqişənin həlli üçün İrəvanın öhdəlik götürməsinə nail olub. Təbii ki, bütün beynəlxalq tərəflər “Madrid prinsipləri”nin tərəfdarıdır və bu format torpaqların qaytarılmasını nəzərdə tutur.

Lakin Rusiya və ABŞ-ın münaqişə üzərində öz maraqları var və hər iki tərəf Qarabağ məsələsindən regiona hakim olmaq üçün istifadə etmək niyyətindədir. Bakı bunu anlayır. Hesab etmək olar ki, Prezident İlham Əliyev İstanbulda Ərdoğanla bu məsələləri müzakirə edəcək və iki türk lider birgə addımlar üçün saatlarını yoxlayacaqlar.

2. Azərbaycan liderinin qatıldığı sammit Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı, Rusiya prezidenti Vladimir Putinin isə gəlməkdən imtina etməsi ilə də diqqəti cəlb edir. İndiki məqamda Rusiya ilə gərgin münasibətlərə sahib olan Türkiyə Ukrayna ilə yaxınlaşaraq, Moskvaya qarşı regionda güc formalaşdırmaq siyasətini izləyir. Təyyarə olayından sonra keçmiş baş nazir Əhməd Davudoğlunun Kiyevə səfəri də bunu deməyə əsas verirdi. Hətta Rusiya KİV-i bir müddət öncə Ankaranın Ukraynanı Türkiyə-Azərbaycan-Gürcüstan oxuna cəlb etmək niyyətində olduğunu yazmışdı. Hesab etmək olar ki, İstanbulda Azərbaycan, Türkiyə və Ukrayna rəhbərləri bu məsələni müzakirə edə bilər.

Bu amil rəsmi Bakının siyasi manevrləri baxımından önəmlidir. Məsələ indiki məqamda Rusiyaya qarşı hansısa qəti addım atmaq deyil. Rusiya ilə münasibətlərin yaxşı olduğu bir zamanda, xüsusilə Qarabağ ətrafındakı situasiya fonunda Azərbaycan buna getməyəcək. Lakin Bakının etdiyi siyasi manevrlər Moskva üçün onun dəyərini daha da yüksəldəcək. Azərbaycanı itirməmək üçün Rusiya bir çox güzəştlərə gedə bilər. Təbii ki, burada rəsmi Bakının əsas istəyi olan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiya aprel döyüşlərindən sonra bu istiqamətdə aktiv işə başlayıb. Azərbaycan liderinin İstanbuldakı manevrləri isə bu prosesi daha da sürətləndirə, hətta məsələnin həlli üçün Kremlin İrəvana təzyiqlərini artırması ilə nəticələnə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm