• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Guya mən indi də Suriyaya adam göndərirəm ”

  • Nida.az
  • 17 Yanvar 2014 15:59
  • 5 421 Baxış
“Guya mən indi də Suriyaya adam göndərirəm ”

Suriyada döyüşən azərbaycanlılar ölkədə dindarları da qarşı-qarşıya qoyub. “Əbu-Bəkr” məscidinin axundu Qəmət Süleymanov sələfi təriqətinin tanınmış simalarından olan Əlixan Musayevi radikallığı təbliğ etməkdə, Suriyada döyüşməyi tərcih etməkdə suçlayıb və onu öz sıralarından xaric etdiklərini bəyan edib. Ə. Musayev də cavabında bunu təkzib edib və Suriyada döyüşənlərdə iştirak etməyib sələfi əqidəsinə zidd olduğunu açıqlayıb.

Qeyd edək ki, Ə. Musayev Mədinə şəhəri Beynəlxalq İslam Universitetini bitirmiş ilk beş nəfərdən biridir. Onun haqqında yayılmış məlumatlara görə, Azərbaycana qayıtdıqdan sonra Mədinə Universitetində dərs deyən alimlərdən biri Azərbaycanın güc strukturlarına zəng edərək “O, bizim universitetin ən fəhmli, ən gözəl və elmli tələbələrindən idi. Onun dəvətinin qarşısını almayın!” deyib.

Ə. Musayev hazırda 60-a qədər kitabın müəllifi və tərcüməçisidir. Qurani-Kərimin Azərbaycan dilində məalının tərcüməçilərindən biridir. Lakin bəzən onun radikal dindar olması haqqında da məlumatlar mediada ortaya çıxır.

Dünən Dini Məsələlər üzrə Dövlət Komitəsi də sələfilər arasındakı qarşılıqlı ittihamlarla bağlı bəyanat yaymışdı. Bəyanatda bildirilir ki, mövqeyi “fətva” xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur: “Bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından aslı olmayaraq, ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir. sözügedən açıqlama və materialların dini duruma birbaşa mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə alınaraq, həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaq”.

Bu məsələlər və son günlər ona qarşı səslənən ittihamlarla bağlı Əlixan Musayev Publika.Az –a müsahibəsində danışıb.

“Əbu-Bəkr məscidinin partladılmasında guya mənim əlim var”

-Qamət Süleymanovla birgə Mədinədə təhsil almısınız. Münasibətiniz də yaxşı olub. Bəs Qamətin sizə qarşı belə addım atması niyə məhz bu gün baş verir?

-Məni də maraqlandıran sual elə budur. Əgər bilirdinizsə ki, məndə problemlər var, neçə illərdi niyə susurdunuz? İkincisi, əgər bəyanat verirsinizsə, buna səlahiyyətiniz çatırmı? Siz Dini Komitəsinizmi, ya Qafqaz Müsəlmanları İdarəsisiniz, ya Milli Təhlükəsizlik Nazirliyisiniz? Bunu bəyan etsinlər, bizlər də bilək ki, sizin bəyanat verməyə səlahiyyətiniz çatır.

Üçüncüsü, bu bəyanatın gizli forması 10 ildir ki, davam edir. Bunlar 2003-cü ildə hər yerdə yayırdılar ki, Əlixan Musayev xəvaricdir və Çeçenistana adam göndərir, 2008-ə qədər bu davam edib.

2008-ci ildən başladılar ki, Əlixan Musayev xəvaricdir və İraqa adam göndərir. Hətta Əbu-Bəkr məscidinin partladılmasında əli var guya. Bunun da bir fayda vermədiyini görəndə əl atdılar bu son bəyanata ki, guya mən indi də Suriyaya adam göndərirəm. Mən başa düşə bilmirəm ki, necə olur bunlar mənim bu cinayət xarakterli fəaliyyətimi bildi, amma dövlət bilmədi?! Bu necə ola bilər? Bu böhtanların heç birində mən bunlara cavab verməmişəm, ancaq səbr etmişəm. Amma artıq bu səbr kasası dolub.

“Bir dəlil göstərsinlər ki, mən dövlət əleyhinə çıxışlar etmişəm və ya xəvaricliyə dəvət etmişəm”

-Burda hansısa başqa məqsəd var?

-Bildiyimə görə, bu, həsəd və paxıllıqdandır. Çünki indiyə qədər eləmirdilər, amma elə ki, Mübariz qardaşımız (Əlixan Musayevin yaxın adamı) Ləzgi məscidinə imamlıq etməyə getdi, mən də Müşfiqabad məscidinə dərs deməyə getdim, bundan sonra bu məsələlər qabarmağa başladı. Məni iki ildir Müşfiqabad məscidinin imamı Mübariz qardaş ora dəvət edir, amma getmirəm. Çünki icazəsiz hansısa bir məsciddə fəaliyyət göstərmək olmaz. Rəhbərliklə razılaşandan sonra getdim.

Uzun təkidlərdən və razılıq alınandan sonra mən getdim o məscidə. Ona görə getdim ki, o məsciddəki uşaqlar Mədinə şəhərində təhsil almış tələbələrdən heç birini bəyənmirlər və qəbul etmirlər, məndən başqa. Mənim də ora getməkdə məqsədim respublikada sabitliyin davam etməsinə çağırış olub. Başqa heç bir niyyətim olmayıb. Buna Allah da şahiddir, dövlət də bilir. Bu işləri mənim boynuma yalandan yıxmaq nəyə lazımdır axı?! Necə sübut edə bilərlər. Demirlər xəvaricəm?! Ortalığa bir dəlil qoysunlar. Dəlil isə mənim 10 illik fəaliyyətimdən, əziyyətimdən, tərcümə etdiyim 60-a yaxın kitabdan olmalıdır. Bir sitat gətirsinlər o kitablardan ki, mən insanları xəvaricliyə dəvət etmişəm.

Və ya mənim çoxlu sayda çıxışlarım var ki, çoxu da video lentə alınıb. Bir dəlil göstərsinlər ki, mən dövlət əleyhinə çıxışlar etmişəm və ya xəvaricliyə dəvət etmişəm. Sübut təqdim etsinlər, mən cavab verməyə hazıram.

“Suriyanı qoy kənara, Azərbaycan da müharibə şəraitindədir, Qarabağda hələ də müharibədir”

-Qamət Süleymanov iddia edir ki, siz insanları Suriya gedərək ordu qüvvələrinə qarşı döyüşən qruplaşmalara qoşulmalarına təşviq etmisiniz. Bu nə dərəcədə doğru iddiadır?

-Bu iddia mənim bir çıxışımdan götürülüb. Bir məclisdəydim. Mənə sual verdilər ki, Suriya ilə bağlı fikriniz nədir? Mən cavab verdim ki, Suriyanı, Çeçenistanı, Əfqanıstanı, Pakistanı qoy kənara. Azərbaycan da müharibə şəraitindədir, Qarabağda hələ də müharibədir. Mən ümumən cavab verdim ki, müsəlman müsəlmana ilk növbədə canı ilə kömək etməlidir. Amma əgər başqa müsəlman ölkəsinə getməyə ata-anam icazə vermirsə, onda 2-ci mərhələ gəlir. Malınla kömək et! Məsələn, silah al göndər. Amma silah almağın sənə problem açırsa, dövlətlər arasında münaqişəyə səbəb olursa, ölkə daxilində fitnəyə gətirib çıxarırsa, onda bu işdən də əl çəkirsən. Çünki bu respublikada fitnə qaldırmaq olmaz.

3-cü mərhələ gəlir. Belə olan halda müharibə şəraitindən əziyyət çəkən məzlum uşaqlara, qadınlara dua elə. Bu səninlə Allah arasında olsun. Amma heç yerdə bildirmə ki, dua edirsən. Demə ki, yaxşı olub onların başına bu müsibət gəlib, öz səhvləridir. Təsəvvür edin ki, Xocalıda neçə min şəhid vermişik. İndi əgər Misirdə kimsə çıxıb deyir ki, əşi onlar hamısı xəvaricdir, dövlətə qarşıdılar, əcəb olub onların başına bu iş gəlib. Bu bizim xalqın xoşuna gələrmi? Əlbəttə, xeyr. Ona görə İslam peyğəmbəri (s) deyir ki, “Ya xeyir danış, ya da sus!”. Şəxsən mən fitnə və terroru dəstəkləmirəm. Ancaq zülmü də dəstəkləmirəm.

“Əsl xəvaric o kəslərdir ki...”

-Bəzən kimin daha savadlı, elmli olması məsələsi gündəmə gəlir. Siz Qamət Süleymanovla bir yerdə oxumuşunuz. Onunla bağlı nə deyə bilərsiniz?

-Mədinədə oxuduğumuz illərdə tələbələrimizin hamısı yaxşı oxuyublar. Ona söz ola bilməz. Ora bərəkətli yerdir. Ora Məhəmməd (s) dua edib ki, bərəkətli olsun. Ordan qayıdandan sonra artıq insan özü öz yolunu seçir. Kimə qoşulur, hansı yolu seçir, nəyin ardınca gedir - öz seçimləridir. Onların seçdikləri yol da budur - öz qardaşları, öz yaxınları, vaxtilə əziz hesab etdikləri şəxsə qarşı dil uzadırlar.

-Qamət Süleymanov sizi və tərəfdarlarınızı xəvaric əqidəli olmağınızda ittiham edir. Xəvariclər kimlədir? Hansı əqidəyə sahibdirlər?

-Əsl xəvaric o kəslərdir ki, ölkə başçısının qanını halal sayır, Əli ibn Əbu Talibi, Osman ibn Əfvanı kafir sayır və s... Amma məncə əsl xəvaric yoxdur. Azərbaycanda olan radikal fikirli insanlara ya hizbçi (yəni qruplaşma) deyilir, ya da deyirsən təkfirçi.

Bunlar da böyük günah sahiblərini kafir sayırlar. Lakin bunu da mən və ya Mübariz Qarayev heç vaxt deməmişik, bizim əqidəmiz buna yol vermir və biz 13 il bunun əksinə fəaliyyət aparmışıq.

“Xəvariclər basqın edib insanın namusuna da toxunurlar, özünü də öldürürlər ki, halaldır bu”

-İnsanın müsəlman hesab edilməsinin meyarı nədir? Kimlər müsəlman sayılır?

-Məsələn, mən hansısa bütpərəsti müsəlman saymıram. Bu məgər xəvariclikdir? Krişna əqidəsində olan o qədər adam var ki, Azərbaycanda. Müsəlman üçün meyar budur ki, məscidə getsin, dua etsin, namaz qılsın. Və əgər bu əməlləri kimsə etmirsə, amma Rəbbini tanıyır, təzədir İslamda, “Lə iləhə illəllah, Muhəmmədən Rasulullah” kəlməsini qəbul edir - İslama girmiş sayılır. Amma biri İslam Peyğəmbərini qəbul etmirsə və sən buna kafir deyirsənsə, o demək deyil ki, sən xəvaricsən.

Bu şəriətdə adillik, ancaq müasir dildə tolerantlıqdır. Məsələn, biz əmin-amanlı bir ölkədə yaşayırıq. Bizimlə yanaşı bu dövlətdə yəhudi də, xristian da yaşayır. Əsas müsəlmanları, xəvaricləri və digərlərini fərqləndirən cəhəti budur ki, həqiqi müsəlmanlar bu qeyri-müsəlman şəxslərlə loyal davranır və bu insanların malını, canını, namusunu halal saymır və qəsb etmir bunları. Çünki bunu şəriət qadağan edir. Amma bu xəvariclər basqın edib insanın pulunu da alırlar, namusuna da toxunurlar, özünü də öldürürlər ki, halaldır bu. Lakin inanmıram ki, Azərbaycanda belə insanlar olar.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR