Yaqub Mahmudov: "Ermənistan ərazisində heç bir erməni abidəsi olmayıb"
Bizi izləyin

Nida.az

Yaqub Mahmudov: "Ermənistan ərazisində heç bir erməni abidəsi olmayıb"

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin maliyyə, AMEA-nın Tarix İnstitutunun elmi-təşkilati dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev bildirib ki, Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəif və tələblərə cavab vermir:

“Bir çox hallarda müxtəlif beynəlxalq tədbirlərdə iştirak zamanı gənclərimizin məlumatsızlığı özünü göstərir. Bu həqiqətlər haqqında dünya ictimaiyyətinin, xarici ölkələrdə yaşayan gənclərin məlumatı azdır. Erməni alimləri tərəfindən aparılan məqsədyönlü təbliğat nəticəsində dünya ictimaiyyəti bilərəkdən çaşdırılır”.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışında bildirib ki, hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: “İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan etmişdir. Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir. Təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi”, - deyə o bildirib.

Y.Mahmudov onu da əlavə edib ki, tarixi ərazilərimizi, tariximizi öyrənmək hüququnu heç kim bizim əlimizdən ala bilməz:

“Biz heç kimdən ərazi istəmirik. Dünya birliyi tərəfindən tanınan əraziləri biz də tanıyırıq. Lakin tarixi öyrənmək hüququnu heç kim bizdən ala bilməz. Dünya bilməlidir ki, 200 ildən əvvələ aid indiki Ermənistan ərazisində heç bir erməni abidəsi olmayıb. Yaxın gələcəkdə torpaqlarımızın tarixinə, zaman gələcək özünə sahib çıxacağıq”.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva qeyri-hökümət təşkilatlarının İrəvan mövzusuna yer ayırmasını gənclərimizin öyrənməsi baxımdan çox vacib olduğunu bildirib.

“Bu tədqiqat işlərinə məktəblilər də cəlb olunmalıdır. Bundan başqa, sadəcə tədqiqat aparmaqla kifayətlənmək olmaz. Onu dünyaya çatdırmaq lazımdır. Bunun üçün də ən yaxşı yol sosial şəbəkələrdir”.

Millət vəkili Musa Qasımlı tədqiqatçılara bir sıra tövsiyələr verib:

“Ermənilərin iddia etdiyi bütün ərazi iddialarında kilsədən başqa mədəniyyət abidəsi yoxdur. Lakin bir ərazidə kilsənin olması həmin bölgənin ermənilərə aid olması demək deyil. Belə qəbul edilsəydi, gərk ABŞ-dakı kilsə ərazinin ermənilərin, yaxud Fransadakı məscid varsa, ora müsəlmanlarındır. Lakin tarix elmi bunu qəbul etmir. Bir xalqın yaşaması üçün tarixi mədəniyyət abidəsinin olması mütləqdir. Dünyanın qəbul etdiyi metodoloji prinsip budur. Tədqiqatçı alimlər araşdırmaya arxivlərdən başlamalıdırlar. Çünki arxiv sənədi elədir ki, heç kim buna etiraz edə bilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm