• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Əli Həsənov: “Bu, məsələni daha da mürəkkəbləşdirə bilər”

  • Nida.az
  • 31 May 2016 11:30
  • 610 Baxış
Əli Həsənov: “Bu, məsələni daha da mürəkkəbləşdirə bilər”

Bu gün Bakıda Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilən "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi" layihəsi üzrə "İfadə və media azadlığı" mövzusunda "dəyirmi masa" keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç və digər qonaqlar iştirak edib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, "diffamasiya" mövzusunda təşkil edilən bugünkü tədbir uzun müddətdir Azərbaycanda hərtərəfli müzakirə olunan məsələlərdən biridir.

Onun sözləinə görə, "Diffamasiya haqqında" qanun layihələri bir təşəbbüs kimi 2005, 2011 və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub: "İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər".

Ə.Həsənov qeyd edib ki, ilk növbədə mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər: "Həmçinin, ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi. 2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa Birliyi, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmiş və müsbət nəticələr əldə edilib. Azərbaycan prezidentinin fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib.

2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi" Konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-in müstəqilliyinin təmin edilməsi, bu sahədə neqativ halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər bu kimi məsələlərin həlli olub.

2009-cu İldə Azərbaycan Prezidenti cənab İlham Əliyev konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasını məqsədəuyğun hesab edilmədini açıqlayıb. Həmin dövrdən bu vaxta kimi faktiki olaraq AR Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.

Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Qeyd edim ki, əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var.

2011-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq etmiş və həmin planda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi bəndi də öz əksini tapıb. Daha sonra Mətbuat Şurası 2010-cu ili Azərbaycanda "diffamasiya ili" elan etmiş, jurnalist təşkilatları "Diffamasiya haqqında" Qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlayıb və Milli Məclisə təqdim edilib.

Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb. Göründüyü kimi, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib".

D.Filipoviç bildirib ki, Avropa Şurası media prülalizmini üzv ölkələrdə, o cümlədən Azərbaycanda təşviq edir. O qeyd edib ki, Avropa Şurası bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq edir, "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi də bu istiqamətdədir.

D.Filipoviç vurğulayıb ki, diffamasiya barədə qanunun məqsədi ifadə azadlığını müdafiə etməkdir.

Onun sözlərinə görə, Avropa Şurasının baş katibi T.Yaqland Avropa Şurasına üzv 47 dövləti bu barədə qanun qəbul etməyə çağırıb: "Azərbaycan müstəqillik əldə etdikdən sonra media azadlığı ilə bağlı qanunvericilik aktlarını təkmilləşdirib, ancaq diffomasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Avropa Şurası Nazirlər Kabineti media azadlığı ilə bağlı üzv ölkələrdən qanunvericiliyi nəzərdən keçirməyə çağırıb".

Tədbirdə çıxış edən Avropa Şurası İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Pennikx qeyd edib ki, Avropa Şurası "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi çərçivəsində jurnalistlərə təlimlər keçməklə informasiya azadlığına dəstək verməyə çalışır: "Jurnalistləri hüquq və öhdəlikləri barədə maarifləndirmək qarşıya məqsəd qoyulub. Bu yaxınlarda 15 jurnalistin Avropa Şurasına səfər təşkil etmişik".

P.Pennikx bildirib ki, diffamasiya qanunları istisna hallarda tətbiq olunmalıdır. Onun sözlərinə görə, yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar: "Açıq siyasi məsələlərin müzakirəsinə heç bir məhdudiyyət qoyulmamalıdır. Jurnalistlər və media isə insanların hüquq və reputpasiyalarına münasibətdə hədləri keçməməli, jurnalistikanın etik qaydalarına riayət etməlidirlər. Biz hansısa diffamasiya qanunvericili ilə məşğul olmamalıyıq. Cinayət Məcəlləsi ilə bərabər Mülki Məcəllədən də bu maddələr çıxarılmalıdır".

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün imkanlar yaradılıb. Ə.Amaşov qeyd edib ki, Azərbaycanda heç bir jurnalist səsləndirdiyi fikirlərə görə həbs edilmir.

O deyib ki, demokratiya heç də ifadə azadlığından sui istifadə demək deyil: "Bu gün Avropa ölkələrində də diffamasiya mühiti yoxdur".

Ə.Amaşov qeyd edib ki, bir sıra ekspertlər Azərbaycanda diffamasiya haqqında qanun layihəsinin qəbulunun hələ tez olduğunu bildirirlər: "Deputatar arasında da bu qanun layihəsi ilə bağlı ortaq mövqeyə nail olunmayıb. Bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycan üçün hələ tez olduğu qənaətindədirlər".

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>