“İqtidarla xalq arasındakı birlik daha da böyük uğurlara gətirib çıxaracaq” - FOTOLAR - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

“İqtidarla xalq arasındakı birlik daha da böyük uğurlara gətirib çıxaracaq” - FOTOLAR - YENİLƏNDİ

“Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır” söyləyən dövlət başçısı “İlin adamı” mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu, Azərbaycanda müstəqil jurnalistikanın inkişafında xüsusi rol oynadığını qeyd edib.

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyevbildirib ki, 2014-cü il başlayır:

"Sizi Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, 2014-cü ildə də ANS Şirkətlər Qrupu uğurla fəaliyyət göstərəcək və Azərbaycan tamaşaçılarını yeni layihələrlə sevindirəcəkdir.

Bugünkü mərasim mənə həsr edilibdir. Mən bu yüksək mükafata görə sizə minnətdaram. İlk növbədə, Milli Qəhrəman Çingiz Mustafayev adına Fonda, Fondun rəhbərliyinə, ANS Şirkətlər Qrupuna minnətdaram ki, siz mənim fəaliyyətimi yüksək qiymətləndirirsiniz. Əslində bu, mənim vəzifə borcumdur.

Mən çalışıram və çalışacağam ki, öz işimlə doğma ölkəmizi inkişaf etdirək, irəliyə aparaq, qarşımızda duran bütün vəzifələri icra edək. Sizin mənə verdiyiniz belə yüksək qiymət əlbəttə ki, məni daha da ruhlandırır".

Dövlət başçısı qeyd edib ki, bu mükafatın öz yeri vardır: "Mən artıq Prezident kimi 10 illik fəaliyyətim dövründə bir çox mükafatlarla təltif edilmişəm, ancaq bu mükafatın xüsusi yeri vardır. Çünki bu mükafatı mənə təqdim edən teleşirkət Azərbaycanda birinci müstəqil telekanaldır və Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS şirkətinin böyük rolu vardır. Mən bu rolu yüksək qiymətləndirirəm və çalışıram ki, sizin verilişlərinizi izləyim.

Xüsusilə, vətənpərvərlik mövzuları ilə bağlı olan verilişlər daha böyük maraq doğurur. Hesab edirəm ki, cəmiyyətimizin gələcək inkişafı üçün belə verilişlərin sayının artırılması məqsədəmüvafiq olardı.

Əlbəttə ki, bu gün biz bu mərasimi keçirəcəyik. Qeyd etmək istəyirəm ki, bizdə gələcək planlarımızla da bağlı konkret fikirlər, proqramlar vardır. Bəzi planlar haqqında ictimaiyyət artıq məlumatlandırılıb, bəzi fikirlər hələ ki, öz növbəsini gözləyir. Ancaq əminəm ki, bu il də ölkəmizin dinamik inkişafı davam edəcəkdir".

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev çıxış edərək dedi ki, bu mükafat 2001-ci ildən başlayaraq təqdim olunur və onun əsas qayəsində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsi dayanır. Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun təsis etdiyi, artıq cəmiyyətdə yüksək statusu ilə etiraf olunan bu mükafatın başlıca leytmotivi budur. Azərbaycan uğrunda canını fəda etmiş bir insanın adını daşıyan bu mükafat təbii ki, öz bacarığını və səylərini Azərbaycanın rifahına yönəldən, ömrünü bu dövlətə, bu millətə və bu xalqa həsr edən şəxslərə verilir.

X X X

ANS Şirkətlər Qrupunun prezidenti, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun idarə heyətinin üzvü Vahid Mustafayev deyib ki, artıq neçə ildir ki, onlar bir ictimai institut kimi Azərbaycanı ən yüksək səviyyədə tanıdan, onun bir dövlət olaraq qüdrətlənməsində, çiçəklənməsində misilsiz xidmətləri olan insanların rolunu imkanları çərçivəsində qiymətləndirirlər:

"Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu olaraq biz bu ənənəni həm qürur, həm də böyük bir məsuliyyət hissi ilə yaşadırıq.

Çünki ilin ən böyük vətənpərvərinə verilən bu mükafatın əsas missiyası həmişə onun layiqli şəxsə təqdim edilməsi, necə deyərlər, əsl ünvanına çatdırılması olubdur.

2013-cü il Azərbaycan dövlətinin tarixinə həm ən mürəkkəb, həm də ən uğurlu illərdən biri kimi daxil oldu. Məhz bu il Azərbaycan kosmik dövlətlər cərgəsinə qoşuldu, uğurlu iqtisadi inkişaf tempi, sabitlik, vətəndaşların rahat və etibarlı güzəranı ilə yadda qaldı, ölkəmizə dünyanın aparıcı dövlətləri ilə ayaqlaşmağa imkan verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi dinamik tərəqqi onu regionun qüdrətli dövlətinə çevirdi.

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi etibarlı mərkəz kimi dünyada qəbul olundu".

V.Mustafayev qeyd edib ki, nüfuzlu Davos Forumunun ötən il Bakıda keçirilməsi məhz belə hadisələrdən biridir: "Bu, hələ hamısı deyildir. Cəmi 22 il əvvəl BMT-yə adi üzv kimi qəbul edilən ölkəmiz 2013-cü ili dünyanın bu ən mötəbər qurumunun Təhlükəsizlik Şurasının sədri kimi başa vurdu.

İyirmi iki il və BMT Təhlükəsizlik Şurasının sədri - qısa zamanda əsl sıçrayış.

Beləliklə, Azərbaycan dünyanın taleyinin müzakirə olunduğu ən yüksək qurumun başında dayandı, onun əlinin işarəsi planetin aparıcı güclərinə, ən qüdrətli dövlətlərin qərarlarına təsir etdi. Bu reallıq hər bir Azərbaycan vətəndaşının qüruruna səbəb oldu.

Dövlətin yürütdüyü siyasətin əsas ünvanı yenə də insana qayğı, vətəndaşa xidmət oldu. Dövlət başçısının birbaşa təşəbbüsü, nəzarəti və iştirakı ilə açılan yeni-yeni müəssisələr, iş yerləri, istifadəyə verilən yollar və korrupsiyaya qarşı mübarizədə kəsərli silaha çevrilmiş "ASAN xidmət", müxtəlif sahələr üzrə uğurlu infrastrukturların yaradılması bir hədəfə - Azərbaycan vətəndaşına hesablanmışdır. Elə bu səbəbdən də Azərbaycan vətəndaşı öz Prezidentinə - İlham Əliyevə yenidən məmnuniyyətlə səs verdi. Bu seçkilərdə təkcə Prezident deyil, həm də xalq qələbə qazandı.

2013-cü ildə Azərbaycan, eyni zamanda, nəhəng siyasi qüvvələrin maraq qovşağında uğurla addımladı.

Müstəqilliyimizin göz bəbəyi kimi qorunması bu il də əsas vəzifə oldu. Balanslaşdırılmış siyasət Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə nail olmağı təmin etdi.

İlin sonuna yaxın isə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir qolu olduğunu növbəti dəfə sübut edərək "Şahdəniz-2" kimi tanınan XXI əsrin müqaviləsini imzaladı.

Prezidentin görülən işlər barədə xalqa verdiyi ətraflı hesabatlar Azərbaycanın dünyadakı opponentlərinin apardığı qara təbliğat kampaniyasına kəsərli cavab oldu.

İlham Əliyev hər bir azərbaycanlının prezidenti olacağı barədə verdiyi vədi 2013-cü ildə də ləyaqətlə yerinə yetirdi. Vətəndaş ən çətin günündə onun taleyinə həssas münasibət bəsləyən, maddi və mənəvi dəstəyi ilə hər an onun yanında olan yaxın dostunun, qardaşının - dövlət başçısının qayğısını hiss edir. Başqa ölkədə həbs edilən alim Xalidə Xalid, Azərbaycanın böyük şairi Vaqif Səmədoğlu, körpə İmran Cəfərov və digərləri bu diqqətdən bəhrələndi. Prezident hər bir məmuru xalqa xidmətə dəvət etməklə xalqın hörmət və ehtiramını nə qədər uca tutduğunu nümayiş etdirdi, dövlətə etimadı gücləndirdi".

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü kurs bir sıra hallarda regional siyasi düzənin tamamilə dəyişməsinə, proseslərin tam başqa məcraya yönəlməsinə də gətirib çıxardı: "Cənab Prezident, burada ordu quruculuğu, hərbi sənayenin inkişafı və digər bu kimi hər gün görülən və görünən işləri də sadalaya bilərdik. Amma, cənab Prezident, insan yaxşı işlərə tez öyrəşir. Hər gün açılan yeni binalar, fabriklər bir möcüzə, fövqəladə hadisə kimi artıq bizdə maraq doğurmur. Bu gün bizi nadir memarlıq inciləri ilə də təəccübləndirmək qeyri-mümkündür. Siz bizi artıq belə şeylərə öyrətmisiniz. Ona görə də xaricə gedən azərbaycanlı da bu gün artıq on il əvvəlki kimi hər şeyə dörd gözlə baxmır, deyir ki, bütün bunlardan bizdə də vardır. Biz bunları Azərbaycanda da görmüşük. Necə deyərlər, biz bu gün növbəti uğurlar, hər gün baş verən cari nailiyyətlər üzərində yox, sıx fəaliyyət qrafikinizdən bəzi seçimlər üzərində dayandıq.

Bütün bunları nəzərə alan Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan etməyi qərara almışdır. Biz bir müstəqil media qurumu olaraq bütün dediklərimizi, eyni zamanda, tarixə köçürmüşük və bu, bizim peşəkar işimizdir, vəzifəmizdir. Fürsətdən istifadə edib, Sizə deyilənlərin hamısının video sübutunu təqdim etmək istəyirəm. Baxın, bu, Sizin etdiklərinizdir.

Prezident İlham Əliyev: Sağ olun.

Vahid Mustafayev bildirib ki, 2013-cü il həm də böyük azərbaycanlı Heydər Əliyevin 90 illiyi ilə yadda qaldı: "O, bu gün bizim aramızda olmasa da, Sizin simanızda onun yolunu ləyaqətlə və daha böyük vüsətlə davam etdirən bir oğulla, əsl varislə fəxr edərdi. Beləliklə, Azərbaycan vətəndaşlarının etimadını qazanaraq ölkə Prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərə biləcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq, "Şahdəniz-2", TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Avropa İttifaqına üzv olan ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olmasına görə İlham Heydər oğlu Əliyev "2013-cü ilin adamı" elan edilir.

İndi isə icazə verin, diplomu və mükafatları təqdimetmə mərasiminə keçək.
On min manatlıq çeki Sizə təqdim edirəm. Bir də ənənəvi olaraq şəxsən Sizin üçün hazırlanmış bu saatı Sizə təqdim edirəm. Həmişə saatla, vaxtında bizə rəhbərlik etməyinizə və işləri irəli aparmağınıza görə Sizə təşəkkür edirəm".

Sonra mükafatlar dövlətimizin başçısına təqdim edildi.

Prezident İlham Əliyev bir daha bu mükafata görə minnətdarlığını bildirib:

"Qeyd etməliyəm ki, mən pul mükafatını ənənəvi olaraq Silahlı Qüvvələrin Fonduna köçürürəm. Bu saat da çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaqdır.

Mənim haqqımda dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Doğrudan da 2013-cü il tariximizdə uğurlu il kimi qalacaqdır. 2013-cü il uğurla başladı, uğurla da başa çatdı. İlin əvvəlində "ASAN xidmət"in yaradılması diqqət çəkdi. Xidmət yarananda bir çoxları bəlkə də təsəvvür edə bilmirdi ki, bu xidmət qısa müddət ərzində böyük rəğbət qazanacaq və Azərbaycanda ictimai xidmətlər sahəsində ciddi bir dönüş yaradacaqdır. Artıq son məlumata görə, -statistik göstəricilər demək olar ki, hər həftə dəyişir, - bir milyona yaxın müraciət olmuşdur".

İlham Əliyev vurğulayıb ki, "ASAN xidmət"in yaradılması Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya qarşı aparılan siyasətimiz üçün çox ciddi bir alət, ciddi bir vasitə olubdur: "Biz bildiyiniz kimi, bu il də xidmətin fəaliyyətini genişləndirəcəyik. Bütün bölgələrdə yeni ofislər açılacaqdır. Gələcəkdə isə hər bir şəhərdə "ASAN xidmət" olacaqdır.

Bununla bərabər, xidmətin funksiyaları da genişlənəcəkdir. İndi biz fikirləşirik ki, daha hansı xidməti oraya əlavə edək. Yəqin ki, sizin - jurnalistlərin də bu işlərdə köməyi ola bilər. Çünki siz cəmiyyətdə insanları ən çox narahat edən problemləri yaxşı bilirsiniz. Sizin telekanalınız bu barədə mütəmadi qaydada verilişlər hazırlayır. Mən bunu alqışlayıram. Elə etməliyik ki, cəmiyyəti, insanları narahat edən, incidən məsələlər aradan qaldırılsın. Bu məsələləri şərtləndirən amillər də aradan götürülsün. Burada həm inzibati tədbirlər görüləcəkdir, eyni zamanda, sistem xarakterli tədbirlər də gözlənilir.

İlin sonunda "Şahdəniz-2" layihəsinin imzalanması elə bil ki, 2013-cü ilə gözəl bir yekun vurdu. Bu layihə də, "ASAN xidmət" kimi ölkəmizin gələcək inkişafı üçün müstəsna əhəmiyyətə malik olan hadisədir. Onilliklər bundan sonra ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir. Azərbaycan, bildiyiniz kimi, enerji siyasəti sahəsində liderlik keyfiyyətlərini bu dəfə də ortaya qoydu. Uzun illərdən, uzun müzakirələrdən sonra görəndə ki, artıq "Cənub qaz dəhlizi" layihəsi axsayır, Azərbaycan siyasi və iqtisadi məsuliyyəti cəsarətlə öz üzərinə götürmüşdür. "Şahdəniz-2" layihəsi gərgin şəraitdə imzalandı".

Prezidentin sözlərinə görə, ictimaiyyət əlbəttə ki, bir çox məsələlər haqqında məlumatlı deyildir: "Çünki bildiyiniz kimi, bu məsələ kifayət qədər bağlı qapılar arxasında həll edilirdi. Ancaq yalnız bir şeyi deyə bilərəm ki, son həftəyə qədər "Şahdəniz-2" layihəsinin imzalanması hələ də sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər də hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq bəlli deyildi.

Ancaq bir şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdaşları bütün səyləri birləşdirərək bu tarixi layihənin imzalanmasına nail oldular. Bu iki önəmli və tarixi əhəmiyyət daşıyan hadisələr arasında, əgər belə demək mümkündürsə, 2013-cü ildə digər önəmli hadisələr də baş vermişdir. Siz də onları qeyd etdiniz.

Xüsusilə, "Azərspace-1" peykinin orbitə buraxılması tarixi əhəmiyyətə malik olan hadisədir. Bəlkə də 5-10 il bundan əvvəl heç kim, o cümlədən də mən təsəvvür edə bilməzdim ki, Azərbaycan bu gün kosmik kluba üzv, kosmik sənayenin inkişafı ilə məşğul olacaqdır.

Bizim gələcək planlarımız da vardır. Bu planlar əminəm ki, reallaşacaqdır. Çünki "Azərspace-1" peykinin buraxılması artıq yeni bir səhifənin açılmasına gətirib çıxarmışdır. Bu sahə ölkəmizin hərtərəfli yüksəlişi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, intellektual səviyyənin qaldırılması üçün çox böyük məna daşıyır. Mən çox şadam ki, artıq neçə aydır peykin idarə olunması Azərbaycan mütəxəssisləri tərəfindən icra edilir".

Dövlət başçısı qeyd edib ki, kosmik sənayenin inkişafında gənc Azərbaycan mütəxəssisləri fəal iştirak edirlər: "Necə ki, "ASAN xidmət"də də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Belə gənclərin önə çıxmaları, məsuliyyəti öz üzərlərinə götürmələri gələcək uğurlu inkişafımızı müəyyən edəcəkdir.

Çünki hər bir ölkənin inkişafını onun intellektual potensialı müəyyən edir. Xüsusilə indiki zamanda - yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir vaxtda intellektual potensialı zəngin olan ölkələr üstünlük təşkil edəcəkdir, həm siyasətdə, həm döyüş meydanlarında və iqtisadi sahədə.

Əlbəttə, Azərbaycan gənc müstəqil dövlətdir və bizdə elmin inkişafı hələ ki, lazımi səviyyədə deyildir. Bunun təbii səbəbləri vardır. Ancaq dünyada mövcud olan və yaradılan ən müasir texnologiyalar Azərbaycana gətirilməlidir və gətirilir. Beləliklə, hesab edirəm ki, cəmiyyətdə inkişafla və ölkəmizin strateji xətti ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Cəmiyyət vahid amal uğrunda birləşibdir ki, ölkəmiz daha da güclü, müstəqillik daha da möhkəm olsun, xalqımız daha da yaxşı yaşasın. Buna nail olmaq üçün hazırlıqlı kadrların çox böyük rolu vardır. Mən bilirəm ki, siz ANS-də kadr hazırlığı ilə çox fəal məşğulsunuz. Siz bir çox digər kanallar üçün kadr hazırlayırsınız və mən bunu da çox yüksək qiymətləndirirəm. Hər bir sahədə gənc kadrların hazırlanması prosesi daha da sürətlə getməlidir, məqsədyönlü şəkildə aparılmalıdır ki, biz gələcəkdə də bu inkişaf dinamikasını saxlaya bilək. Əlbəttə ki, kosmik sənayenin inkişafı dediyim həmin məsələlərin həllində bizə gələcəkdə kömək göstərəcəkdir".

Prezident vurğuladı ki, 2013-cü ildə digər hadisələr də baş verdi: "Davos Forumunun Azərbaycanda keçirilməsini siz də qeyd etdiniz. Cənubi Qafqazda və Orta Asiyada bu Forum ilk dəfə məhz Bakıda keçirilmişdir.

Mövzu da Cənubi Qafqaz və Orta Asiya məsələləri ilə bağlı idi. Yəni, Azərbaycanın burada mərkəz kimi formalaşması iqtisadi sahədə də artıq reallaşıbdır. Bildiyiniz kimi, Davos Forumu Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirir, ölkələrin rəqabət qabiliyyətliliyinə görə bizi dünya miqyasında 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük göstəricidir.

MBD-də birinci yerdəyik və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq.

İqtisadiyyatın rəqabət qabiliyyətliliyini artırmaq üçün bizim konkret proqramlarımız vardır.

2013-cü il iqtisadi sahədə də yaddaqalan olmuşdur. Avropa qitəsində iqtisadi inkişaf templərinə görə Azərbaycan birinci ölkə olmuşdur. Artıq biz buna öyrəşmişik. Vahid müəllim dediyi kimi, biz bir çox məsələlərə öyrəşmişik.

Əlbəttə ki, mən də bunu qeyd edirəm və çox sevinc hissi ilə qeyd edirəm. Çünki bəzi hallarda mənə də deyirlər ki, bəs, insanlar buna öyrəşiblər. Yada salsınlar ki, Azərbaycan iyirmi il əvvəl hansı vəziyyətdə idi.

Dedim, bu, çox yaxşıdır ki, öyrəşiblər. Ona görə ki, bu reallıq artıq hər yerdə özünü büruzə verir, hər yerdə özünü göstərir. Biz daha da yaxşı şəraitə öyrəşməliyik və öyrəşəcəyik. Mən həmişə demişəm ki, Azərbaycan xalqı daha da yaxşı həyata layiqdir. Biz hamımız bu həyatı təmin etməliyik.

Ancaq Avropada iqtisadi sahədə əlbəttə, birinci olmaq hesab edirəm ki, böyük göstəricidir. Əgər mən digər göstəriciləri əlavə etsəm görərik ki, biz inkişaf etmiş Avropa ölkələrini bir çox parametr üzrə geridə buraxmışıq - dövlət borcu, büdcə kəsiri ilə, investisiyalarla bağlı.

Deyə bilərəm ki, keçən il investisiya qoyuluşu istiqamətində rekord il olmuşdur - ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur.

Müqayisə üçün deyə bilərəm, bəlkə də bütün müstəqillik dövründə Ermənistanda bu qədər investisiya qoyulmamışdır. Yəni, biz artıq öz iqtisadi və siyasi potensialımızla əlbəttə ki, region çərçivələrindən çoxdan çıxmışıq.

Bizim üçün əsas hədəf inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır.

Burada təkcə iqtisadi islahatlar kifayət etməyəcəkdir. Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır. Əlbəttə ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Ancaq Azərbaycan bu gün inkişaf etmiş Avropa ölkələri ilə bir neçə meyar üzrə ayaqlaşa bilir".

İlham Əliyevin sözlərinə görə, 2013-cü ildə sosial sahədə də ciddi islahatlar aparılmışdır: "Əmanətlərin verilməsi təmin edilmişdir. Burada da sevinc hissi ilə deyə bilərəm ki, MDB məkanında sovet əmanətləri ən böyük əmsalla Azərbaycan vətəndaşlarına verilmişdir və ən qısa müddət ərzində qaytarılmışdır. İslahatların dərinləşməsi aparılmışdır. Xüsusilə cəmiyyəti ən çox narahat edən sahələrdə kadr dəyişiklikləri edilmişdir. Siz də bunu yaxşı bilirsiniz və işıqlandırmısınız. Təhsil, ordu quruculuğu sahələrində, sosial sahədə çox ciddi islahatlar başlamışdır. Bu islahatlar artıq öz bəhrəsini verməkdədir. Dediyim sahələrdə və bütün başqa sahələrdə ictimai nəzarətin gücləndirilməsi əlbəttə, bizə kömək edəcək ki, xoşagəlməz halların qarşısının alınması istiqamətində daha da ciddi addımlar atılsın. Hər halda kadr və struktur dəyişikliyi, işə yanaşmada dəyişiklik artıq reallıqdır. Bunu cəmiyyət də bilir. Mən də əlbəttə ki, bunu qiymətləndirirəm və bu işlərə nəzarət edirəm. Elə etməliyik ki, Azərbaycanda bütün istiqamətlər üzrə ən qabaqcıl metodlar, ən mütərəqqi texnologiyalar tətbiq edilsin".

Dövlət başçısı qeyd edib ki, idarəetmədə ciddi islahatlara ehtiyac vardır:

"Çünki mən dəfələrlə demişəm ki, biz əlbəttə, iqtisadi cəhətdən özümüzü çox rahat hiss edirik. Bu gün heç kimə borclu, möhtac deyilik. Bizim iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi də şərtləndirir. Ona görə, biz inamla prinsipial siyasət aparırıq, nəyin bahasına olursa-olsun Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edirik və bunu edə bilirik. Biri var ki, bunu etmək istəyəsən, biri də var ki, bunu edə biləsən. Biz elə bir güclü iqtisadiyyat yaratmışıq ki, bunu edə bilirik. Ancaq ölkəmizin gələcək uğurlu inkişafı üçün bu, yetərli deyildir. Bizim cəmiyyətimiz müasirləşməlidir.

Dünyada mövcud olan ən müsbət praktika Azərbaycanda tətbiq edilməlidir, əlbəttə ki, əgər bizim milli adət-ənənələrimizə zidd deyilsə. Elə bir cəmiyyət qurulmalıdır ki, burada problemlər minimum səviyyəsində olsun. Əlbəttə, siz jurnalistlər də yaxşı bilirsiniz, dünyada elə bir cəmiyyət yoxdur ki, orada bütün problemlər həll edilsin. Ancaq hər halda hər bir iqtidar və hər bir cəmiyyət buna çalışmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda iqtidarla xalq arasındakı birlik və vahid ideyalar uğrunda mövcud olan vəhdət bizi daha da böyük uğurlara gətirib çıxaracaqdır.

2013-cü ildə biz BMT Təhlükəsizlik Şurasında fəaliyyətimizi uğurla, ləyaqətlə başa vurduq. İki il bundan əvvəl demişdim ki, biz BMT Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Belə də oldu. Biz hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoymuşuq.

BMT Təhlükəsizlik Şurası elə bir qurumdur ki, orada mövqe bildirməmək mümkün deyildir. Ona görə, bəzi ölkələr heç can atmır ki, ora üzv olsun.

Çünki belə olan halda gərək öz mövqeyini ortaya qoysun. Cəmiyyətdə də, siyasətdə də, xarici siyasətdə də elə insanlar, elə ölkələr vardır ki, mövqe bildirmək istəmirlər, hamı üçün yaxşı olmaq istəyirlər. Təhlükəsizlik Şurası elə bir qurumdur ki, bu, mümkün deyildir və əslində, biz heç vaxt belə yanaşmanı düzgün saymamışıq. Ondan əvvəlki dövrdə də, bu gün də, bundan sonra da hər bir mövzu ilə bağlı Azərbaycanın prinsipial mövqeyi vardır və bu mövqe bütün hallarda ədalətə, beynəlxalq hüquqa əsaslanır və əlbəttə ki, dövlətimizin maraqlarına söykənir.

Bu iki illik təcrübə bizim üçün çox əhəmiyyətli idi. Böyük təcrübə toplamışıq. Eyni zamanda, dünyada Azərbaycana olan dəstək daha da artdı. Mən bunu inamla qeyd etməliyəm. Çünki bu iki illik fəaliyyət nəticəsində bizə olan dəstək, rəğbət, Azərbaycanın prinsipial mövqeyi əlbəttə ki, daha da böyük beynəlxalq diqqətə layiq görülmüşdür. Ancaq onu da qeyd etməliyəm ki, Təhlükəsizlik Şurasına seçilməyimiz də o qədər asan olmamışdır. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan 16 turdan sonra üzv seçilə bilmişdir. Bunun da səbəbləri vardır. Bu səbəblər hələ tam açılmayıbdır. Bəlkə də vaxt çatmayıb. Ancaq deyə bilərəm, siz də bilirsiniz ki, ilk səsvermədə və axırıncı səsverməyə qədər Azərbaycan digər namizədləri böyük fərqlə qabaqlayırdı.

Adətən fərq böyük olduqda digər namizədlər öz namizədliyini geri götürür.

Ancaq bu dəfə belə olmamışdır. On altı tur lazım oldu ki, Azərbaycan üzv seçilsin. Deyə bilərəm ki, bizə qarşı ciddi müxalifət fəaliyyət göstərirdi.

Ölkədaxili müxalifətdən fərqli olaraq, doğrudan da ciddi müxalifət idi. Ancaq buna baxmayaraq, biz prinsipial mövqe göstərdik, geri çəkilmədik. Hətta belə təklif edilmişdi ki, bəlkə Azərbaycan namizədliyini geri götürsün və artıq bir seytnot vəziyyət yaranmışdı. BMT praktikasında inanmıram başqa bir hadisə olsun ki, bu proses 16 tur və 3 gün davam etsin. Çünki yadımdadır, bizim xarici işlər naziri oraya ezam edilmişdi və mütəmadi qaydada məlumat verirdi. Beşinci gün bu proses dayandı, altıncı, bazar günlərində bəzi ölkələrlə iş aparıldı ki, Azərbaycanın namizədliyini dəstəkləməsinlər. Ondan sonra vəziyyət müəyyən qədər çətinləşdi. Ancaq BMT elə bir təşkilatdır ki, orada təzyiqlə nəyisə əldə etmək mümkün deyildir.

İki yüzdən çox üzv vardır və üzvlərin əksəriyyəti o qədər də zəngin ölkələr deyildir. Ona görə, BMT-də ədalət, prinsipiallıq daha çox üstünlük təşkil edir, nəinki təzyiq və hansısa başqa metodlar".

Prezidentin sözlərinə görə, Təhlükəsizlik Şurasına seçilməyimiz iki cəhətdən tarixi hadisədir: "İlk növbədə, bu, bir tarixdir. Dünyanın bir nömrəli qurumu olan Təhlükəsiz Şurasına Azərbaycan iki dəfə sədrlik etmişdir.

İkinci tərəfi ondan ibarətdir ki, biz buna çətin mübarizə şəraitində nail olmuşuq. Biz bu çətin mübarizəyə öyrəşmişik. Burada da qeyd edildi ki, bəzi hallarda Azərbaycana qarşı aparılan qara piara baxmayaraq, bizim beynəlxalq nüfuzumuz da artır, ölkəmizin inkişafı da göz qabağındadır. Bizə qarşı olan hücumların arxasında bir neçə amil dayanır. Mən bu barədə demişəm, siz də bilirsiniz, dünyada prinsipial mövqe sərgiləyən ölkələrə qarşı adətən təzyiqlər olur ki, kimsə onları öz tərəfinə çəksin. Bu istiqamətdə mübarizə gedir. Xüsusilə Azərbaycana - artıq geosiyasi mərkəz kimi formalaşan ölkəyə diqqət həddindən artıq böyükdür.

Sirr deyil ki, bizim mövqeyimizdən ən azı bölgədə gedən proseslər asılıdır. Ancaq hazırda Azərbaycan, eyni zamanda, daha da böyük regionda söz sahibidir. Bizi kənara qoymaq mümkün deyildir. Bizimlə hesablaşmamaq olar, ancaq nəticə olmayacaqdır. Azərbaycanın mövqeyini nəzərə almadan heç bir layihə burada işləməyəcək, icra edilməyəcəkdir.

Ona görə təbiidir ki, bizə qarşı müxtəlif üsullarla təzyiq göstərilir. Biz buna öyrəşmişik, fikir vermirik. Əsas odur sən əmin olasan ki, düzgün yoldasan.

Əsas odur ki, Azərbaycan cəmiyyəti aparılan siyasəti bəyənsin, dəstəkləsin.

Mənə Prezident və siyasətçi kimi ən çox güc verən, deyə bilərəm ki, Azərbaycan xalqının inamıdır, dəstəyidir, nəinki Azərbaycanın iqtisadi müstəqilliyi. Çünki bu inam məni daha da gücləndirir və göstərir ki, siyasi iradə olan yerdə və siyasətə sədaqət olan yerdə istənilən məsələ həllini tapa bilər.

Ötən il keçirilən prezident seçkilərində də göstərilən etimad bir daha onu göstərdi ki, bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan xalqı öz seçiminə sadiqdir. Deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin yetkinliyi, savadı, intellektual səviyyəsinin yüksək olması, əlbəttə ki, ictimai proseslərin müsbət istiqamətdə inkişafına xidmət göstərir.

Ona görə mən gələcək illər üçün əsas mövzulardan birinə - təhsil məsələlərinə bir daha qayıtmaq istəyirəm. Təhsil hər bir ölkənin gələcəyini müəyyən edir. Bu sözlər çox işlədilir. Amma bu, həqiqətdir. Savadı olmayan, yaxud da ki, aşağı səviyyədə olan cəmiyyətlərdə xarici müdaxilə uğurla nəticələnə bilər. Xarici təbliğat ölkənin inkişafına təsir edə bilər. Ona görə hazırlıqlı, yetkin, bilikli və savadlı cəmiyyət ekstremizmə, xarici müdaxiləyə və digər xoşagəlməz hallara qarşı bir sığortadır.

Məlumdur ki, tariximizin böyük əksəriyyəti başqa dövlətlərin, imperiyaların tərkibində keçibdir. Azərbaycan müstəmləkə idi. Müstəmləkəçiliyin müxtəlif formaları var idi, ancaq mahiyyət dəyişmirdi. Ona görə biz hələ çox işləməliyik ki, həm psixoloji sahədə, eyni zamanda, iqtisadi və siyasi məsələlərdə özümüzü daha da ciddi şəkildə təsdiq edək. Burada təhsil, cəmiyyətin hazırlığı və vətənpərvərlik ön plandadır. Hesab edirəm ki, gələcək illərdə Azərbaycanda bu iki əsas istiqamət üzrə çox müsbət hadisələr baş verəcəkdir.

Xüsusilə 2013-cü ildə doğrudan da böyük hadisələr baş vermişdir. Əminəm ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaqdır. Biz hamımız buna çalışırıq.

Bir daha bu yüksək mükafata görə sizə minnətdarlığımı bildirmək istəyirəm.

Bir daha sizin media layihələriniz haqqında deyə bilərəm ki, mən verilişləri izləyirəm. Burada oturanların demək olar ki, hamısını qiyabi də olsa tanıyıram. Arzu edirəm ki, gələcəkdə də siz həmişə Azərbaycan xalqının rəğbətini qazanasınız. Sizə inanırlar, sizi izləyirlər və müasir dünyada sözün, medianın əlbəttə ki, rolu getdikcə artır".

İlham Əliyev bildirib ki, 2013-cü il Azərbaycanda müstəqil jurnalistikanın inkişafı üçün də uğurlu olmuşdur: "Azərbaycanda bütün azadlıqlar - söz, internet azadlığı mövcuddur. Senzura, heç bir müdaxilə yoxdur.

Azərbaycanda azadlıqlarla bağlı hər şey lazımi səviyyədə təmin edilir.

ANS kanalının fəaliyyəti burada əlbəttə ki, önəmli rol oynayır. Çünki siz birinci müstəqil telekanalsınız, siz bu istiqamətdə pionersiniz və əlbəttə ki, televiziyada yeni yanaşmaların, yeni metodların, yeni layihələrin müəllifi kimi sizin çox böyük xidmətləriniz olubdur. Mən hesab edirəm ki, siz öz mövqeyinizi bu gün də saxlayırsınız.

Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, gələcəkdə də siz Azərbaycanda müstəqil, azad jurnalistikanın inkişafında fəal işləyəcəksiniz və ölkəmizin, dövlətimizin gələcək inkişafı üçün öz səylərinizi qoyacaqsınız.

Sizi bir daha salamlayıram, sizə minnətdarlığımı bildirirəm və yeni ildə uğurlar arzulayıram. Sağ olun".

16.38

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdim olunması mərasimi keçirilib.

Yüksək mükafata görə minnətdarlıq edən Prezident İlham Əliyev öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacağını bildirdi. "Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır", - deyən dövlətimizin başçısı "İlin adamı" mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu xatırlatdı, Azərbaycanda müstəqil jurnalistikanın inkişafında onun xüsusi rolunu vurğuladı.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev 2001-ci ildən verilən bu mükafatın ideya təməlində vətənpərvərlik amilinin və xalqımıza göstərilən xidmətlərin dəyərləndirilməsinin dayandığını söylədi.

ANS Şirkətlər Qrupunun prezidenti, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun idarə heyətinin üzvü Vahid Mustafayev bildirdi ki, Prezident İlham Əliyev bu mükafata vətəndaşların etimadını qazanaraq Prezident seçilməsinə, BMT Təhlükəsizlik Şurasının sədri kimi ölkəmizin nüfuzunun dünyada gedən proseslərə təsir göstərə biləcək səviyyəyə çatdırılmasına, Azərbaycanın kosmik dövlətlər sırasına qoşulmasına, iqtisadi inkişaf tempini qoruyub saxlamasına, "Şahdəniz-2", Trans-Adriatik və Trans-Anadolu layihələrinin uğurla həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına, Avropa İttifaqına üzv ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunmasına, rəsmi Bakının regionda ardıcıl və prinsipial siyasət yürütməsinə görə layiq görülmüşdür.

Sonra mükafat Prezident İlham Əliyevə təqdim edildi.

Dövlətimizin başçısı pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını bildirdi.

Azərbaycan Prezidenti 2013-cü ilin həqiqətən də uğurlu olduğunu, ilin əvvəlində "ASAN xidmət"in yaradıldığını, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə yardım etdiyini vurğuladı. "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə 2013-cü ilə gözəl yekun vurulduğunu deyən dövlətimizin başçısı bu hadisənin ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəyini bildirdi.

Prezident İlham Əliyev 2013-cü ildə "Azərspace -1" peykinin fəzaya buraxılmasını ilin mühüm hadisələrindən biri adlandırdı. Dövlətimizin başçısı peykin idarə edilməsinin artıq Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməsinin önəmini qeyd etdi.

Ötən ilin yaddaqalan hadisələri sırasında Davos Forumunun Azərbaycanda keçirilməsini, ölkəmizin iqtisadi inkişaf templərinə görə Avropa qitəsində birinci olduğunu, sosial sahədə ciddi islahatlar aparıldığını, sovet əmanətlərinin MDB məkanında ən böyük əmsalla məhz Azərbaycan vətəndaşlarına verildiyini, təhsil, ordu quruculuğu, sosial sahələrdə çox ciddi islahatların həyata keçirildiyini və bu islahatların artıq öz bəhrəsini verdiyini deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin mövqeyinin ədalətə söykəndiyini, dünyada Azərbaycana olan dəstəyin artdığını vurğuladı.

Prezident İlham Əliyev medianın həyatımızdakı vacib rolundan danışdı və Azərbaycanda bütün azadlıqların mövcud olduğunu dedi.

Dövlətimizin başçısı qeyd etdi ki, ANS telekanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhfə verəcəkdir.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaqdır.

Sonda xatirə şəkli çəkdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm