• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Millət vəkillərimiz ATƏT PA-nın Büro iclasında iştirak edəcəklər

  • Nida.az
  • 4 Aprel 2014 20:48
  • 473 Baxış
Millət vəkillərimiz ATƏT PA-nın Büro iclasında iştirak edəcəklər

Aprelin 5-də Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və Milli Məclisin deputatı, ATƏT PA-nın Büro üzvü, həmçinin qurumun Təhlükəsizlik və siyasi məsələlər Ümumi Komitəsi sədrinin müavini Azay Quliyev Danimarkanın Kopenhagen şəhərinə səfərə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətində verilən məlumata görə, deputatlarımız qurumun Büro iclasında iştirak edəcəklər.

Büroda öncə ATƏT PA-nın sədri Ranko Krivokapiç çıxış edəcək, daha sonra ATƏT PA-nın baş katibi Spenser Oliverin məruzəsi dinləniləcək.

İclasda əsas diqqət ATƏT PA-nın bu yay Azərbaycan paytaxtında keçiriləcək 23-cü illik sessiyasında müzakirəyə çıxarılacaq məsələlərə yönəldiləcək. Həmin məruzə və qətnamə layihələrini Büro üzvlərinə qurumun Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi komitələrinin məruzəçiləri təqdim edəcəklər.

B.Muradova Büro iclasında çıxış edərək ATƏT PA-nın cari il iyunun 28-dən iyulun 2-dək Bakıda keçiriləcək 23-cü illik sessiyasına hazırlığın gedişi barədə ətraflı məlumat verəcək.

İclasda ATƏT PA-nın seçkilərdəki müşahidəçilik missiyası, həmçinin qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti və digər məsələlər barədə də informasiya veriləcək.

Səfər aprelin 8-də başa çatacaq. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR