Səxavət Əlisoy: "Hər iki partiya 100 faiz zəifləyəcək"
Bizi izləyin

Nida.az

Səxavət Əlisoy: "Hər iki partiya 100 faiz zəifləyəcək"

"Bu, şüurlu şəkildə idarə olunan bir prosesdir. Bu gün Azərbaycan müxalifətində strukturlara malik iki böyük partiya arasında olan bu qarşılıqlı ittihamlar mütləq hər iki partiyanın 100 faiz zəifləməsinə və cəmiyyətdə nüfuzdan düşməsinə gətirib çıxaracaq"

Müsavat Partiyasının hakimiyyətlə gizli sövdələşməsi absurd, cəfəng bir fikirdir və qərəzdən başqa bir şey deyil. Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy partiyanın Milli Şuradan hakimiyyətin tapşırığı ilə ayrıldığı barədə fikirlərə münasibət bildirərkən deyib.

S.Əlisoyun sözlərinə görə, Azərbaycanda belə bir siyasi tendensiya formalaşıb ki, biri hər hansı bir siyasi addım atanda, onu mütləq hakimiyyətin adamı kimi adlandırırlar, digəri deyir ki, bu, hansısa ölkənin maraqlarına xidmət edir: "Bu, cəfəng fikirdir, qərəzdən başqa bir şey deyil. Sadəcə olaraq, bütün bunların kökündə dayanan məsələ AXCP ilə Müsavat Partiyasının birləşə bilməməsidir, siyasi təkəbbür məsələsidir. Heç kim siyasi güzəştə getmək barədə düşünmədiyinə görə, bu proses baş verir. Bunlar hamısı birləşməməyin fəsadlarıdır".

O, əlavə edib ki, bu, bir günün söhbəti deyil, 20 ilə yaxındır ki, AXCP ilə Müsavat Partiyası arasında lal, sükutlu bir savaş var və zaman-zaman özünü qabardıb, sonra sakitləşib.

Müsavat Partiyası başqanının müşaviri hesab edir ki, burada mətbuatın tuta bilmədiyi dərin proseslər də gedir və bunun nəyə hesablandığı yaxın zamanlarda açılmağa doğru gedir: "Bu, şüurlu şəkildə idarə olunan bir prosesdir. Bu gün Azərbaycan müxalifətində strukturlara malik iki böyük partiya arasında olan bu qarşılıqlı ittihamlar mütləq hər iki partiyanın 100 faiz zəifləməsinə və cəmiyyətdə nüfuzdan düşməsinə gətirib çıxaracaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm