“El” sədrinin müavini Milli Şuradan gedəcək
Bizi izləyin

Nida.az

“El” sədrinin müavini Milli Şuradan gedəcək

Ən gözlənilməz və uğursuz hadisə isə KŞ-na təklif olunan siyahıda ölkəmizdə ATİB-nin də aktiv səyləri ilə formalaşmaqda olan milli münasibətlərə ciddi zərbələr vuran Hacıbaba Əzimov kimi bir adamın yer alması oldu.

“Mən Hacıbaba Əzimovun Milli Şuranın rəhbərliyinə keçməsinə qarşıyam. Onun kimi adamların rəhbərliyə gəlməməsi üçün də Milli Şurada qalıb mübarizə aparacam”.

Bu barədə Azəri – Talış İctimai Birliyinin sədri, "EL" Hərəkatının sədr müavini, Milli Şuranın üzvü Mehdibəy Səfərov Publika.Az –a açıqlamasında Milli Şuranın dünənki sessiyasında yaşanan gərginliyə münasibət bildirərkən deyib. O iddia edib ki, H. Əzimov etnik qarşıdurmanı qızışdırır, azsaylı etnoslara qarşı çıxır: “Biz həmişə Azərbaycanın bütövlüyü və güclənməsi uğrunda mübarizə aparırıq. Bu gün də belədir. Belə fikirlərsə bizim fəaliyyətimizə kölgə salır”.

M. Səfərov qeyd edib ki, 2013-cü ilin aprel-may aylarında Rüstəm İbrahimbəyov Azərbaycanda azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu naminə dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün təbəqələrini təmsil edən demokratik qüvvələrin Milli Şura formatında birləşməsi təşəbbüsünü irəli sürdü: “Mən də Azəri – Talış İctimai Birliyinin nümayəndəsi, eləcə də ölkəmizi təmsil edən azsaylı xalqların təmsilçisi kimi bu ideyanı bəyəndim, səmimiyyətlə həyata keçirəcəyinə inandım və MŞ üzvlüyünə razı oldum. Ədalət naminə qeyd etmək lazımdır ki, həqiqətən MŞ-da ölkəmizin bir çox ləyaqətli demokratik fikirli ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyətləri nümayəndələri təmsil olunurlar. Bunlardan ölkəmizin görkəmli ictimai-siyasi xadimləri və partiya rəhbərləri - Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Eldar Namazov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sülhəddin Əkbər, Eldəniz Quliyev kimi simalarla birgə ölkəmizin demoktratikləşməsi istiqamətində fəaliyyət göstərməyi şərəfli bir iş saydım və indinin özündə də bu fikrimdə qalıram!

Lakin, təəssüflər olsun ki, MŞ üzvlüyündə elə adamlar da təmsil olunurlar ki, onlar ideyaca sadaladığım demokratik dəyərlərdən və prinsiplərdən tamamilə uzaq əqidə sahibləridirlər. Həmin adamlar açıq-aşkar şəkildə ölkəmizdə vətəndaşların fundamental Konstitusion hüquqlarını, onların birləşmək və milli özünüifadə haqlarını nəinki tanımır, əksinə bu dəyərləri təhqir, təhdid edir və ciddi qarşıdurmalara aparan fəaliyyət sərgiləyirlər”.
M. Səfərov hesab edir ki, Milli Şura ölkə ictimaiyyətinə vəd verdiyi öz ilkin formatını və mübarizə əzmini qorumaq istiqamətində reqressiv addımlar atmaq təhlükəsi ilə üzbəsurət qala bilər.

“16 yanvar 2014-cü il tarixində demokratik qüvvələrin Milli Şurasının sessiyası keçirildi. Bir sıra məsələlərlə yanaşı, MŞ-nın idarə olunması ilə əlaqədar Koordinasiya Şurasının yaradılması təklifi də sessiyanın gündəliyə salındı. Ən gözlənilməz və uğursuz hadisə isə KŞ-na təklif olunan siyahıda ölkəmizdə ATİB-nin də aktiv səyləri ilə formalaşmaqda olan milli münasibətlərə ciddi zərbələr vuran Hacıbaba Əzimov kimi bir adamın yer alması oldu.

Maraqlısı isə, həmin siyahının MŞ-nın sədri Cəmil Həsənli tərəfindən irəli sürülməsi və ciddi-cəhdlə onu müdafiə etməsi oldu. Bundan çıxış edərək demək olar ki, yuxarıda sadaladığım demokratik dəyərlər naminə böyük inam bəslədiyim MŞ avtoritarizmdən demokratiyaya keçidlə bağlı ölkə vətəndaşlarının bütün təbəqələrini təmin edə bilən siyasi bufer rolunda öhdəsinə götürdüyü vəzifələri lazımınca yerinə yetirə bilmir! Bütün bu nöqsanları bir daha götür-qoy edərək bəyan edirəm ki, yaxın zamanlarda ölkəmizdə vətəndaş hüquq və haqlarının demokratik prinsiplərlə qorunması istiqamətində MŞ-nın fəaliyyətində pozitiv dəyişiliklərə aparan ciddi işlər görülməsə bu, MŞ ilə bağlı mövqeyimdə ciddi dəyişiliklərə aparan əsas səbəb olacaqdır!”-deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm