Azərbaycanda da siyasətçilərin telefon danışıqları ifşa olunacaq - Təhlükə
Bizi izləyin

Nida.az

Azərbaycanda da siyasətçilərin telefon danışıqları ifşa olunacaq - Təhlükə

seçkilərdə Azərbaycanda da telefon dinləmələri ola bilər


Beynəlxalq münasibətlərdə qeyri-leqal yolla ölkələrə təsir etmə, verilən qərarların dəyişdirilməsi kimi hallar ortadadır. Buna qədər belə proses daha çox xəfiyyələrlə həyata keçirilirdisə, indi bununla yanaşı, texnologiyanın inkişafı vəziyyəti xeyli “yaxşılaşdırıb”. Türkiyədə seçki qabağı telefon dinləmələri və nəticədə yaşananlar bunun aktuallığını sübut etdi. Ondan öncə ABŞ-ın 122 ölkə başçısının telefon danışıqlarının dinləməsi ilə bağlı qalmaqal da unudulmamalıdır. Yəni bu var və kifayət qədər təhlükəlidir. Azərbaycanın bundan sığortalandığını demək doğru olmazdı.

Milli Məclisdə “smartfon” telefon qadağası dövlətin təpəsində bu təhlükənin hiss olunduğunu deməyə əsas verir. Təbii ki, bizdə kütləvi telefon dinləmələri olmayıb, olubsa da, ictimaiyyətin bundan xəbəri yoxdur. Amma Türkiyə hadisələri göstərdi ki, təhlükə qulağımızın dibindədir və buna hazır olmalıyıq, xüsusilə seçki öncələri.

“Növbəti seçkilərdə Azərbaycanda da telefon dinləmələri ola bilər”

Siyasi texnologiyalar üzrə ekspert, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyli Publika.Az -a açıqlamasında bildirib ki, Türkiyədə olduğu kimi Azərbaycanda da dövlət rəsmilərinin telefon danışığının dinlənilməsi mümkündür: “Ola bilsin ki, hazırda da bu proseslər aparılır. Lakin inanıram ki, xüsusi xidmət orqanlarımız bunun qarşısı ala bilirlər”.

Ekspert bildirib ki, bir sıra ölkələrin, beynəlxalq qrup dairələrinin xüsusi xəfiyyələri var və onlar öz maraqları daxilində başqa ölkələrdə fəaliyyət göstərirlər: “O şəbəkələr öz sıralarına yerli insanları, müxtəlif vəzifələrdə təmsil olunanları müxtəlif şantaj, pul və s. Yollarla öz sıralarına cəlb edirlər. Bu fəaliyyət ən vacib hissəsi də telefon danışıqlarının dinlənilməsidir. Azərbaycan böyük dövlətlər müqayisədə kiçik bir ölkədir. Baxmayaraq ki, bizim də xüsusi xidmət orqanlarımız yaxşı fəaliyyət göstərir, amma istisna etmək olmaz ki, Azərbaycanla bağlı da hansısa danışıqlar olub”.

V. Əlibəyli hesab edir ki, bunun qarşısı almaq üçün xüsusi xidmət fəaliyyəti güclənməli, informasiya olan yerlərdə insanlar mütəmadi olaraq sertifikatlaşdırılmalıdır: “Mühüm posta vəzifəyə götürülən insan yoxlanmalıdır. Xüsusilə seçki öncələri bu proses aktivləşməlidir. Çünki Türkiyədən sonra Azərbaycanda da növbəti seçkilərdə telefon dinləmələri ola bilər. Bunun olmayacağına heç kim zəmanət verə bilməz”.

“Dövlət məmurlarının telefon danışıqlarının dinləməyə cəhdlər olub”

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Publika.Az-a bu barədə deyib ki, telefon dinləmələrinə aid texnologiyanı internet üzərindən də axtarıb tapmaq mümkündür: “Axtarış sistemində bunun üçün hansı texnologiyanın istifadə edildiyi, hansı ləvazimatların lazım olduğunu görə bilərsiniz. Yəni təhlükə kifayət qədər var. Bunun qarşısı almaq üçün ciddi qabaqlayıcı tədbirlər görmək lazımdır”.

Ekspert bildirib ki, danışıqların forması da müxtəlifdir: “Biri var, məmurlar arasında, yaxud məmurla vətəndaş arasında danışıqlar, biri də var ki, dövlət qurumları arasında danışıqlar. Bunlar ayrıca nəzərdən keçirilir. Bu informasiya münasibətlərinin qorunması istiqamətində Azərbaycan müəyyən addımlar atır. Biri dövlət sektorunda, biri də qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması sahəsində dövlət başçısının tapşırığı ilə iki dövlət agentliyi yaradılıb. Bununla yanaşı, MTN-də dövlət sirlərinin qorunması ilə bağlı işlər görülür. Amma baş verən bir sıra hallara göstərdi ki, Azərbaycan bu cür hadisələrdən sığortalanmayıb. Belə ki, dövlət məmurlarının telefon danışıqlarının dinləməyə cəhdlər olub, həm də dövlət strukturlarının informasiya sisteminə müdaxilə olunub. Dövlətə aid sənədlər internet resurslarında yer alıb. Deməli, bu qorunmur ki, belə hallar baş verir. Telefon danışıqlarının dinlənilməsinə cəhdin qarşısı isə xüsusi xidmət orqanları tərəfindən alınıb.
Qeyd edək ki, ötən il “LulzSec” adlı haker qruplaşması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (İndi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-red) aid sənədləri nazirliyin rəsmi səhifəsini dağıdaraq əldə etmişdilər və par-anoia.net saytında yayımlamışdılar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm