Azərbaycanın üzərindən uçan nüvə bombası: Təhlükə qapımızdadır
Bizi izləyin

Nida.az

Azərbaycanın üzərindən uçan nüvə bombası: Təhlükə qapımızdadır

Azərbaycanın üzərindən uçan nüvə bombası: təhlükə qapımızdadır

Ermənistanın region dövlətləri, eləcə də dünya üçün yaratdığı bugünkü təhlükə hər an partalamağa hazır bomba – “Metsamor” AES-in fəaliyyətidir. AES-in mövcud vəziyyəti potensial təhlükə olaraq qalır. Publika.Az bu stansiyanın hazırki durumunu və region üçün təhlükələrini araşdırıb.


Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri ciddi ziyan görəcək

Erməni dilində “Oktemberyan-1” adlanan “Metsamor” AES iki ayrı blok olaraq, bloklardan birincisi 1976, ikincisi isə 1979-cu ildə istifadəyə verilib. AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Hazırda dünyanın imtina etdiyi bu texnologiyadan “Metsamor” AES-də istifadə edilir ki, bu da baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir. Digər tərəfdən, sovetlər dönəmində tikilmiş bu AES-də VVER, PBMK, EGP və BN olmaq üzrə dörd moduldan istifadə edilir. Halbuki təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən olunub. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib.

“Metsamor” AES də məhz VVER modeli ilə çalışır. Stansiyasının ilk modulu VVER440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi, “Metsamor” AES-in Çernobıl AES-dən də riskli olduğunu sübut edir. Çünki bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnəlmiş olan layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələr ortaya çıxarır.

AES-in VVER-440/270 modelinə əsasən tikilən ikinci bloku isə, nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur.

“Metsamor”un ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri də onun Rixter şkalasına görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında tikilməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar isə 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir.
AES-də fəaliyyət dövrü ərzində 5 böyük, 150-dən çox kiçik qəzalar baş verib.

Qəzalardan ən böyüyü 1988-ci ildə Ermənistanın Spitak (Hamamlı) ərazisində baş vermiş zəlzələ və 25 min adamın ölməsidir. Məhz bu zəlzələdən sonra stansiyada baş vermiş nasazlıq üzündən Sovetlər Birliyi rəhbərliyinin qərarı ilə AES bağlanmışdı. Elə həmin qəzada generatorun partlaması və əlaqə kabellərinin yanması nəticəsində stansiyanın onsuz da etibarlı olmayan müdafiə sistemi də məhv oldu. Lakin rəsmi İrəvan bu stansiyanın yaratdığı təhlükələrə rəğmən, 1995-ci ildə fəaliyyətini bərpa etdi.

“Metsamor”un təhlükəsini anlayan dünya stansiyanın bağlanmasına çalışır, lakin hələ də heç bir nəticə əldə olunmayıb.
Avropa İttifaqı “Metsamor”un 2011-ci ildən gec olmayaraq bağlanmasını və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də qarşı tərəf 1 milyard avro tələb etdi. Nəticədə razılaşma baş tutmadı. Bu isə stansiyanın bağlanmamasında Ermənistanın maraqlı olduğunu göstərir. Ermənistan “Metsamor”u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Rəsmi İrəvan stansiyanın fəaliyyətini dayandırmamasının səbəbini alternativ enerji mənbəyinin olmaması ilə bağlayır. Lakin Aİ-nin hesablamalarına görə, qəzalı vəziyyətdə olan bu AES-də hər an baş verə biləcək partlayışdan təkcə Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görə bilər.

Azərbaycanın üzərindən uçan nüvə bombası


“Metsamor”un yaratdığı təhlükələrdən biri də stansiyanın fəaliyyəti üçün lazım olan uranın Rusiyadan Ermənistana hava yolu ilə daşınmasıdır. Ermənistan Azərbaycan torpaqlarını işğalı etməsi ilə iki ölkə arasında heç bir əlaqənin olmaması, o cümlədən Gürcüstan-Abxaziya münaqişəsindən sonra rəsmi Tiflisin sərhədlərini Rusiyanın üzünə bağlaması və Ermənistanın Rusiya ilə heç bir quru əlaqəsinin qalmaması nəticəsində, hazırda AES-in fəaliyyəti üçün lazım olan uran hava yolu ilə daşınır ki, bu da uçan nüvə bombası deməkdir. Uran daşıyan təyyarələrin Cənubi Qafqazın hava yolundan istifadəsini nəzərə alsaq, həmin təyyarələrin havada partlaması nəticəsində, bütün regionda ikinci Xirosima da yaşana bilər. Bu isə “Metsamor”un təcili olaraq bağlanmasına ən böyük səbəblərdəndir.

“Metsamor” AES-in fəaliyyət müddəti 2001-ci ildə başa çatıb

Azərbaycan və Türkiyə bu stansiyanın yaratdığı təhlükələrin qarşısını almaq və fəaliyyətini dayandırmaq üçün beynəlxalq təşkilatlara dəfələrlə müraciət edib və yüksək tribunalarda məsələnin ciddiliyini vurğulayıblar.

Nüvə texnologiyası üzrə mütəxəssislərin fikrincə, “Metsamor”un istifadə müddəti 2001-ci ildə başa çatıb. Dünya təcrübəsinə görə istifadə müddəti başa çatmış nüvə reaktorlarının fəaliyyəti dayandırılır, misal üçün Almaniya və digər ölkələrdə 1976-cı ildə tikilmiş reaktorlar sıradan çıxarılıb.

Ermənistan hökuməti isə hər şeyə rəğmən “Metsamor”u bağlamaq niyyətində deyil. Bəs, bütövlükdə Cənubi Qafqaz, eləcə də bölgə üçün “Çernobıl təhlükəsi”ni aradan qaldırmaq üçün nə etmək mümkündür?
BMT-nin nüvə təhlükəsizliyi konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq prtokolu olmalıdır. Deməli, “Metsamor”un ləğvi beynəlxalq konvensiyaya görə, təkcə Ermənistandan deyil, region dövlətlərindən asılıdır.

“Milyonlarla insanı “3-cü Çernobıl”dan xilas edək”


Azərbaycan Diplomatik Akademiyasının professoru Riçard Russo iki il öncə “Foreign Policy Journal”da “Metsamor” AES-in təhlükələri ilə bağlı yazırdı ki, bu stansiyanın fiziki xəttin ayrıcında yerləşməsi azmış kimi, o həm də siyasi baxımdan qeyri-sabit regiondadır: “Reaktorların dəyişdirilməsinə göstərilən səylər uğursuz olub və alternativ enerji mənbələrinin axtarışı və yeni reaktorun ən müasir idarəetmə elementləri və ehtiyat köçürmə sistemi ilə bağlı göstərilən səylər hələ ki faydasızdır. “Metsamor” adi bir qəza ilə böyük bir regionda canlı aləmi məhv edə bilər. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək. Buna görə də, Ermənistana qonşu ölkələr “Metsamor”un bağlanması üçün təzyiq göstərməlidir”.

R. Russo qeyd edib ki, əgər bu stansiya bağlansa, Ermənistan iqtisadi cəhətdən daha çətin duruma düşər, enerji asılılığı maksimuma çatar: “Bu məsələnin üzərinə daha çox gedilməlidir. Təkcə düşmən ölkəni enerji blokadasına salmaq üçün yox, ən əsası region ölkələrində yaşayan, içində 2 milyon erməninin də var olduğu, milyonlarla insanı “3-cü Çernobıl”dan xilas etmək üçün”.

“Faciə baş verərsə buna Rusiyanın cavabdehdir”


Cənubi Qafqaz üzrə gürcü eksperti Mamuka Areşidze isə hesab edir ki, Cənubi Qafqazda Çernobıldan da güclü ekoloji faciə baş verə bilər: “Ermənistanda ötən illərin 80-ci illərində baş vermiş dəhşətli zəlzələləri hamı yaxşı xatırlayır. Bu zəlzələ günlərin birində “Metsamor”u da dağıda bilər”.
Onun sözlərinə görə, qəzanın fəsadlarından İran və Türkiyə də zərər çəkər: “Torpaq ehtiyatı az olan Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına isə elə zərbə vurular ki, bunu uzun illər bərpa etmək mümkün olmaz. Bəzi atom mütəxəssisləri bu təhlükəni nəzərə alaraq, “Metsamor”un bağlanmasını təklif edirlər. Lakin AES artıq Ermənistana deyil, Rusiyaya məxsusdur. Ona görə də, bu ölkənin energetikləri, siyasətçiləri faciə baş verərsə, buna Rusiyanın cavabdeh olduğunu bilməlidirlər. AES-lə əlaqədar Rusiyanın özünün də problemləri var. Çünki Rusiyada olan atom elektrik stansiyalarının əksəriyyətinin də istismar müddəti bitib. Onların istismarını dayandırmaq lazımdır. Bu, mütəxəssislərin fikridir. Cənubi Qafqazda isə indiki halda ən təhlükəli obyekt “Metsamor” AES-dir”.

“BMT İrana qarşı yürütdüyü təzyiqləri Ermənistana qarşı da yürütsə...”


“Regional Sabitlik və Təhlükəsizlik” İctimai Birliyinin sədri Elçin Kərimov Publika.Az-a açıqlamasında bildirib ki, “Metsamor” AES-də hazırda sızıntılar baş verir ki, bunlar da 1988-ci ildə baş verən zəlzələnin nəticələridir. Onun sözlərinə görə, hazırda stansiyada baş verən sızıntılarla yanaşı, qazanların soyudulması məqsədilə istifadə olunan suya radiasiya məhlulları da qarışır ki, bunun da pis nəticələri Türkiyə və Azərbaycanda müşahidə olunur: “Belə ki, həmin kimyəvi məhlullar yeraltı sulara qarışaraq Türkiyə və Azərbaycana qədər gəlib çıxır. Bununla yanaşı, Araz çayı boyunca yerləşən ərazilərdə müşahidə olunan radioaktiv kirlənmənin səbəbi də məhz bu AES-dən sızan radioaktiv maddələr və qrunt suları ilə çaya tökülən radioaktiv məhlullardır. Nəticədə sözügedən bölgədə yaşayan insanlarda xərçəng xəstəliyinə, doğulan uşaqların şikəst dünyaya gəlməsinə səbəb olur”. Onun sözlərinə görə, “Metsamor” nəinki region, hətta bütün Avropa üçün dəhşət doğuracaq təhlükə mənbəyi olaraq qalır.

E. Kərimov hesab edir ki, rəsmi İrəvan AES-in bağlanmamasının səbəbini alternativ enerji mənbəyinin olmamasında göstərməklə siyasi spekulyasiya edir: “Regionda həyata keçirilən enerji layihələrindən təcrid olunduğuna işarə edən erməni hökuməti yeni enerji mənbələrinin inşası üçün tələb olunan maliyyə vəsaitinin olmadığını iddia edir. Bununla rəsmi İrəvan “Metsamor”-un məcburiyyət qarşısında fəaliyyət göstərdiyini bildirməklə özünü sığortalamağa çalışır. Əslində erməni hökuməti də bu AES-in fəaliyyətinin dayandırılmasını istəyir. Lakin erməni hökuməti bunu yeni AES tikiləcəyi təqdirdə və həmin AES-in himayədarlarının maliyyə dəstəyi ilə həyata keçiriləcəyi təqdirdə dayandırmağı düşünür”.

Ekspert rəsmi İrəvanın bəhanə etdiyi alternativ enerji mənbəyi kimi Rusiya və İrandan enerji satın alınmasını təklif edir. Hesab edir ki, bu stansiyanın bağlanması təkcə Azərbaycanın məsələsi deyil: “ “Metsamor” un bağlanmasının sürətlənməsi üçün BMT İrana qarşı yürütdüyü təzyiqləri Ermənistana qarşı da yürütsə, bu stansiya bağlanıb yerlə-yeksan edilə bilər. Ermənistanla qonşu olan bütün dövlətlər isə, mütəmadi olaraq beynəlxalq təşkilatlara müraciət edib, “Metsamor” u gündəlikdə saxlamaqla Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə nail olmalıdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm