Elin Süleymanov: “Ərazi bütövlüyünə laqeyd yanaşması ayrılmalara yol açır”
Bizi izləyin

Nida.az

Elin Süleymanov: “Ərazi bütövlüyünə laqeyd yanaşması ayrılmalara yol açır”

Elin Süleymanov: “Ərazi bütövlüyünə laqeyd yanaşması ayrılmalara yol açır”

Aprelin 7-də Azərbaycanın ABŞ-dakı səfirliyində nüfuzlu İcraçı Direktorlar Təşkilatının (Chief Executives Organization) üzvləri ilə görüş və ziyafət keçirilib.

Səfirlikdən Publika.Az -a verilən məlumata görə, görüşdə təşkilatın ABŞ, Böyük Britaniya, Avstraliyadan olan üzvləri ilə yanaşı, aparıcı təhsil ocaqlarından hesab edilən Cons Hopkins Universitetinin Beynəlxalq münasibətlər Mərkəzinin dekanı Vəli Nəsr də iştirak edib.

Səfir Elin Süleymanov çıxışında Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat verərək, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını deyib. Bu xüsusda, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd edibdir.

Azərbaycanın Şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir ilk olaraq, zəngin enerji resurslarına çıxış imkanını qeyd edib. E.Süleymanov hazırda regional sabitliyin əsasında məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını bildiribdir.

Regional əməkdaşlığın inteqrasiya proseslərinin əsasında dayandığını bildirən diplomat Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin yalnız maddi mənfəətlə məhdudlaşmadığı, eyni zamanda uğurlu regional məkan qurulmasına xidmət etdiyini qeyd edib. Azərbaycanın qonşu dövlətlərlə, Türkiyə və Gürcüstanla əməkdaşlığının qarşılıqlı faydalı olmasının və hər üç dövlətin sonrakı iqtisadi inkişafına töhfəsinin danılmaz fakt olduğunu əlavə edibdir.

Diplomat regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin olduğunu bildirərək, Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bu layihələrə cəlbinə heç bir əngəl olmadığını diqqətə çatdırıb. Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında tutduğu qeyri-konstruktiv mövqenin həm dövlətin regional inteqrasiya proseslərindən kənar qalması, həm də erməni xalqının yaşayışının günü-gündən pisləşməsi ilə sonunclandığını təəssüflə qeyd edibdir. Ermənistanda rəsmi siyasi dairələrin müstəqil siyasət apararaq, erməni xalqının mənafeyini ön plana çəkəcəkləri halda, münaqişənin nizamlanmasının həm dövlət, həm də xalq üçün faydasını dərk etmiş olacağını əlavə edibdir.

Sonda dünyada baş verən son siyasi proseslər, o cümlədən Ukraynada baş vermiş hadisələr barəsində geniş fikir mübadiləsi aparılıb. E. Süleymanov bildirib ki, ABŞ və Avropa dövlətlərinin beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipinə münasibətdə qeyri-ardıcıllıq və laqeyd yanaşması bu kimi ayrılmalara yol açır.

Səfir həmçinin qeyd edib ki, Ukrayna hadisələrinin enerji yollarının şaxələndirilməsinin enerji asılılığının aradan qaldırılmasında necə önəmli rol oynadığını və Azərbaycan tərəfinin enerji layihələrinin reallaşdırılması istiqamətində verdiyi qərarların strateji önəmini bir daha sübut edir.

Qeyd edək ki, dünyanın ən nüfuzlu iki min şirkətinin icraçı direktorlarının toplandığı təşkilata üzvlük yalnız konkret şərtlərin ödənilməsi ilə dəvət əsasında mümkündür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm