• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ankara-Bakı-Tehran üçlüyü yeni siyasi gündəmdən doğur

  • Nida.az
  • 10 Aprel 2014 03:25
  • 558 Baxış
Ankara-Bakı-Tehran üçlüyü yeni siyasi gündəmdən doğur

“Türkiyə Silahlı Qüvələri Baş Qərargah rəisinin aprelin 2-də Azərbaycana səfər etməsinin ardınca Baş nazir Ərdoğanın Bakıya birgünlük gəlişi, bundan 3 gün sonra isə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin viziti Qafqazda ciddi hadisələrin baş verdiyini təsdiqləyir”.

Bu sözləri “Axar.az”a açıqlamasında BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, prosesi düzgün qiymətləndirmək üçün hadisələrin ardıcıllığına diqqət etmək lazımdır:

“Putinin Qafqazda radikal dini cərəyanlara qarşı xüsusi əməliyyat hazırladığı xəbərini elə rus mediası yayır, paralel olaraq Ukraynanın şərq əyalətlərində “respublikalar” yaranır və Qazaxıstan, eyni zamanda, Baltikyanı ölkələrə Rusiyanın torpaq iddiaları ilə bağlı RF-in qubernator və muxtar respublika rəhbərləri səviyyəsində fikirlər səslənir. Bu, artıq Ukraynadan sonra Putinin Qafqaz, Orta Asiya və Pribaltika planlarının olmasından xəbər verir. Nəzərə alın ki, Ermənistan faktiki olaraq Rusiyanın bir əyalətidir, Gürcüstanda isə Abxaziya və Osetiya ilə kifayətlənməyən Moskvanın Cavaxetiyada rus pasportu paylaması barədə xəbərlər ciddiləşir. Belə vəziyyətdə Şimali Qafqazda hər hansı radikal və müqavimət göstərə biləcək qüvvənin olması Rusiyanın maraqlarına uyğun deyil və ona görə də “radikal dini cərəyanların” sıradan çıxarılması planı barədə fikirlər səslənir. Mənzərə necədir? Faktiki olaraq Rusiya Sovet imperiyasının sərhədlərinə doğru sürətlə və hərblə irəliləyir”.

Rusiyanın qarşısını almaqda Qərb və ABŞ-ın acizlik nümayiş etdirdiyini diqqətə çatdıran N.Orduxanlının fikrincə, Türkiyə Baş nazirinin bələdiyyə seçkisinin nəticəsi bəlli olar-olmaz dərhal Azərbaycana gəlməsi regional narahatlığın ifadəsidir:

“Türkiyə komandanları və Baş naziri bununla Rusiyaya bir mesaj verdi. Ancaq Rusiya SQ Baş Qərargah rəisinin Bakıda Azərbaycanın işğal altındakı torpaqlarının hərbi yolla qaytarılmasını “birmənalı olaraq istisna” etməsi onun mahiyyətini üzə çıxardı. Sanki rus general Rusiyanın Krım və Ukrayna əməliyyatından Azərbaycanın öz milli maraqlarına uyğun istifadə niyyətinin qarşısını almaqdan ötrü gəlmişdi”.

N.Orduxanlı qarşıda bizi ciddi sınaqların gözlədiyini düşünür:

“Con Kerrinin Qafqaza gözlənilən səfərindən nəsə ummağa dəyməz. Çünki Ukraynanın nüvə silahından imtinası müqabilində onun suverenliyinə təminat verən ölkələrdən biri – Rusiya faktiki olaraq Ukraynanı işğal edir, digər təminat verənlər – ABŞ və AB isə mənasız bəyanatlarla kifayətlənirlər. Təsəvvür edin ki, indiyə qədər Qərb Rusiyaya ciddi sanksiya da tətbiq etməyib, yalnız bir neçə rus məmurunu “qara siyahıya” salmaqdan başqa. Bunun da səbəbi odur ki, Rusiyaya qarşı faktiki olaraq iqtisadi sanksiya mexanizmi yoxdur, çünki təbii ehtiyatlarla zəngin olar Rusiyaya Avropanın ehtiyacı var”.

Con Kerrinin gözlənilən Bakı səfərində Azərbaycandan Rusiyaya qarşı iqtisadi sanksiya ehtimalında dəstək istəniləcəyini istisna etməyən N.Orduxanlı bu təklifin qəbuledilməz olduğu qənaətindədir:

“Azərbaycan öz siyasətini aparır: Prezidentin İran səfəri və orda İranla hərbi əməkdaşlığın genişləndirilməsi mümkünlüyü barədə mesajı, həmçinin Həsən Ruhaninin Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi və Xəzərin hüquqi statusunda yaxın müddətdə razılıq əldə olunacağına əminliyini bildirməsi, Azərbaycana rəsmi səfəri məmnuniyyətlə qəbul etdiyini açıqlaması, xalqlarımızın həmməzhəb və eyni mədəni tarixə malik olduğunu bildirməsi yeni siyasi vəziyyətə uyğun bölgədə yeni siyasi-iqtisadi formulların gündəmə gəldiyini təsdiqləyir. Azərbaycan nümayiş etdirdi ki, fövqəldövlətlərin poliqanu olmayacaq və qonşuları ilə normal əlaqələr qurmaqda həm özü, həm də qonşuları maraqlıdır. Ankara-Bakı-Tehran əməkdaşlığının inkişafı zərurəti bu məqamdan irəli gəlir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR