• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Altay Göyüşov Əli Kərimlini tənqid etdi: “Məlumatsız və sadəlövh adam”

  • Nida.az
  • 10 Aprel 2014 16:05
  • 650 Baxış
Altay Göyüşov Əli Kərimlini tənqid etdi: “Məlumatsız və sadəlövh adam”

REAL hərəkatının funksioneri Altay Göyüşov AXCP sədri Əli Kərimlini Ukrayna inqilabçılarının ittiham etməsini tənqid edib.

Publika.Az xəbər verir ki, A. Göyüşov bildirib ki, Ə. Kərimlinin bu yanaşması qəribədir: “Əli Kərimli Ukrayna inqilabçılarının qətiyyətsiz olmaqda günahlandırıb. Şəxsən mənə öz ölkəsində 20 ildir hakimiyyətə gələ bilməyən müxalifət liderinin Ukraynada diktatoru devirib hakimiyyətə gələn inqilabçıları qətiyyətsizlikdə günahlandırması qəribə gəlir”.

Qeyd edək ki, Əli Kərimli Ukraynadakı inqilabdan sonra ölkədə sabitliyi qoruya bilmədikləri üçün keçmiş müxalifət qətiyyətsizlikdə, səriştəsizlikdə ittiham edib: “Təəssüf ki, Ukrayna gözümüzün qarşısında parçalanır. Ölkənin cənub-şərqindəki vilayətlərdə separatçılar Ukrayna hakimiyyətini faktiki ləğv ediblər.

Silahlanıb öz ordularını da yaradıblar. Ukraynanın mərkəzi hakimiyyəti isə hələlik bacarıqlı və qətiyyətli görünmür. Siyasət həm də dövlət və millətin məsuliyyətini üzərinə götürmək peşəsidir. Siyasət ilk növbədə lazım olan vaxtda, lazım olan qərarları vermək peşəsidir. Siyasətçi də insandır. Onun da güclü və zəif cəhətləri var. Lakin qətiyyətsiz, qərar verə, üzərinə məsuliyyət götürə bilməyən insanların siyasi liderlik iddialarını heç vaxt başa düşməmişəm”.

Cəbhəçilər isə A. Göyüşovun sədlərini tənqid etməsini həzm edə bilməyiblər. AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov tarixçi alimin yanaşmasını qüsurlu sayıb, onun yanıldığını sübut etməyə çalışıblar.

“Azadlıq” qəzetinin keçmiş baş redaktoru Qənimət Zahid isə bildirib ki, söhbət inqilab edənlərin qətiyyətindən getmir: “Söhbət inqilabın nəticələrinin qorunub saxlanması mərhələsindən gedir. İnqilab mərhələsində bayaqdan adını sadaladığınız insanlar müxalifət liderləri idi və onlar ictimai güclə bir yerdə idilər. Sonrakı mərhələdə isə onlar, artıq, müxalifətdə deyillər. Bu detalları mərhələnin keyfiyyətcə dəyişdiyini qabartmaq üçün qeyd edirəm.

Birinci mərhələnin təfərrüatı ilə bağlı şəxsən mən də, səhv etmirəmsə, bir iki yazı yazdım və onlar “Azadlıq”ın saytında indi də qalır. İkinci mərhələdə isə tamam fərqli keyfiyyətlər var. İstər Maydan ərəfəsində, istərsə də sonrakı mərhələdə oradakı proseslərlə oradakı adamlar vasitəsilə maraqlanıram və az qala hər gün və bir neçə dəfə... İnqilabdan sonrakı mərhələ üçün deyilmiş və sizin tənqid etdiyiniz mülahizə, əslində, Ukrayna cəmiyyətinin, az qala, yekdil fikridir!”.

A. Göyüşov isə Q. Zahidə cavabında bildirib ki, Əli Kərimlinin belə qənaətə gəlməsinə Qənimət Zahid səbəb olub: “Belə başa düşdüm. Məncə bu çox bəsit yanaşmadır. Ukrayna cəmiyyəti hansısa fikirdə ola bilər, amma siz təhlil edərkən “obıvatel” kimi düşünməməlisiniz axı. Çünki “obıvatel” hətta “Elçibəy qoydu qaçdı” da yazır və deyir.

Sizin məntiqlə Saakaşvilini də məğlubiyyətə uğradığı üçün qətiyyətsizlikdə günahlandırmaq olar. Hətta cəbhəni də Kəlbəcəri itirdiyinə görə qətiyyətsizlikdə günahlandırmaq olar və belə edənlər de var. Halbuki hamımız bilirik ki, istər Gürcüstanda, istər Krımda, istər Kəlbəcər məsələsində işğalı kim və hansı məqsədlə həyata keçirirdi və əslində qarşısını almaq mövcud şərtlər daxilində mümkün deyildi.

İndi mənim fikrimcə Ukrayna hakimiyyəti də, Saakaşvili də, cəbhə hakimiyyətindən daha ağıllı tərpəndilər, çünki o ərazi itkiləri bütövlükdə demokratik hakimiyyətin çöküşünə gətirib çıxartmadı. Əlbəttə mən etiraf edirəm ki, istər Gürcüstanın, istərsə də Ukrayna hakimiyyətinin arxasında Qərb açıq şəkildə dururdu. Amma siz də nəzərə almalısınız ki, bu iki ölkənin demokratik hakimiyyətləri atdıqları qətiyyətli və “qətiyyətsiz” addımları məhz Qərblə koordinasiya edirlər ki, hadisələr daha qorxulu nəticələnməsin.

Ancaq məlumatsız və sadəlövh adam səmimi şəkildə düşünə bilər ki, hansısa qətiyyətli addımlarla Rusiyanın Krımı işğalının qarşısını almaq olardı”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR