Əliməmməd Nuriyev: “Bu, prezident hakimiyyətinin rasionallaşdırılmasına xidmət edən normadır”
Bizi izləyin

Nida.az

Əliməmməd Nuriyev: “Bu, prezident hakimiyyətinin rasionallaşdırılmasına xidmət edən normadır”

Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş, eyni zamanda Referendum Aktının layihəsi KİV-də dərc olunub.

Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.

Publika.az açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı fikirlərini bildirib.

Azərbaycan Resbublikasının Konstitusiyasının 1995-ci ildə qəbul olunduğunu deyən Ə.Nuriyev qeyd edib ki, Konstitusiyada daha çox həmin dövrün siyasi reallıqları əks olunmuşdu. XXI əsrdə geopolitik və siyasi reallıqların dəyişdiyini deyən fondun rəhbəri bildirib ki, bu, siyasi xarakterli sənəd kimi Konstitusiyanın mətninin də tədricən yenilənməsini şərtləndirir.

"Müəyyən zaman keçdikcə, geopolitik və siyasi reallıqların dəyişməsi bütövlükdə cəmiyyətin həyatına, o cümlədən hüquq sisteminə təsir göstərir, Konstitusiya səviyyəsində təsbit olunması zəruri olan yeni münasibətlər sistemi yaranır. Həmin münasibətlərin hüquqi tənzimlənməsinin əsaslarının Konstitusiya çərçivəsində təsbit olunması zərurəti yaradır və bütün bunlar öz növbəsində Konstitusiya dəyişikliklərini şərtləndirən başlıca amillər kimi çıxış edir. Konstitusiyanın mətninə Azərbaycan Prezidenti tərəfindən təklif edilən dəyişikliklərin də əsasında bu dayanır. Yəni, ictimai münasibətlərin xarakterinin dəyişməsi, yeni reallıqlar, ölkədaxili və xaricindəki yeni çağırışlara cavab, eyni zamanda aparılan iqtisadi və siyasi islahatları sürətləndirmək və sair", - Əliməmməd Nuriyev deyib.

Müsahibimiz bildirib ki, bütövlükdə Konstitusiyanın 23 maddəsinin mətninə dəyişikliklər təklif olunur və yeni altı maddə daxil edilir: "Bütövlükdə, Konstitusiyaya 44 dəyişiklik edilir. Bu da indiyə kimi olunan dəyişikliklərdən çoxdur. Dəyişikliklərin məzmununa baxsaq, onu iki böyük qrupa ayırmaq olar. Birincisi, insan hüquq və azadlıqlarına aid olan, ikincisi isə dövlət hakimiyyətin təşkili və idarəetməsinə daxil olan dəyişikliklərdir. Referendum Aktının layihəsinə insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslin 15 maddəsinə dəyişikliklər təklif olunur. Ən vacib dəyişikliklərdən biri dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsi ilə bağlı olan dəyişikliklərdir. Hesab edirəm ki, passiv seçki hüququnun həyata keçirilməsi ilə bağlı bəzi dövlət vəzifələrinin tutulması üçün müəyyən olunmuş yaş senzinin ləğv olunması çox əhəmiyyətlidir və dünyanın bir çox ölkələrində bu artıq var. Azərbaycan Milli Məclisinin fəaliyyətinin təşkili ilə bağlı dəyişikliklər də çox vacibdir. Burada çox aydın şəkildə müəyyənləşdirilir ki, parlament hansı hallarda buraxıla bilər. Göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. Başqa sözlə, Milli Məclisin və yaxud da ayrı-ayrı qurumların fəaliyyəti iflic olarsa, vəziyyətdən çıxış yolu necə olmalıdır? Burada vəziyyətdən çıxış yolu kimi Milli Məclisin buraxılması göstərilir. Bu, indiyə qədər Konstitusiyada bir boşluq idi. Bu, eyni zamanda hakimiyyətin qolları arasında tarazlığın təmin edilməsi prinsinpinə tamamilə uyğundur. Azərbaycan Konstitusiyasında prezidentin parlament vasitəsilə vəzifəsindən kənarlaşdırılması məsələsi var. Amma Milli Məclisin buraxılması yox idi. Burada tarazlığın olması vacib idi. Bu dəyişiklik siyasi institut kimi parlamentin əhəmiyyətini artıracaq, gələcəkdə parlamentin təşkili məsələlərinə öz töhfəsini verəcək".

Ə.Nuriyev qeyd edib ki, təklif olunan mühüm dəyişikliklərdən biri də vitse-prezident instutunun təşkili ilə bağlıdır: "Bu, əslində prezident hakimiyyətinin rasionallaşdırılmasına xidmət edən normadır. İslahatların daha sürətli və mükəmməl aparılmasına kömək edəcək mühüm bir institutunun yaradılması təklif edilir. Bu, bəzi hallarda qərarların sürətli və vaxtında qəbul edilməsi ilə bağlıdır. Azərbaycanda Nazirlər Kabinetinin qərar qəbul etmə proseduru bir az mürəkkəbdir. Hazırkı situasiya, xüsusilə beynəlxalq çağırışlar, təhdidlər və dünyada böhranın dərinləşməsi məsələlərə daha sürətli və adekvat münasibət bildirmək imkanı olan institutların olmasını zəruri edir. Hesab edirəm ki, vitse-prezidentlik institutunun yaradılması da bu məqsədə xidmət edir.Vitse-prezidentə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququ verilir. Bu, prezidentə daha çevik və sürətli hərəkət etmək imkanı yaradan institutdan istifadə etməyə imkan verir. Hesab edirəm ki, bu dəyişikliklər idarəetmənin daha da təkmilləşməsinə, qərarların daha çevik qəbul edilməsinə kömək edəcək. Təklif olunan dəyişikliklər bugünkü islahatların ruhuna uyğun olan dəyişikliklərdir. Əslində, yeni institutların yaradılmaması təəccüblü görünərdi".

Ə.Nuriyev qeyd edib ki, dəyişikliklər bütövlükdə Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafını şərtləndirən, yeni imkanlar yaradan dəyişikliklərdir. O, ümid etdiyini bildirib ki, Azərbaycan cəmiyyəti dəyişikliklərə öz müsbət münasibətini bildirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm