XXI əsrin Nuh gəmisi, Türkiyədə qanlı gün, Qarabağa “MƏXFİ ORDU”... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

XXI əsrin Nuh gəmisi, Türkiyədə qanlı gün, Qarabağa “MƏXFİ ORDU”... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə bu səhər PKK terror təşkilatının törətdiyi növbəti qanlı terror aktı ilə oyandı. Təşkilat son günlərin taktikasına sadiq qalaraq polis binasını hədəf aldı. Suriyada vəziyyət sürətlə dəyişir. Azad Suriya Ordusunun Türkiyənin dəstəyi ilə Cerablusu İŞİD-dən təmizləməsi Ankaranın Suriya tənliyində mövqeyini yaxşılaşdırdı. Kremlin ideoloqu Ermənistanı təhdid etdi.

Türkiyədə polis binası partladıldı: 11 şəhid, 86 yaralı

Bu gün səhər saatlarında Türkiyənin Şırnak əyalətinin Cizrə rayonunda terrorçu PKK qruplaşmasının silahlıları polis məntəqəsinə bomba yüklü avtomobillə hücum ediblər.

Hadisə Cizrə-Şırnak avtomobil yolunun üstündə, Cizrə Təhlükəsizlik İdarəsi Çevik Polis Dəstəsinin yerləşdiyi ərazinin 50 metrliyində baş verib. Hadisə nəticəsində 11 polis şəhid olub, 6-sı mülki vətəndaş, 80-i polis olmaqla 86 nəfər yaralanıb.

Çevik Polis Dəstəsinin binasına ciddi ziyan dəyib.

FETÖ növbəni PKK-ya verdi – 104 ölü, 600 yaralı

Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlığı ifşa edilən PKK terror təşkilatı 15 iyuldakı dövlət çevrilişi cəhdindən sonra qanlı hücumlarının sayını artırıb.

Hücumlar nəticəsində 104 nəfər şəhid olub.

Onlardan 19-u mülki vətəndaş, 39-u polis, 37-si əsgər və 9-u isə kənd mühafizəçisidir. Qanlı hücumlar nəticəsində 319 mülki vətəndaş, 202 polis, 76 əsgər və 9 kənd mühafizəçisi yaralanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl PKK-nın törətdiyi terror aktlarının arxasında FETÖ-nun məlumat paylaşmasının olduğunu söyləyib. O, 15 iyul dövlət çevrilişi cəhdinin uğursuz olmasından sonra növbəni digərlərinin aldığını deyib. "PKK-nın hücumlarının arxasında Fəthullahçı Terror Təşkilatının olduğunu görmək üçün kahin olmağa ehtiyac yoxdur", - prezident vurğulayıb.

Gülənin Qafqazdakı adamından ŞOK İDDİA: FETÖ-nun "qara qutu"su...

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin varisi olaraq tanınan Mustafa Özcan Qırğızıstan vətəndaşlığını alıb.

Bu haqda Gülənin bir vaxtlar Qafqazda əhəmiyyətli adamlarından biri olan, daha sonralar təşkilatdan ayrılan Həyati Küçük "Sabah" qəzetinə danışıb.

O, Gülənin ikinci adamı və "qara qutusu" olan Mustafa Özcanın hazırda Qırğızıstanda olduğunu bildirib.

Xatırladaq ki, Qırğızıstan ölkəsindəki FETÖ məktəblərini bağlamaqdan imtina edərək Türkiyənin tələbini geri çevirib. Qırğızıstanın Xarici İşlər Nazirliyi "ultimatum və şantaj dili ilə edilən açıqlamaya" əməl etməyəcəklərini bəyan ediblər.

Türkiyənin "Suriya planı" - DETALLAR

Türkiyə mediası Ankaranın Suriyada planlaşdırdığı təhlükəsizlik xəttinin detallarını əldə edib.

"Fərat Qalxanı" əməliyyatı ilə İŞİD və PYD təhdidinin qarşısını almağa çalışan Türkiyə sərhəddən 15-20 kilometr içəridə Azad Suriya Ordusu üçün nəzarət nöqtələri quracaq.

Hazırda Suriyada 500 türk hərbçisi var. Qısa müddətdə onların sayı 4 minə çatdırılacaq. Hərbi mənbələrin məlumatına görə, bölgədəki tayfalardan da İŞİD, YPG (PYD-nin silahlı gücü –red.) və Dəməşq rejimindən gələcək təhdidə qarşı istifadə ediləcək.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara görə, "Mehmetcik" əməliyyatlara birbaşa qatılmayacaq. Suriya-Türkiyə sərhədində 70 kilometr uzunluqda olan təhlükəsiz bölgənin yaradılması nəzərdə tutulur. Bu, Azad Suriya Ordusunun İŞİD-in nəzarətində olan Əl-Baba irəliləməsinin önünü açacaq.

"Mehmetcik" Əl-Babın İŞİD-dən təmizlənməsi üçün Azad Suriya Ordusuna havadan dəstək verəcək. Beləliklə, Azez-Cerablus ilə Əl-Bab-Azez arasında qalan bölgə həm İŞİD-dən təmizlənəcək, həm də PYD-ə qarşı "Fərat qalxanı" olacaq.

"Türkiyə ordusu oraya gələrsə..." – TƏHDİD

PYD terror təşkilatının nəzarətindəki Cerablus Hərbi Məclisi Türkiyəni təhdid edib.

Qurum Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Cerablusun cənubuna hərəkət edəcəyi halda, müdaxilə edəcəklərini açıqlayıb.

Hərbi Məclisinin nümayəndəsi Armanc Cerablus Türkiyə ordusunun dəstəklədiyi Azad Suriya Ordusu ilə aralarında üç kilometrlik bir məsafənin olduğunu, Azad Suriya Ordusunun Amarinah kəndinin cənubuna keçməsinə icazə verməyəcəklərini söyləyib.

Cerablus Azad Suriya Ordusunun Cerablusun cənubundakı Alşamal kəndinə çatdığını bildirib.

Rus general: "Putin və Ərdoğan razılığa gələ bilmədi"

Bu iddianı Rusiya Geopolitik Problemlər Akademiyasının rəhbəri general Leonid İvaşov səsləndirib.

Onun sözlərinə görə, Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatla bağlı razılaşmayıblar. İvaşov mətbuat konfransında deyib ki, türk mətbuatının Ərdoğan və Putinin bu mövzuda razılaşdığına dair yazdıqları yalandır.

PKK çevriliş planı hazırlayıb – ŞOK İDDİA

PKK terror təşkilatı Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzaniyə qarşı çevriliş planını həyata keçirməyə hazırlaşır.

Bu iddia ilə "Habertürk" kanalının efirində türkiyəli təhlükəsizlik mütəxəssisi, keçmiş kəşfiyyatçı Mete Yarar çıxış edib. O, Bərzaninin PKK-nın bir nömrəli hədəfi olduğunu və onun hakimiyyətdən uzaqlaşdırılması üçün böyük bir çevriliş planının hazırlandığını deyib.

"Kürd muxtariyyətinin təxminən 40 kəndi PKK-nın işğalı altındadır. Bərzani PKK ilə mübarizədə 3 min peşmergəni itirib. Bu gün bölgədə olan Türkiyə hərbçilərinin orada qalmasını təmin edən məhz Bərzaninin dəstəyidir. İraqın mərkəzi hökuməti türk əsgərinin PKK ilə mübarizə aparmasını istəmir. Buna qarşı çıxan isə Bərzanidir", - Mete Yarar qeyd edib.

O, Bərzanini əvəz edəcək şəxsin Türkiyə ilə ortaq hərəkət edəcəyinə dair şübhələrin olduğunu vurğulayıb.

"Türkiyəyə daha dəhşətli hücum olacaq" – ŞOK SSENARİ

Mete Yararın başqa bir iddiasına görə, Türkiyəyə Qaziantep terror hücumundan daha dəhşətli hücumlar edəcəklər.

Mete Yarar Türkiyəyə qarşı hücum ssenarisini açıqlayıb: "Bundan sonra belə edəcəklər: Əvvəlcə ictimaiyyəti gərginləşdirəcəklər. Məqsəd sinirləri yerindən oynatmaqdır. Qaziantepdə toya hücum edildi. Bir ananın 4 övladı həyatını itirdi. Kədərli mənzərədir. Bir müddət bu istiqamətdə hücumlar olacaq. İnsanları ən zəif yerlərindən vuraraq, sinirləri ilə oynayırlar. Bu hücumun arxasından yeni hücumlar olacaq. Xüsusilə əllərində kalaşnikov avtomatları ilə ən önəmli məhəllələrdən birində hücum həyata keçirəcəklər".

Klintondan ŞOK İTTİHAM: "Putin ekstremal millətçiliyin..."

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putini tərifləməklə məşğuldur.

Bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klinton Nevada ştatında tərəfdarları qarşısında çıxışı zaman deyib.

"Tramp Putin üçün tərifləri yağdırır və rusiyayönlü siyasət aparır. O, NATO üzrə müttəfiqlərə dəstək verməkdən imtina haqqında danışır, Krımın Rusiya tərəfindən zəbt edilməsini tanıyır", - Klinton bildirib.

ABŞ prezidentliyinə namizəd Rusiya liderini "ekstremal millətçiliyin qlobal markasının böyük xaç atası" adlandırıb.

Xatırladaq ki, Donald Tramp seçkilərdə qələbə qazanacağı halda Krımı Rusiyanın hissəsi kimi tanınması və sanksiyaların ləğvi məsələlərinə baxmağa hazır olduğuna söz verib.

Ermənistan yer üzündən silinəcək və Qarabağ qaytarılacaq – Kremlin ideoloqu

"Əgər Ermənistan Rusiyadan üz çevirərək, Qərb üz tutacaqsa, o, Yer üzündən silinəcək".

Bunu barədə Kremlin ideoloqu, Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin deyib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı Nuhun gəmisidir: "Kim bu gəmiyə minəcəksə, mövcud olmağa davam edəcək. Kim kənarda qalacaqsa, o, Yer üzündən silinəcək".

Duqin qeyd edib ki, Rusiyanın yaratmaq istədiyi sistem Avrasiya ölkələrinin iqtisadiyyatını qlobal iqtisadi böhrandan qorumağa hesablanıb.

"Rusiya iqtisadiyyatı ilə müqayisədə Ermənistan iqtisadiyyatı əhəmiyyətsizdir. Heç bir qiymətə malik deyil və əsasən Rusiyadan asılıdır. Əgər Rusiya yaranmış çətinlikdən çıxmağı bacaracaqsa, Ermənistan da çıxacaq. Amma belə çətin vəziyyətdə Ermənistan Rusiyanı atıb Qərb tərəf keçsə, bu, onun üçün ağır olacaq. Rusiya təkcə Qarabağ münaqişəsində Azərbaycana dəstək verməklə, Ermənistana böyük zərbə vura bilər. Ermənistan indi Rusiyadan bərk yapışmalıdır, yaranmış ağır maliyyə-iqtisadi situasiyanı sakitcə izləməlidir", - deyə Kremlin ideoloqu vurğulayıb.

Suriyada döyüşən "MƏXFİ ORDU" Qarabağa gəlir

Rusiya muzdlu döyüşçülərdən ibarət olan "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür.

Bu barədə "RBC" saytının araşdırmasında deyilir.

Sayt yazır ki, Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olan muzdlu ordu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub. Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib. "Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib (http://publika.az/p/147914).

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm