Cəbhəçilərlə REAL-çılar üz-üzə: köhnə BRT və “kim qətiyyətlidir” söhbəti
Bizi izləyin

Nida.az

Cəbhəçilərlə REAL-çılar üz-üzə: köhnə BRT və “kim qətiyyətlidir” söhbəti

Cəbhəçilərlə REAL-çılar üz-üzə: köhnə BRT və “kim qətiyyətlidir” söhbəti

REAL hərəkatının funksioneri, tarixçi alim Altay Göyüşovun AXCP sədri Əli Kərimlinin Ukrayna inqilabçılarını qətiyyətsizlikdə günahlandırmasını tənqid etməsi cəbhəçilərlə REAL-çıların qarşıdurmasına səbəb olub.

Sosial şəbəkələrdə davam edən qarşıdurmalarda tərəflər bir-birinə qarşı tənqidi fikirlər səsləndirir, ittihamlar irəli sürürlər.


“Ən azı tarixçi məsələyə belə dayaz yanaşmamalı idi”


Publika.Az -a xəbər verir ki, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov A. Göyüşova qarşı fikirlər sələndirib. “Səhvmi edib Əli Kərimli?” deyən N. Ədilov bildirib ki, Ukrayna hökuməti faktiki Belçika boyda bir ərazi olan Krımı heç bir müqavimətsiz təslim etdi Rusiyaya: “Hansı ki, Krımda Ukraynanın 20 min nəfərdən artıq şəxsi heyəti olan hərbi hissələri yerləşirdi. Əhalinin də 40 faizə qədəri ukraynalılar və tatarlar idi. Müdafiə olunmaq olardı. İndi bütün özündən razıların bəyənmədiyi azərbaycanlılar heç bir yaşayış məntəqəsini döyüşsüz təslim etməmişdi erməni-rus hərbi güclərinə.

Amma problem tək bu da deyil. Ruslar cəmi bir neçə min nümayişçinin gücü ilə Ukraynanın təqribən 15 milyon insan yaşayan cənub-şərqini Ukraynadan faktiki ayırıblar. Əli bəy də buna etiraz edir ki, Yanukoviçə qarşı birləşənlər, 100 minləri səfərbər edənlər ölkələrini qorumaq üçün də qətiyyət göstərməli idilər”.

N. Ədilov məsələnin ikinci tərəfi olaraq Əli Kərimlinin bu barədə nə dərəcə haqqının olmasından bəhs edib.
“Mən şəxsən deyirəm ki, tam haqqı var. Əli Kərimli 20 Yanvarda ruslar Bakını işğala gələndə dostları ilə bərabər barrikadada olub, tam təsadüfən sağ qalıb. Ermənilər sərhəd kəndlərimizi işğal etmək istəyəndə Laçına, Qubadlıya getmiş ilk könüllülərin arasında olub.

AXC-Müsavat hakimiyyətinə qarşı qiyam qalxanda ona ilk sərt qiyməti də o verdi. Öz hökumətindən qiyamçılara qarşı sərt tədbirlər görməyi tələb etdi. 1998-ci il 12 sentyabr mitinqində lider sayıla biləcək adamlardan yalnız o iştirak etdi. Ukraynada indiki inqilabçıların qalib gəlməsinə, Əli Kərimlinin isə hələ də qalib gəlməməsinə gəldikdə isə ən azı tarixçı məsələyə belə dayaz yanaşmamalı idi.

Qısaca deyim ki, Ukraynada Yanukoviçə hansısa siyasətçilər yox, Ukrayna xalqı qalib gəldi. Və bu qələbədə AB və ABŞ-ın Ukrayna xalqına açıq və hərtərəfli dəstəyi də mühüm faktor oldu. Ukraynada inqilabdan əvvəlki vəziyyət Azərbaycandakı vəziyyətlə müqayisə etməkmi olar? Əminəm ki, Ukrayna müxalifətinin malik olduğu imkanların yarısına Azərbaycan müxalifəti malik olsaydı, burada çoxdan arzu olunan dəyişiklik baş vermişdi”-deyə o bildirib.


“3 ildir REAL-ı elan etmişiniz, heç 100 nəfəri bir yerə toplaya bilməmisiniz”


Daha sonra A. Göyüşovu və onun timsalında REAL-ı tənqid edən AXCP sözçüsü deyib ki, A. Göyüşov Ə. Kərimlinin ilk dəfə deyil tənqid edir: “Hörmətli Altay bəy 1-ci dəfə deyil ki, Əli bəyi tənqid hədəfi seçir. Olsun, onun tənqid etmək hüququna hörmətlə yanaşıram. Amma biz REAL-a hər zaman hörmətlə yanaşmışıq. O qədər tənqid edilməli cəhətləriniz var ki. Amma biz daha vacib işlərlə məşğul oluruq. Əli bəy 2001-ci ildə AXCP sədri seçilib. 4 ildən sonra 2005-ci ildə AXCP artıq ölkənin 1 nömrəli partiyası idi.

Əli bəy də Qələbə meydanına toplanmış 30 minə qədər nümayişçinin de-fakto lideri idi. Onlarla birlikdə oturaq mitinq qərarı verdi. Xalqın içinə getdi. Özü, həyat yoldaşı, 12 yaşlı oğlu ilə birlikdə mitinqçilərin taleyini bölüşdü. Siz də 5 ildir ki, REAL-ı elan etmisiniz, amma 30 min yox, 3 min yox, heç 100 nəfəri bir yerə toplaya bilməmisiniz. Sizin də Əli bəyi tənqidiniz mənə qəribə gəldi”.


“Sürət Hüseynovun 2 köhnə BRT-nin qarşısından qaçıb”


REAL-ın digər funksioneri Natiq Cəfərli isə məsələyə münasibətində deyib ki, A. Göyüşov müxalifətin qətiyyətsizliyi haqda, dostcasına tənqidi bir status yazmışdı, lakin üç gündür AXCP-dən olan dostlarımız bu mövzudan çıxa bilmirlər: “Facebook-da demək olar ki, bütün funksionerləri bu məsələyə fikir bildirərək, Altay bəyə hücuma keçiblər. Altay bəyin fikirlərini tənqid etmək olar, əks arqumentlər gətirmək olar və mümkündür də, amma, sadəcə arqumentsiz, say və səs-küy hesabına hücuma keçmək, dostlarımızın demokratiya, azad söz, diskussiya haqqındakı təsəvvürlərinin yanlış olduğunu göstərir. Bu bir faciədir əslində”.

N. Cəfərli qeyd edib ki, A. Göyüşov hələ çox yumşaq və az demişdi: “Sürət Hüseynovun 2 köhnə BRT-nin qarşısından qaçıb, hakimiyyəti təhvil verən siyasi nəsli “qətiyyətli” adlandırmaq mümkün deyil axı. O vaxt qətiyyət göstərsəydilər, sonrakı illərdə bir-birlərinə qazdıqları qətiyyətli quyuları hökumətə birgə qazsaydılar, ölkəmiz 21 il belə olmazdı. Tənqidə, diskussiyalara açıq olun, nümunə olun, bizlər isə qətiyyətli şəkildə düzə-düz, əyriyə-əyri deməkdə, avtoritet gözləmədən düşündüklərimizi qəti şəkildə dilə gətirməkdə davam edəcəyik. Bunu hamının bilməsi vacibdir, o cümlədən, müxalifətdə olan sevimli dostlarımızın da”.


Qeyd edək ki, A. Göyüşov bildirib ki, Ə. Kərimlinin bu yanaşması qəribədir: “Əli Kərimli Ukrayna inqilabçılarının qətiyyətsiz olmaqda günahlandırıb. Şəxsən mənə öz ölkəsində 20 ildir hakimiyyətə gələ bilməyən müxalifət liderinin Ukraynada diktatoru devirib hakimiyyətə gələn inqilabçıları qətiyyətsizlikdə günahlandırması qəribə gəlir”.

Əli Kərimli Ukraynadakı inqilabdan sonra ölkədə sabitliyi qoruya bilmədikləri üçün keçmiş müxalifət qətiyyətsizlikdə, səriştəsizlikdə ittiham edib: “Təəssüf ki, Ukrayna gözümüzün qarşısında parçalanır. Ölkənin cənub-şərqindəki vilayətlərdə separatçılar Ukrayna hakimiyyətini faktiki ləğv ediblər. Silahlanıb öz ordularını da yaradıblar. Ukraynanın mərkəzi hakimiyyəti isə hələlik bacarıqlı və qətiyyətli görünmür. Siyasət həm də dövlət və millətin məsuliyyətini üzərinə götürmək peşəsidir. Siyasət ilk növbədə lazım olan vaxtda, lazım olan qərarları vermək peşəsidir. Siyasətçi də insandır. Onun da güclü və zəif cəhətləri var. Lakin qətiyyətsiz, qərar verə, üzərinə məsuliyyət götürə bilməyən insanların siyasi liderlik iddialarını heç vaxt başa düşməmişəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm