• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İranın Azərbaycana münasibəti dəyişəcəkmi? - Şərh

  • Nida.az
  • 11 Aprel 2014 15:28
  • 394 Baxış
İranın Azərbaycana münasibəti dəyişəcəkmi? - Şərh

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri xüsusilə bir məqama görə diqqət çəkdi.

İki ölkə arasında münasibətlərin soyuq olduğu uzun dövründə belə bir səfər edilməmişdi. Hətta bir dəfə sabiq prezident Əhmədinejatdan dəvət gəlmişdi, daha sonra Həsən Ruhani inauqurasiyasında rəsmi Bakıya dəvət göndərmişdi.

Lakin Azərbaycan tərəfi bu iki dəvətdə birinci şəxs səviyyəsində qatılmamışdı.

Prezidentin bu dəfəki səfəri daha çox aradakı gərginliyi qaldırmaq qonşuluq münasibətlərinin davam etməsinə yönəlmiş səfər idi.

Lakin əsas sual İranın bundan sonrakı mərhələdə Azərbaycana münasibətinin necə olacağıdır. Xüsusilə də Ermənistana dəstəyinə yenidən baxıb-baxmayacağı diqqət çəkir. Güman ki, epizodik də olsa səfərdə bu məsələ gündəmə gətirilib.


Politoloq Vəfa Quluzadə Publika.Az-a deyib ki, Azərbaycan-İran münasibətlərində o qədər də ciddi problemlər yoxdur. Onun fikrincə, bu, mediada şişirdilmiş formada təqdim olunur: “Azərbaycan İsrail və Qərb ölkələri ilə yaxşı münasibətləri var, ancaq bu İrana qarşı deyil.

Azərbaycan da hər zaman İranın maraqlarını da nəzərə alıb. Sadəcə Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İran-Qərb münasibətlərinin yaxşılaşmağa doğru getməsi də İran-Azərbaycan münasibətlərinə müsbət təsir buraxmaqdadır”.

Politoloq hesab edir ki, İran bu səfərdən sonra müəyyən mənada loyallaşa bilər.


Lakin İran üzrə ekspert Sədrəddin Soltan hesab edir ki, Tehran fundamental məsələlərdə güzəştə getməyəcək. Publika.Az-a şərhində politoloq qeyd edib ki, İlham Əliyevin Həsən Ruhani ilə görüşündə iki ölkə arasındakı fundamental məsələlərin həll olunduğuna inanmıram.

Ekspert hesab edir ki, İran bundan sonra da Azərbaycana qarşı öz bildiyini yenə edəcək: “Mən fundamental məsələlərin həll olunduğuna inanmıram. Hesab edirəm ki, İranın əsas məsələlərdə münasibəti dəyişməyəcək. Azərbaycanın ərazi bütövlüyü məsələsində Ermənistanla münasibətlərini yenə əvvəlki kimi davam etdirəcək. Digər tərəfdən Cənubi Azərbaycanda türklərin haqları yenə tapdanacaq, İrandan Azərbaycana narkotik qaçaqmalçılığı davam edəcək. Rəsmi Tehran Azərbaycanda İranyönlü ictimai-siyasi qüvvələri yenə dəstəkləyəcək. Bu baxımdan, bu səfər belə məsələlərin heç birini həll etməyəcək”.

S. Soltan qeyd edib ki, səfər daha çox iki ölkə arasında münasibətlərin inkişafına, iqtisadi əlaqələrin dərinləşməsinə hesablanıb.

Ekspert bildirib ki, İrana qarşı dünyanın sanksiyaları azalıb və perspektivdə bunun daha da yumşalacağı ehtimal olunur. Onun sözlərinə görə, bunu8n fonunda prezidentin səfəri perspektivdəki iqtisadi münasibətlərə hesablanıb.

“Həsən Ruhani prezident olandan sonra İran hakimiyyətində yumşalma var. ABŞ-ın sanksiyaları da, kəskin ritorik çıxışlar da azalıb. İrana qarşı bir sıra sanksiyalar götürülüb. Məsələn pulunun bir hissəsini qaytarıblar, mülki aviasiyasına qoyulan qadağaların bir hissəsi qaldırılıb.

Atom nüvə proqramı ilə bağlı İranla altılıq ölkələr arasında danışıqlar davam edir. Ortada bir yumşalma var və belə bir məqamda İlham Əliyevin İrana qonşu ölkə kimi səfər etməsində heç bir ziyanlı məsələ yoxdur”-deyə politoloq vurğulayıb.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR