Altay Göyüşov Əli Kərimliyə: “Heç AzTv belə qorxuda bilməmişdi”
Bizi izləyin

Nida.az

Altay Göyüşov Əli Kərimliyə: “Heç AzTv belə qorxuda bilməmişdi”

REAL hərəkatının funksioneri, tariçi alim Altay Göyüşov AXCP sədri Əli Kərimlini tənqid etdikdən sonra cəbhəçilər tərəfindən ittiham olunmasına münasibət bildirib.

Publika.Az xəbər verir ki, A. Göyüşov uzun müddətdir qurşaqdan aşağı hücuma ən çox məruz qalan məhz AXCP rəhbərinin olduğunu deyib: “Bizim ilk olaraq Lider TV-yə məhz belə məsələlərə görə neqativ münasibətimiz formalaşıb. Biz Hafiz Hacıyevə məhz onun Əli Kərimliyə yönləndirdiyi təhqirlərdən sonra nifrət etməyə başlamışıq. Biz Əhəd Abıyevin simasını onun Əli Kərimliyə yönləndirdiyi biabırçı təhqirlərdən, ləyaqətsizliklərdən sonra tanımışıq.

Mən hamının gözü qabağında liftdə çoxdan tanıdığım və hətta vaxtilə kömək etdiyim bir gəncə Əli Kərimliyə qarşı təşkil olunan piketdə iştirak etdiyinə görə salam verməkdən imtina etmişəm. Əli Kərimliyə görə yox, sadəcə, ləyaqətsiz şüarlara, plakatlara etiraz etmişəm. İndi mən düşünürəm ki, bütün bu ləyaqətsizliklərə şəxsən məruz qalmış bir təşkilatın, o cümlədən, vacib missiyalarından biri də Azərbaycan siyasətindən və ümumiyyətlə, cəmiyyətindən bu cür əxlaqsızlığın götürülməsi üçün aktiv fəaliyyəti olmalı idi. Fəqət reallıqda gördüyüm bir durum məni çox məyus etdi. Mən səviyyəsiz polemikanı, əsassız ittihamlar və iftiraları qoyuram kənara, idealda əlbəttə heç bu da olmamalıdır, amma indiki halda məni narahat edən ləyaqətsizliklər və təhqirlər oldu.

Bəzilərinə, sağ olsunlar, cəbhəçi ziyalılar cavab verdi, lakin əsas qənaətim bu oldu ki, AXCP gənclər təşkilatında çox qeyri-sağlam bir durum mövcuddur. Yenə də əsla özümə görə demirəm, cəmiyyətə, boynumuza düşən missiyaya görə deyirəm. Biz onsuz da siyasi hakimiyyətlə mübarizədə nəticə əldə edə bilmirik. Heç olmazsa, müəyyən pozitiv ənənələr yaratmaq istiqamətində səylər göstərməklə cəmiyyətə xidmət etmiş olarıq. İlk növbədə də qətiyyəti burada göstərib olduğumuz yerlərdə sağlam mühit, nümunələr yaratmalıyıq. İnanın ki, siyasi nəticə və dəstək də məhz bundan sonra gələcək”.
A. Göyüşov qeyd edib ki, AzTV neytral gənci “1992-1993” ifadəsi ilə elə qorxuda bilməmişdi, necə ki, dünən cəbhəçi gənclər “qətiyyətləri” ilə buna bir xeyli nail olmağı bacardılar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm