Şimal bölgəsində radikalizm söhbəti
Bizi izləyin

Nida.az

Şimal bölgəsində radikalizm söhbəti

Şimal bölgəsində radikalizm söhbəti

Bu gün İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun dini icmalarının sədrləri, din xadimləri, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda iki günlük konfrans işinə başlayıb.

DQİDK-dən Publika.Az verilən məlumata görə, konfrans öz işinə AR Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa edilmiş, Qafqazın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidinin timsalında milli-mənəvi dəyərlərimizə göstərilən qayğını əks etdirən “Əbədi işığın abidəsi” sənədli filmi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan komitə sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri bu istiqamətdə Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıbdır.
E. İskəndərov dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bildirib ki, bunun nümunəsi olaraq son illərdə dövlət başçısının qayğısı nəticəsində son 10 il ərzində ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunubdur.

Daha sonra DQİDK tərəfindən son vaxtlarda radikal dini cərəyanlar və hərəkətlərin qarşısının alınması istiqamətində həyata keçirilmiş işlər haqqında məlumat verilib. Bildirilibdir ki, bu istiqamətdə son üç ayda 10-dan çox qısamüddətli təlim kursları keçirilib, 10-a yaxın ədəbiyyat nəşr edilib, bir sıra dini icmaların yenidən dövlət qeydiyyatına dəstək verilib, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanıb və tətbiq edilibdir.

Daha sonra çıxış edən Prezident Administrasiyasının Millətlərarası, multukultiralizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin nümayəndəsi Müzəffər Talıblı Prezident İlham Əliyev tərəfindən yaradılmış yeni Dövlət müşavirliyi xidmətinin adıçəkilən sahəyə qarşı daha yüksək diqqət və qayğının bariz nümunəsi adlandırıbdır.
Millət vəkili Novruz Aslan isə çıxışında belə bir tədbirin təşkilinə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıbdır. QMİ sədrinin müavini Fuad Nurullayev isə çıxışında ölkəmizdə bütün dinlərə yaradılan şəraitdən danışıb və vurğulayıb ki, bu gün dindarların üzərində olan əsas məsuliyyətlərdən biri də inkişaf edən Azərbaycanın çiçəklənməsinə öz töfhələrini verməkdir.
Konfrans çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan dövlət qeydiyyatına alınmış 5 icmaya şəhadətnamələr təqdim edilib.

Konfrans öz işini “Milli-mənəvi dəyərlərimizə baxış: tarixilik və müasirlik”, “Dini radikalizm və onunla mübarizə üsulları”, “Din xadimlərinin fəaliyyət perspektivləri”, “Azərbaycanda dövlət-din münasibətləri və dini icmalar”, “Cəmiyyətin inkişafı və dini dəyərlər” panelləri üzrə davam etdirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm