Ermənistana qaçan vətəndaşımız geri qayıtmaq istəyir
Bizi izləyin

Nida.az

Ermənistana qaçan vətəndaşımız geri qayıtmaq istəyir

Ermənistana qaçan sığınan vətəndaşımız geri qayıtmaq istəyir

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşlığından imtina edərək ailəsi ilə birlikdə Ermənistan tərəfə keçən Cavid Orucov Azərbaycana qayıtmaq istəyir. Amma o, geriyə tək qayıtmaq fikrindədir və ailəsini Ermənistanda qoyacaq.

Publika.Az xəbər verir ki, C. Orucov bu barədə BBC-yə müsahibəsində deyib. O, arvadı və uşaqları ilə birlikdə qaçqınlar üçün nəzərdə tutulan mərkəzdə qaldığını deyir: “Burda Suriya ermənilərinin, afrikalıların və iranlıların arasında yaşayırıq. Yataqxana qonşularımızla prinsipcə normal yola gedirik. Yeməyi on gündə bir dəfə verirlər, hər şeyi öz hesabıma alıram, heç kimdən bir qəpik də görməmişəm”.

C. Orucov BMT-nin qaçqınlar üzrə ali Komissarı ilə görüşə bilməməkdən şikayətlənir: “Onunla görüşə buraxmırlar, artıq üç aydır ki, burdayam, bir dəfə olsun görüşməmişəm”.

O, müsahibəni oğlu ilə İrəvanın küçələrində gəzərkən verib. Amma onlara heç bir mühafizə verilməyib. C. Orucov təhlükəsizlik problemlərinin olmadığını deyir, amma belə bir şeyi istisna da etmir: “Əgər Ermənistan dövləti belə laqeyd münasibətə davam edəcəksə, mən ailəmi burda qoyub ölkəni tərk edib Azərbaycana qayıdacağam. Burda təbii ki, işləyə bilməyəcəm. Hətta bizim taleyimizin nə olacağını bilmirəm. Heç kim mənə heç nə demir”.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov bu il yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. O, bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb.

Avropa ölkələrinin Azərbaycandakı səfirliyində çalışan anonim mənbə isə mediaya maraqlı məlumat sızdırıb. Məlumata görə, C. Orucov hansısa Avropa ölkəsinə getmək məqsədilə həmin səfirliyə müraciət edib. Səfirlikdən isə ona məsləhət görüblər ki, əvvəlcə Ermənistana keçsin, ordan üçüncü ölkəyə getmək asan olacaq. Çünki Azərbaycan və Ermənistan arasındakı mövcud duruma görə heç kim onu geri qaytarmayacaq.
Görünür, avropalı diplomatlar Ermənistan dövlətinin laqeydliyini nəzərə almayıblar. Bununla yanaşı, C. Orucovun yenidən Azərbaycana qayıtması və dedikləri onun Azərbaycanda təqib edilmədiyi qənaətini yaradır.
Orucovun anası Mirvari Orucov isə oğlunu itirdiyi üçün deyil, etdiyi hərəkətə görə pis olduğunu deyir: “Övladının onu atıb getməsi, özü də düşmən ölkəyə getməsi görün ana üçün nə qədər ağırdır”.

Orucovun 2001 və 2003-cü illərdə Rusiyada yaşadığını deyən anası oğlunun sonradan Norveçə getdiyini deyir: “Ora 2013-cü ildə gediblər. 2013-cü ilin sentyabrında deportasiya olunub və Azərbaycana qayıdıblar. Cavid yenidən Azərbaycanı tərk etmək fikrinə düşüb. 3 gün evlərinə zəng etdim, zəng çatmadı. Yanvarın 30-da işə getmişdim, orada eşitdim ki, oğlum belə bir hərəkət edib. Məktəbin müəllimləri də bundan xəbər tutdu. Çox xəcalət çəkdim. Axı mən belə övlad böyütməmişəm ki, düşmən qapısına qaçsın”.

Cavid Orucovun ikinci həyat yoldaşı milliyətcə ermənidir, anası oğlunun bu səbəbdən Ermənistana keçdiyini ehtimal edir. Ermənistan mətbuatının yaydığı məlumata əsasən, guya Cavid Orucov həyat yoldaşının erməni milliyyəti ilə qarışığı olması səbəbindən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən incidilib və müəyyən maraqlar üçün istifadəyə məcbur edilib. Rəsmi statistikaya görə isə bu gün Azərbaycanda 30 minədək erməni əsilli vətəndaş yaşayır. Lakin onların milli mənsubiyyətlərinə görə incidilməsi və ya nəyəsə məcbur edilməsi ilə bağlı bu günədək hər hansı fakt yoxdur.

Mirvari Orucova deyir ki, gəlininin nə milliyyəti, nə başqa xüsusiyyəti onu maraqlandırmayıb: “Sadəcə, insan kimi yaxşı insan olub. Onun atası Şuşalıdır. Anasının bir tərəfi polyak yəhudisi, bir tərəfi ermənidir. Amma nə mən, nə qohumlar heç kim onu erməni adı ilə tanımayıb və incitməyib”.

Oğlunu tüfeyli həyat tərzinə meylli şəxs kimi xarakterizə edən Mirvari Orucova onun ailəsi ilə birgə düşmən ölkəsinə keçməsini qəti şəkildə pisləyib, bir daha onu asan yolla gəlir əldə etməyə meylli şəxs kimi xarakterizə edib. Ana övladının bu addımı atmasında kənar təsirlərin olmasını da istisna etməyib: “Çətinlik ola bilər. insan haradasa çətinlik çəkə bilər. Ancaq bu, onu məcbur etmir ki, ən alçaq yola əl atsın. Mən onu dəstəkləmirəm, çəkdiyim əziyyəti halal etmirəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm